Cümhuriyyət aşiqi Molla Cümə
Xalqımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevinc hissi ilə qarşılamışdı. Ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərən insanlar, o cümlədən şair və yazıçılar, aşıqlar istiqlalımızı bədii əsərlərində vəsf edirdilər. Cümhuriyyət sevdalı belə simalardan biri də aşıq Molla Cümədir.
Görkəmli el sənətkarının 1854-cü ildə Şəkinin Göynük mahalında anadan olduğu təxmin edilir. Təxəllüsü “Molla” olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün xalq tərəfindən verilib. Sənətkarın həyatı haqqında daha çox onun şeirlərindən və dastan-rəvayətlərdən məlumat almaq mümkündür. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb və yazıya köçürərək oğlu Həsənə verib.
AMEA-nın Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, Şəki folklor mühitinin araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanovanın sözlərinə görə, Molla Cümə geniş dünyagörüşlü şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini mükəmməl bilib, kiçik yaşlarından şeriyyətə maraq göstərib. Coşqun təbi onu oxumağa, aşıqlıq etməyə sövq edib. El şənliklərində şeirlərinin oxunması, özünün aşıq kimi dinlənilməsi xalqın ona olan rəğbətinin təzahürüdür.
Molla Cümə incə zövqlü, nadir təbli lirik şair olub, söz seçməyi, incələyib sədəf kimi düzməyi çox gözəl bacarıb. Gənclik çağlarında eşqə düşən aşıq varlı bir ailədən qız istəyir. Lakin bu istəyinə qovuşa bilmir. Nakam məhəbbətini ömrünün sonuna kimi unutmur. “İsmi Pünhan” adı ilə qovuşa bilmədiyi xanımı usanmadan vəsf edir, tərifini ellərə yayır:
İsmi Pünhan, niyə məndən küsübsən?
Yaxşı, yaman ya bir
olar, ya iki.
Bu gün ölsəm, hamı deyər yazıqdır,
Canı yanan ya bir olar, ya
iki.
Mənbələrdə onun həyatının
acı sonluqla bitdiyi qeyd olunur.
Molla Cümə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından,
xalqımızın istiqlalının
həqiqi aşiqlərindən
olub. Araşdırmalarda o da göstərilir
ki, həmin dövrdə Qarabağda, Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə
divan tutarkən digər
bölgələrdə olduğu
kimi, Şəkidə
də milli orduya kömək məqsədilə könüllü
dəstələr yaradılır.
Həmin
dəstələrdən birini
aşıq Molla Cümə və onun əmisi oğlanları təşkil
edir. Bakını
erməni-bolşevik silahlı
birləşmələrindən azad etməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 25 may 1918-ci ildə
təntənə ilə
Gəncəyə daxil
olarkən Gəncə
camaatı türk ordusunu qarşılamaq üçün şəhər
meydanına toplanır.
Nuru paşa ilə görüşmək üçün
Molla Cümə və əmisi oğlanları da Gəncəyə gəlirlər.
Deyilənə görə, görkəmli
aşıq və onunla Gəncəyə gələn bir qrup şəkili Nuru paşa ilə görüşür.
1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən
sonra bolşeviklərin
həyata keçirdiyi
repressiyada Molla Cümənin bütün
qohumları həbs olunur. Bu haqsızlıq
şairə pis təsir edir. O, ömrünün ixtiyar çağında mənən
sarsılır. 14 may 1920-ci ildə XI Qızıl ordunun əsgərləri tərəfindən qətlə
yetirilir.
Sənətkarın ölümü ilə
bağlı müxtəlif
mülahizələr mövcuddur.
Tədqiqatçı Ləman Süleymanova
yazır ki, günlərin birində Molla Cümə çiynində saz kənddən çıxıb
hara isə gedirmiş. Kəndin kənarında XI Qızıl ordunun erməni əsgərlərindən
biri onun yolunu kəsir və sonra güllələyir.
Səsə camaat yığılıb
gəlir. Əsgərdən soruşurlar ki, bu ixtiyar qocanın
günahı nə idi? Nə üçün onu öldürdün?
O isə cavabında deyir ki, elə
bildik çiynindəki
tüfəngdir.
Molla Cümənin yaradıcılığı
haqqında bir sıra araşdırmalar aparılıb. Onun şeirlərinin
bir hissəsini 1930-cu illərdə tədqiqatçı
Hümmət Əlizadə
toplayaraq “Aşıqlar”
kitabında nəşr
etdirib. Sonralar aşığın üç kitabı işıq üzü görüb. Son nəşrdə əksər
şeirləri toplanıb.
Molla Cümənin adı
ilə bağlı bir neçə saz havası da məlumdur. “Molla Cümə gözəlləməsi”, “Molla
Cümə gəraylısı”,
“Şəki dübeyti”,
“Molla Cümə müxəmməsi” və
s. saz havaları aşıqların repertuarında
geniş yer tutur.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 27 aprel.- S.11.