Memarlıqda yeni yanaşma və
ideyaların nümayişi
Gənc memar və tələbələrin
müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Gənc memarlar və tələbələr klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilən gənc memarların və tələbələrin işlərindən ibarət V Respublika memarlıq müsabiqəsinə yekun vurulub. Paytaxtdakı “Qız qalası” qalereyasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib.
29 yaşadək gənc memar və tələbələrin iştirak etdiyi müsabiqədə bütün konseptlər, ideya və layihələr – kurs, diplom, fərdi və digər işlər nümayiş olunub.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə mərasimdə çıxış edərək bildirib ki, müsabiqənin məqsədi gənc memarların həvəsləndirilməsi, gələcək beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, memarlığa müasir yanaşma, yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.
E.Qasımzadə vurğulayıb ki, ölkəmizin sənət tarixi, o cümlədən memarlıq sənəti gənclərlə bağlıdır. Azərbaycan memarlıq sənəti hələ orta əsrlərdən məşhurdur və bu sənəti yaşatmaq məhz gənclərin öhdəsinə düşür.
Memarlar İttifaqının rəhbəri nəzərə çatdırıb ki, müsabiqənin münsiflər heyəti ötən illərdən fərqli olaraq bu il gənclərdən təşkil edilib.
Azərbaycan Memarlar İttifaqının gənclər üzrə katibi, münsiflər heyətinin sədri Rüfət Ağazadə müsabiqə ilə bağlı məlumat verib.
Qeyd olunub ki, müsabiqəyə ümumilikdə 47 iş təqdim olunub. Münsiflər heyətinin qərarı ilə Elmar Qurbanov “Casablanca” layihəsinə görə 1-ci, Əminə Talıblı “Tornado Tower” yüksək mərtəbəli ofis binasının layihəsinə görə 2-ci, Təhminə Əzimzadə “Cərəyan” innovativ biznes mərkəzi layihəsinə görə 3-cü yerə layiq görülüb.
Müsabiqədə fərqlənən işlər Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri diplomları və müxtəlif mükafatları ilə təltif ediliblər. Bundan başqa, ayrı-ayrı memarlıq şirkətləri və respublikanın aparıcı memarları tərəfindən gənc memarlara həvəsləndirici mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqədə fərqlənən gənclərin bir neçəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyevin tələbələridir. O, müsabiqənin əhəmiyyətini vurğulayaraq qalib layihələrin xüsusiyyətlərini diqqətə çatdırıb: “Tələbələrimdən biri “Tornado Tower” layihəsinə görə 2-ci yeri tutub. Bu, çoxmərtəbəli, qasırğa formasında ofis binasıdır. “Cərəyan” adlanan ofis və biznes mərkəzi layihəsi müsabiqədə 3-cü yerə çıxıb. Bu isə innovativ layihədir. Bir tələbəmin işi isə Şəhərsalma və Arxitektura Komitəsinin mükafatını alıb. “Qoruyucu mələklər” adlanan layihə yaradıcılıq mərkəzi olmaqla xüsusi istedadı olan fiziki məhdudiyyətli uşaqlar üçündür”.
Memar bildirib
ki, layihələrlə bağlı
hansısa bir təşkilat maraq göstərərsə, bunu
həyata keçirməkdə heç bir problem yoxdur:
“Müsabiqələrin keçirilməsində əsas məqsədlərdən
biri də maraqlı təşkilatları
bu işə cəlb etməkdir. Mədəniyyət
Nazirliyi, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi və digər
qurumların nümayəndələri komissiyanın işində
yaxından iştirak edərək öz seçimlərini ediblər”.
Mədəniyyət.- 2018.- 3
avqust.- S. 4.