“Bölgələrdən
bölgələrə” – Oğuz və
İsmayıllı festivalı qəbul etdi
Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi olan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
İyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) başlanan festival artıq 15 regional idarədən 12-də gerçəkləşib.
Festival iyunun 26-da Lənkəranda (26 iyun), iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul), daha sonra iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də isə Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi) davam etmişdi.
İyulun 27-də festivalın növbəti tədbiri Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), ertəsi gün isə İsmayıllıda gerçəkləşib.
* * *
Oğuz şəhərindəki Mədəniyyət və istirahət parkında keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.
Parkın ərazisində Mədəniyyət Nazirliyinin regional idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.
Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Masallıdan başladığımız festival bir aydan çoxdur ki, davam edir. Çox möhtəşəm bir tədbirdir. Festivalın ən böyük əhəmiyyəti odur ki, bu tədbir vasitəsilə biz bir daha xalqımızın malik olduğu zəngin mədəni irsi, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi təqdim və təbliğ edirik. Regional idarənin təşkil etdiyi bugünkü sərgidə Lahıc misgərlik sənəti nümunələri, xalçaçılıq, papaqçılıq və digər sənət növlərini yaşadan sənətkarların əl işləri nümayiş olunur. Şirvan folklor kollektivinin, aşıqlarımızın çıxışları da festival iştirakçılarının ürəyincə oldu”.
Lənkəran Dövlət Rəsm Qalereyasının direktoru Məmmədsadıq Axundov təəssüratlarını belə ifadə edib: “Bölgələrimizin təqdim etdikləri sərgilərə baxdıqca insanlarda sənətə olan məhəbbət artır. Onlar böyük həvəslə bu sənət nümunələrinə tamaşa edirlər. Təqdim etdiyimiz sərgidə cənub bölgəsinə məxsus olan sənət nümunələri ilə yanaşı, Mahir Həsənovun kibrit çöplərindən hazırladığı məşhur “Eyfel” qülləsinin maketi də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb”.
Şəkinin tanınmış təkəlduz ustası Vəfa Mustafayeva da festivala əliboş gəlməyib. Onun əl işləri, xüsusilə də təkəlduz sənətinə gətirdiyi yeni üslub – kukla sənəti ilə bədii tikmənin sintezi tamaşaçıların böyük marağına səbəb olub. O deyib: “Adətən sənətsevərlər incəsənət əsərlərini seyr etmək üçün sərgi salonlarına, muzeylərə gedirlər. Onların çoxunun bəzən buna imkanı olmur. “Bölgələrdən bölgələrə” festivalının ən böyük özəlliyi odur ki, bu dəfə biz öz əl işlərimizlə sənətsevərlərin görüşünə gedirik. Bugünkü sərgidə insanlar təkəlduz işləri ilə, xüsusilə kukladan hazırladığım əsərlərlə çox maraqlanırlar. Hətta məndən soruşurlar ki, nəyə görə kuklaların sırf şəkililərə məxsus cizgiləri var. Deyirəm ki, əlbəttə, elə də olmalıdır. Axı mən şəkiliyəm”.
* * *
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının iyulun 28-də İsmayıllı şəhərindəki “Qala” şadlıq sarayının qarşısında, Uşaq əyləncə istirahət mərkəzində keçirilən tədbiri hər kəsə xoş ovqat bəxş edib.
Festivalın təşkilat komitəsinin üzvü, ictimaiyyətlə əlaqələr üzrə koordinator Rövşən Nəcəfov tədbirin yay mövsümündə keçirilməsinin yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn qonaqlara da Azərbaycanın zəngin və rəngarəng mədəni həyatı ilə tanış olmaq imkanı yaratdığını bildirib.
Əvvəlcə iştirakçılar bayramsayağı bəzədilən məkanda Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən təşkil olunan sərgilərlə tanış olublar.
Yaradıcılıq festivalının ikinci hissəsi olan qala-konsertdə regional idarələrin folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları böyük maraqla qarşılanıb.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə nümayəndəliyinin solisti Xəqani Şahbazovun ifasında səslənən “Qarabağ şikəstəsi”, İsmayıllı Mədəniyyət mərkəzinin “Lahıc”, rayonun İvanovka kəndinin “Slavyanoçka” folklor qruplarının çıxışları, “Muğam” televiziya müsabiqəsinin laureatı Elgiz Əliyevin ifa etdiyi “Mənim Azərbaycanım” mahnısı və başqa çıxışlar alqış doğurub.
İsmayıllıdan olan ziyalı Şahməmməd Soltanov təəssüratını belə ifadə edib: “Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival respublikamızın ayrı-ayrı rayonlarında istedadların tanıdılması, bu rayonların mədəni potensialının nümayişi baxımından çox əhəmiyyətlidir”.
Dövlət qulluğu veteranı Valeh Salehov da festivalın önəmini vurğulayıb: “Ayrı-ayrı bölgələri təmsil edən sərgilərdə nümayiş olunan xalq sənəti nümunələri, əl işləri məndə iftixar hissi doğurur. Xalqımız zəhmətinə güvənən istedadlı xalqdır. Tariximizin, mədəni irsimizin təbliğinə, nümayişinə imkan verən bu cür təşəbbüslər təqdirəlayiqdir”.
* * *
Qeyd edək ki,
“Bölgələrdən bölgələrə” layihəsi bundan sonra daha
üç ünvanda
keçiriləcək. Festivalı Mədəniyyət Nazirliyinin Xaçmaz, Gəncə
və Sumqayıt regional idarələri qəbul
edəcək.
Mədəniyyət.- 2018.- 1 avqust.-
S. 7.