Azərbaycan kinosunun 120 yaşı
tamam olur
Kinoxronika və lentlərin
yaddaşından səhifələr
Avqustun 2-də ölkəmizdə
kino sahəsində çalışanlar peşə
bayramını qeyd edəcək. Builki bayram bir özəlliyi ilə də seçilir. Çünki bu il Azərbaycanda
kinonun yaranmasının
120 ili tamam olur. 1898-ci ilin
2 avqustunda Bakıda çəkilmiş kinosüjetlərin
ilk nümayişi keçirilib.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli
sərəncamı ilə
2 avqust kino işçilərinin peşə
bayramı – Azərbaycan
Kinosu Günü elan edilib.
120 il öncə
başlanan kino salnaməmizin bəzi əlamətdar tarixlərini
yada salaq.
* * *
Ötən əsrin birinci onilliyi ölkəmizdə
kinematoqrafiya əsasən
Bakı neft mədənlərindən, şəhər
həyatından bəhs
edən süjet və xronikaların çəkilişi və
nümayişi ilə
yadda qalıb. 1915-ci ildə Pirone qardaşları Bakıda
“Filma” Səhmdar Cəmiyyətini yaradıblar
və 1916-cı ildə
yazıçı İbrahim
bəy Musabəyovun povesti əsasında “Neft və milyonlar
səltənətində” adlı
ilk tammetrajlı bədii
film çəkilib.
1918-ci ilin 28 mayında
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra hökumət bir çox mədəni-siyasi
islahatlar keçirib. Xarici əlaqələr
dünya kinosunun ilk nümunələrinin Bakıya
gətirilməsinə və
ictimai baxışlara
təkan verib. Bakıda kinematoqrafiya həvəskarlarının
sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
1919-cu il mayın 28-də Cümhuriyyətin
yaranmasının ildönümünə
həsr olunan xronikal film çəkilib.
Təəssüf ki, həmin
film bizim günlərə
çatmayıb. 1920-ci
ilin 28 aprelində Azərbaycanın bolşevik
ordusu tərəfindən
işğalından və
milli hökumətin süqutundan sonra iyulun 4-də Müvəqqəti
İnqilab Komitəsinin
sədri N.Nərimanov
kinematoqrafiya idarələrinin
milliləşdirilməsi haqqında
dekret imzalayıb.
1923-cü ildə Azərbaycanda
kinostudiya yaradılıb. 1925-ci ildən isə əsas istehsalat sahəsi olan kinofabrik istifadəyə verilib və müxtəlif adlar altında fəaliyyət göstərib. 1961-ci ildən
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
adlanır.
* * *
1920-ci illərdə səssiz
filmlərimiz çəkilib. Abbas Mirzə
Şərifzadənin 1926-cı ildə çəkdiyi “Bismillah” filmi Azərbaycan kinematoqrafiyasının
ilk müstəqil ekran
əsəridir. 1936-cı
ildə Azərbaycanda
ilk səsli film – “Azərfilm”lə
“Mejrabpomfilm”in müştərək
istehsalı olan “Mavi dənizin sahilində” komediyası çəkilib.
İkinci Dünya müharibəsi illərində bədii
film istehsalı zəifləsə
də, azərbaycanlı
kinooperatorlar daim cəbhənin ön xəttində olublar. 1945-ci ildə
rejissor Rza Təhmasib həmkarı Nikolay Leşşenko ilə “Arşın mal alan” (Üzeyir
Hacıbəylinin eyniadlı
operettası əsasında)
filmini çəkib. Bu, milli kino tarixində həm ölkə daxilində, həm də ondan kənarda ən çox baxılan Azərbaycan filmidir.
1950-ci illərin əvvəllərində
rəngli filmlərimiz
istehsal edilib. 1963-cü il yanvarın 11-də
Azərbaycan kinematoqrafiya
işçilərinin I qurultayı
keçirilib. Sonrakı illər
Azərbaycan kinosunun tarixində zəngin səhifələr dövrü
olub, xüsusilə
70-ci illərdə ulu
öndər Heydər
Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan ekran əsərləri
ərsəyə gəlib.
