Dağlar qoynunda
növbəti sənət büsatı
X Qəbələ
Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert
proqramları ilə davam edir
Xəbər verdiyimiz kimi, iyulun 30-da Qəbələ şəhərində ənənəvi musiqi festivalı başlayıb. 2009-cu ildə təməli qoyulan sənət bayramı bu il 10-cu dəfə keçirilir.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə gerçəkləşən festival müxtəlif ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib.
Festivalın
ilk günü iki konsert proqramı təqdim olunmuşdu. “Gənclərə
dəstək” layihəsi çərçivəsində
reallaşan birinci konsertdə Azərbaycanın istedadlı gənc
musiqiçiləri gənc bəstəkarların kamera əsərlərini
səsləndirmiş, ikinci konsertdə Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Tələbə
simfonik orkestri çıxış etmişdi.
* * *
İyulun
31-də X Qəbələ Beynəlxalq Musiqi
Festivalının təntənəli açılış mərasimi
olub.
Qəbələ
şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin
qarşısında quraşdırılan açıq səhnədə
keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin
inkişafında və təbliğində müstəsna xidmətləri
olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın festival
iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda
vurğulanır ki, Azərbaycanın bu gözəl guşəsindəki
görüşlərimiz artıq xoş bir ənənəyə
çevrilib: “Biz sizinlə ilk dəfə 2009-cu ildə Qəbələ
birinci beynəlxalq klassik musiqi festivalında
görüşmüşük. Bu gün isə mühüm
bir yubileyi qeyd edirik. Qəbələ artıq onuncu ildir ki,
parlaq musiqi bayramının iştirakçılarını və
qonaqlarını qəbul edir.
Çox
zəngin mədəni irsi və musiqi ənənələri
olan Azərbaycanda bu festivalın rəğbət və dəstək
qazanması təqdirəlayiqdir. Xalqımız musiqi
dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət
Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid
Behbudov kimi korifeyləri bəxş edib. Muğam, aşıq
sənəti, xalq mahnıları və rəqsləri əsrlərin
dərinliklərindən müasir dövrümüzə qədər
bizə gəlib çatıb”.
Musiqi bayramı mədəniyyətlərarası
dialoqa töhfədir
Diqqətə
çatdırılır ki, Azərbaycanda klassik musiqi sənəti
hər zaman yüksək qiymətləndirilib. “Şərq və
müsəlman aləmində ilk opera məhz Azərbaycanda
yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil
ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı”
adını qazanıb. Azərbaycanda mütəmadi olaraq
müxtəlif növ və janrlar üzrə çoxsaylı
musiqi festivalları təşkil edilir: “Qəbələ
festivalı onların arasında xüsusi yer tutur. Bu festival
paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl
guşələrindən birində, əsrlər öncə
Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə
keçirilir. Festivalın keçirilməsi üçün
seçilmiş bu məkan Azərbaycanın qədim tarixini və
xalqımızın zəngin mədəni irsini, habelə
ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının
bugünkü nailiyyətlərini özündə əks
etdirir”.
Qeyd olunur
ki, Qəbələ festivalı Azərbaycanın və
bütün Cənubi Qafqazın mədəni həyatında
yeni və gözəl ənənənin təməlini qoyub,
beynəlxalq musiqi tədbirlərinin sırasında öz
layiqli yerini tutub: “Klassik musiqi peşəkarları və pərəstişkarları
arasında onun nüfuzu getdikcə artır. Hər il
festivalın səhnəsinə dünyanın
tanınmış ifaçıları və kollektivləri
çıxır. Bizim qədim Qəbələ bu sənəti
sevənlərin – musiqiçilərin,
tamaşaçıların və tənqidçilərin ən
sevimli görüş yerinə çevrilib. Burada
yaradıcılıq birliyi və qarşılıqlı
anlaşma üçün inanılmaz dərəcədə
isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən
və müxtəlif qitələrdən
ifaçıların və kollektivlərin iştirak etdiyi bu
möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq
musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni
sərvətləri ilə tanış etmir. O həm də
müxtəlif ölkələri təmsil edən
musiqiçilər arasında dostluq münasibətləri və
əlaqələrin qurulması üçün gözəl
imkanlar yaradır, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə
öz töhfəsini verir.
Cümhuriyyətin
100 illiyində yubiley festivalı
Təbrik məktubunda daha sonra
deyilir: “Xanımlar və cənablar, əziz dostlar. Sizin bəziləriniz
artıq ölkəmizdə olub, bəziləriniz
üçün isə bu, Azərbaycana ilk səfərdir.
