Odlar yurdu” və “Qarabağüçün sənət dərsi

 

   Bu günlərdə Moskvada Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri keçirilib.

   Onejski” mədəniyyət evində baş tutan məşğələnin təşəbbüsçüsü Moskvadakı “Odlar yurdu” Azərbaycan rəqs ansamblının rəhbəri Yelena Afanasyevadır. Bakı Xoreoqrafiya Akademiyasının xalq-səhnə rəqsləri üzrə müəllim-xoreoqrafı Kamilla Əliyeva onun dəvətilə MoskvadaOdlar yurdu” və “Qarabağuşaq rəqs ansamblları üçün ustad dərsi verib.

   Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin saytının yazdığına görə, məşğələ zamanı Kamilla Əliyeva qızlara gövdə, qollar, çiyin, baş, üz mimikası, hərəkətlərin yumşaqlığı və zərifliyi, oğlanlara qamət, çevik və məğrur hərəkət etmə texnikalarını göstərərək izah edib, rəqs cizgilərinə, milli rəqsin ifa mədəniyyəti və tərzinə dair tövsiyələr verib. Ustad dərsinin iştirakçıları deyiblər ki, Kamilla Əliyevadan öyrəndikləri rəqs elementləri və rəqs barədə eşitdikləri onlara çox faydalı olacaq.

   Mərkəzin sədri Azər Səfərov söyləyib ki, ustad dərsləri xoreoqrafiya texnikasını təkmilləşdirməyə, Azərbaycan rəqslərinin nəzəriyyəsi və praktikası ilə daha dərindən tanış olmağa imkan verir.

   Kamilla Əliyeva bildirib ki, Bakı Xoreoqrafiya Akademiyasında peşəkar baletxalq rəqsi ifaçılarının yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Hazırda Moskva Dövlət Mədəniyyət Universiteti Xoreoqrafiya fakültəsinin magistr pilləsində qiyabi təhsil aldığı üçün ildə iki dəfə sessiyada iştirak etmək məqsədilə Moskvaya gələn azərbaycanlı pedaqoq-xoreoqraf həmkarı Yelena Afanasyeva ilə dostluğundan da danışıb. Qeyd edib ki, Azərbaycan milli rəqsləri üzrə ustad dərsi ideyası Y.Afanasyevaya məxsusdur.

   Yelena Afanasyeva da öz növbəsində söyləyib: “İlk ustad dərsində iki rəqs ansamblının - “Qarabağ” və mənim rəhbərlik etdiyimOdlar yurdu” ansamblının üzvləri iştirak etdilər. Belə ustad dərslərinin sayını artırmaq niyyətindəyik. Azərbaycan rəqslərini tədris etmək istəyən məktəb və kolleclərə də dəvət göndərəcəyik. Belə ustad dərsində iştirak etmək istəyən pedaqoqları şəxsən tanıyıram. Buna görə də dəvətlilərin çevrəsini genişləndirəcəyik ki, öz rəqs biliklərini təkmilləşdirmək istəyənlərin hamısını əhatə edə bilək”.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.9.