Unudulmayan on gün

 

   Moskvada ilk Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının 80 illiyi münasibətilə

  

   Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoyduğu kimi bu məktəbin yetirmələrinin tanınmasında da böyük rol oynamışdır. Belə ki, gənclərin yaradıcılığının respublika daxilində, eləcə də xaricdə təbliği məhz bu böyük ustadın adı ilə bağlıdır.

   1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünü xatırlayaq. Bu sənət bayramında Azərbaycanın 700-ə qədər mədəniyyət və incəsənət xadimi öz əsərlərini və ifalarını o zamankı ittifaq paytaxtının tamaşaçılarına təqdim etmişlər. Həmyerlilərimiz geniş tamaşaçı auditoriyası qarşısında bir növ hesabat vermişlər. Həmin əlamətdar hadisədən 80 il keçir. Moskvadakı dekada günlərinin Azərbaycanda təşkilatçısı, bədii rəhbəri Üzeyir Hacıbəyli olmuşdur. O, mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədri idi. Bununla bağlı bütün məsələlərə, o cümlədən rəqqaslar, rəqqasələr, artistlər üçün tikilən milli paltarların forma, biçim, naxış və bəzəyinə də çox diqqət yetirirdi. O, Azərbaycan milli geyimlərinin gözəlliyinin Moskva tamaşaçılarına daha yaxşı təqdim olunmasına çalışırdı.

   Ongünlükdə Azərbaycanın ən istedadlı solistləri və ifaçı kollektivləri - Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Cabbar Qaryağdıoğlu, Qara Qarayev, Niyazi, Hacı Xanməmmədov, Mirzə İbrahimov, Qurban Pirimov, İsmayıl Hidayətzadə, Əşrəf Həsənov, Ağabacı Rzayeva, Qəmər Almaszadə, Hüseynağa Hacıbababəyov, Gülağa Məmmədov və başqaları, eləcə də Səid Rüstəmovun rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Dövlət xoru, Şəki şəhərində yaradılmış nəfəsli alətlər ansamblı, aşıqlar, görkəmli rəqs ustası Qəmər Almaszadənin rəhbərliyi ilə Milli rəqs ansamblı çıxış edirdilər.

   1938-ci il aprelin 5-i on gün davam edən, əks-sədası isə illərlə yaddaşlardan silinməyən musiqi bayramının başlanğıcı oldu.

   Azərbaycan nümayəndələrini Kursk vağzalında Moskva teatrlarının artistləri, ictimai təşkilatların nümayəndələri böyük hərarətlə, gül-çiçək dəstələri ilə qarşıladılar. O dövrdə paytaxt mətbuatında - «Pravda», «Komsomolskaya pravda», «Sovetskoye iskusstvo», başqa qəzet və jurnallarda bu dekadaya hazırlıq işlərinə həsr edilmiş xüsusi yazılar dərc olunurdu.

   Məsələn, Moskvanın «Muzqiz» nəşriyyatı iki toplusunda «Koroğlu» operasından parçalar - iki aşıq mahnısı, Nigarın ariyası, «Leyli və Məcnun» operasından iki xor, «Arşın mal alan» operettasından fraqmentlər dərc etmişdi.

   SSRİ Xalq artisti, Böyük Teatrın bədii rəhbəri Samuil Samosud bu ongünlük haqqında belə yazırdı: «Azərbaycan incəsənəti nümayəndələrinin Moskvaya gəlişi sovet incəsənətinin həyatında böyük hadisə və ümumxalq bayramıdır». O, Azərbaycan musiqisinə layiqincə qiymət verərək deyirdi: «Azərbaycan xalq mahnı və rəqsləri bəstəkarlar və baletmeysterlər üçün tükənməz mənbədir».

   Aprelin 9-da Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası Moskvada nümayiş olundu. Əvvəlindən sonuna qədər hədsiz incə lirizmlə zəngin operettanın professionallıqla ifa olunan ariyaları, ariozaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Moskvalılar Müslüm Maqomayevin «Nərgiz», Reynqold Qliyerin «Şahsənəm» operasını da böyük hərarətlə alqışladılar. Əlbəttə ki, ən böyük uğuru «Koroğlu» operası qazandı. Gözəl səsinə görə Bülbül adını qazanmış, Koroğlu rolunun mahir ifaçısı Murtuza Məmmədovun ifa etdiyi «Koroğlunun ariyası» isə paytaxt tamaşaçılarının böyük rəğbətinə səbəb oldu.

   Möhtəşəm incəsənət bayramının yekun nömrəsi isə Azərbaycanın gənc bəstəkarı Qara Qarayevin gənc şair Rəsul Rzanın sözlərinə yazdığı «Könül nəğməsi» adlı kantatası oldu. Məhz bu kantatadan sonra həmin dövrdə 20 yaşlı Qara Qarayevin adı bütün ittifaqda məşhurlaşdı.

   Aprelin 17-də Üzeyir Hacıbəyliyə SSRİ Xalq artisti fəxri adı verildi. Bəstəkara bu mükafatı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin şəxsən təqdim etdi. Uğurla başa çatan ongünlükdən sonra Bülbül, R.Qliyer, ilk qadın vokal ifaçımız Şövkət Məmmədova da SSRİ Xalq artisti adına layiq görüldülər. Bu möhtəşəm dekada günlərində Azərbaycan xalqının şanlı oğlu Üzeyir Hacıbəyli həmçinin, “Lenin” ordeni ilə təltif edildi.

   Dekada günlərinin birində İ.V.Stalin Azərbaycanın rəhbəri M.Bağırovla görüşdə «Koroğlu» operası haqqında yüksək fikirlərini bu operaya yenidən baxmaq arzusunu bildirmişdi. Ölkə rəhbərinin bu arzusunu nəzərə alaraq həmin günlərdə azərbaycanlı artistlər «Koroğlu» operasını üç dəfə paytaxt səhnəsində nümayiş etdirdilər. Böyük uğurla başa çatan bu tamaşaları dövlət rəhbəri Stalin ayaq üstə alqışlayırdı. Bütün bunlar Azərbaycan incəsənətinə, mədəniyyətinə, folkloruna, ədəbiyyatına bunların fövqündə dayanan Üzeyir bəyə verilən böyük qiymət idi.

   Moskva dekadası haqqında dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti Əşrəf Həsənovun xatirələrində oxuyuruq: «1938-ci ildə keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyünə hazırlıqla əlaqədar Üzeyir Hacıbəyov, o zaman İncəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, - «Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən «Koroğlu» operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram». Mən Bakıya gəldim böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu».

   Paytaxt tamaşaçılarının yaddaşından uzun zaman silinməyən bu dekada günləri istedadlı rus rəssamı, professor Mixail Aleksiçin çəkdiyi dostluq şarjında da təcəssüm olundu. İlya Repinin «Burlaklar Volqada» əsərinə nəzirə olaraq çəkilmiş bu rəsmdə M.Aleksiç arxa fonda Moskvanın məşhur Böyük Teatrını təsvir etmişdir. Binanın üstündə teatrın bədii rəhbəri baş dirijoru Samosud əyləşmişdir, qarşıda isə sovetlər dövrünün ən məşhur bəstəkarları - Qliyer, Şaporin, Muradeli, Prokofyev, Dzerjinski b. təsvir olunmuşlar. Professor Aleksiç bu pleyadanın ən önündə dahi Üzeyir Hacıbəylini təsvir etmişdir. Bununla rus rəssamı da dövrünün ən öndə gedən bəstəkarının Üzeyir Hacıbəyli olduğunu etiraf etmişdir.

  

   Gülnarə Ələsgərova

   Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.10.