Bu dövr həm
də Azərbaycan kinosunda ilk film-operanın yaranması ilə yadda qalıb. 1970-ci ildə rejissor
Vladimir Qorriker Cəfər
Cabbarlının eyniadlı
pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında “Sevil” film-operasını çəkib.
* * *
80-ci illərin sonu
və müstəqilliyimizin
ilk illəri respublika həyatının, eləcə
də mədəniyyətin
digər sahələrində
olduğu kimi, kino sənətində də çətin dövr oldu. Amma sənətə
sadiq insanlar bütün çətinliklərə
rəğmən bu mühiti tərk etmədilər.
Ulu öndər
Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə mədəniyyətə,
həmçinin kinoya
diqqət artdı, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa olundu. Sonrakı illərdə dövlətin
dəstəyi ilə kinematoqrafiya dirçəlməyə
başladı. 1996-cı
ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Hazırda fondda
10 mindən artıq milli və xarici
film saxlanılır.
Prezident
İlham Əliyevin
2008-ci il 4 avqust tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafı üçün
yeni zəmin yaratdı. Mədəniyyət Nazirliyi tərəfindən
Dövlət Proqramının
icrası ilə bağlı müvafiq işlər həyata keçirilir. Ötən dövrdə
dövlət büdcəsindən
ayrılmış vəsait
hesabına 40-dan çox
tammetrajlı bədii,
50-dən çox qısametrajlı
bədii, 200-dək sənədli,
habelə 20-dək cizgi
filmi çəkilib.
O cümlədən dövlət
sifarişi ilə Qarabağ mövzusunda 9 bədii film lentə alınıb, “Azərbaycanın
Milli Qəhrəmanları”
silsiləsindən 70-dən çox sənədli film
ərsəyə gətirilib.
Filmlərimiz 150-dən çox beynəlxalq festivalda iştirak edib.
Ölkə başçısı 31 yanvar 2018-ci il
tarixində Azərbaycan
kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, neft Bakısına
dair ilk xronikal süjetlərin nümayişi
ilə başlayan Azərbaycan kino sənəti təşəkkül
tapdığı vaxtdan
etibarən böyük
inkişaf yolu keçib və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında
özünəməxsus mövqe
qazanıb. Kino yaradıcılığı işinin
uğurlu təşkili
sayəsində ölkə
kinematoqrafiyası Azərbaycanın
zəngin mədəniyyət
salnaməsinə parlaq
səhifələr yazıb.
Vurğulanır ki, milli kinematoqrafiyanın yeni şəraitdə ənənələrini
qorumaqla yanaşı,
modernləşdirilməsi və
dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli
fəaliyyət göstərə
bilməsi istiqamətində
bir sıra zəruri addımlar atılıb. Azərbaycan filmlərinin
son illər beynəlxalq
festivallarda fəal iştirakı müvafiq Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin
icrasının nəticəsidir.
* * *
Kino işçilərinin peşə bayramı ötən dövrə nəzər salmaq üçün daha bir fürsətdir.
Budəfəki bayram da rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli filmin nümayişi ilə yadda qalacaq.
Peşə bayramı həm də mükafat və təltiflər deməkdir. Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı ənənəvi
olaraq bu ərəfədə bir qrup veteran kino xadimini pul mükafatları
ilə təltif edib. 2018-ci ilin “Milli kino mükafatı”na isə tanınmış kinorejissor,
ssenarist, Xalq artisti, 75 illik yubileyini qeyd edən Oqtay Mirqasımov layiq görülüb.
Kino sahəsində çalışan
bütün peşəkarları
bəri başdan bayram münasibətilə
təbrik edirik.
LALƏ
Mədəniyyət.- 2018.- 1
avqust.- S. 6.