“İmperiyanın son yazarı”

 

   Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş kitabın təqdimatı

  

   Çingiz Aytmatov sadəcə qırğız xalqının deyil, bütün türk dünyasının böyük oğlu, bəşər tarixinin ən dahi yazıçılarından biridir. Elə bu səbəbdəndir ki, onun yubileyi UNESCO çərçivəsində bütün dünyada qeyd olunur.

   Bu fikirlər Qazaxıstanın Milli Akademik Kitabxanasında Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “İmperiyanın son yazarı” kitabının təqdimat mərasimində səsləndirilib.

   Tədbirin təşkilatçısı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, böyük ədibin yubileyi ilə bağlı tədbirlər silsiləsinin birincisi Astanada keçirilir. Növbəti tədbirlərin Parisdə UNESCO-nun baş qərargahında, Azərbaycanda və digər ölkələrdə keçirilməsi nəzərdə tutulub.

   Diqqətə çatdırılıb ki, kitabın müəllifi Qırğızıstanın tanınmış dövlət və ictimai xadimi, professor Osmonakun İbraimovdur.

   Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər ölkələrdən ziyalıların qatıldığı tədbirdə vurğulanıb ki, sağlığında ən yüksək fəxri adlarmükafatlara layiq görülən Çingiz Aytmatov keçmiş SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçılarından olub. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük məhəbbətlə oxunub, 80-dən çox dilə tərcümə edilib. Çingiz Aytmatov zamaninsan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub.

   Qeyd edək ki, dünya şöhrətli qırğız yazıçısının əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunub, aliorta təhsil müəssisələrinin tədris proqramına salınıb. Ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib və iki böyük şəxsiyyəti dostluq telləri bağlayıb. Prezident İlham Əliyev Azərbaycan və qırğız xalqları arasında münasibətlərin möhkəmlənməsində xidmətlərinə görə yazıçını "Dostluq" ordeni ilə təltif edib.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.15.