Xalçalarla bağlı rəsm müsabiqəsinə yekun vurulub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına rayon Mərkəzi kitabxanasının təşəbbüsü ilə uşaqlar arasında keçirilən “Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Müsabiqə ilə bağlı kitabxana əməkdaşları tərəfindən azyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya keçirilib. Onlar müxtəlif xalça nümunələri ilə tanış olublar.

Muzeydə böyük şair, maarifpərvər Mirzə Şəfi Vazehin vətəni olan Gəncə xalça məktəbi haqqında uşaqlara maraqlı və geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məktəbə aid edilən “Gəncə”, “Köhnə Gəncə”, “Gədəbəy”, “Çıraqlı”, “Samux”, “Çaylı”, “Şadılı”, “Faxralı” kompozisiyalı xalçalar digər xalçalardan ənənəvi motivlərin özünəməxsus işlənməsi ilə seçilir.

Balaca oxucular bəyəndikləri xalçaların rəsmlərini çəkərək kitabxanaya təqdim ediblər. Rəsmlərə baxış keçirildikdən sonra 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunub, daha üç nəfər həvəsləndirici mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2018.- 3 avqust.- S. 7.