Ölkəmiz mehribanlığı və qonaqpərvərliyi
ilə tanınır. Azərbaycan xalqı özünün zəngin
tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni
ideyalar üçün də hər zaman açıqdır.
2018-ci il
bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan
Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində
ilk dəfə çoxmillətli və çoxpartiyalı
parlamenti olan, qadınlara kişilərlə bərabər
seçki hüquqlarının verildiyi respublikanın
yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də,
indi də xalqımızın demokratiya və azadlıq
uğrunda tarixi seçimi dəyişməz qalıb.
Biz hər
zaman qonaqları qarşılamağa şadıq. Qəbələ
Beynəlxalq Musiqi Festivalının ildən-ilə öz
coğrafiyasını genişləndirməsi, dünyanın
bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının
sayının artması bunun bariz nümunəsidir.
Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl
incəsənət üçün sərhəd və maneələrin
olmadığını bir daha nümayiş etdirəcəkdir.
Bu
günlərdə bizi olduqca maraqlı və zəngin festival
proqramı gözləyir. Festivalın səhnəsinə həm
məşhur ulduzlar, həm də gənc musiqiçilər
çıxacaqlar. Əminəm ki, 10-cu yubiley Qəbələ
Beynəlxalq Musiqi Festivalı mədəni həyatın
mühüm səhifəsinə çevriləcək, bizə
bir çox maraqlı görüşlər və xoş təəssüratlar
bəxş edəcəkdir. Hər birinizə uğurlar,
sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”.
* * *
Mərasimdə
çıxış edən Respublika Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
Heydərov beynəlxalq musiqi festivalının ötən 10
il ərzində Qəbələnin şan-şöhrətini
dünyaya yaydığını deyib: “Biz böyük məmnuniyyətlə
bu festivalın ideya rəhbəri, ilk yaranışından bu
günə qədər də onun təşkilinə rəvac
verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, bu
uğurlarımızın əsas müəllifi olan Mehriban
Əliyevaya ürəkdən təşəkkür edirik. Biz
Mehriban xanıma bu gün Azərbaycanımız
üçün keçirilən tədbirlərin təşkilində,
Azərbaycan insanının maddi-mənəvi rifahının
yaxşılaşdırılması, ölkəmizin
dünyada tanıdılması istiqamətində
gördüyü işlərə görə dərin minnətdarlığımızı
bildiririk. Azərbaycan bu gün dünyanın hər yerindən
görünən bir dövlətdir. Bu gün dünyanın
bu çətin, keşməkeşli vaxtında, müharibələrin,
münaqişələrin, iqtisadi çətinliklərin
hökm sürdüyü dünyamızda bir sabit məkan var.
Bu, hər yerdən öz işığı ilə
görünən doğma Azərbaycanımızdır”.
* * *
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi
Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli
çıxışında builki festivalın, eyni zamanda dahi
bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir
dövrə təsadüf etdiyini bildirib, bu yubileyin Azərbaycanın
mədəni həyatında çox böyük hadisə
olduğunu vurğulayıb. O, festivala uğurlar arzulayıb.
Açılış
mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə
çıxış edib.
Qəbələ
Beynəlxalq Musiqi Festivalına maraq ildən-ilə daha da
artır
X Qəbələ
Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə artıq öz işinə başlayıb. İldən-ilə
bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən
ona göstərilən diqqət və maraq artmaqdadır.
İlk illərdə bu təşəbbüs irəli
sürüləndə kimsə düşünmürdü
ki, dünya musiqisi cədvəlində Qəbələ
adı belə möhkəm həkk olunaraq böyük
tamaşaçı auditoriyasının diqqətini çəkəcək.
Bu
sözləri festivalın açılış mərasimində
jurnalistlərə müsahibəsində mədəniyyət
naziri Əbülfəs Qarayev deyib.
Nazir
bildirib ki, ötən illər ərzində şəxsən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi, dəstəyi
və təşkilatçılığı sayəsində
dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin
Qəbələyə gəlməsinə imkan yaranıb.
London, Yohannesburq, İsrail, Rusiya, Fransa, İtaliya və digər
ölkələrin aparıcı musiqi kollektivləri Qəbələyə
gəlib. “Hesab edirəm ki, bu, öz-özlüyündə
bir göstəricidir. İlbəil genişlənən beynəlxalq
auditoriya məhz Qəbələyə mədəni turizm məqsədləri
üçün gəlməkdədir və bu, bizi olduqca
sevindirir”, - deyə Əbülfəs Qarayev qeyd edib.
* * *
Azərbaycan
mədəniyyətinin təbliğinə xidmət edən və
gözəl ənənəyə çevrilən Qəbələ
festivalı ölkəmizin musiqi ənənələrinin
dünyada tanıdılması üçün çox
yaxşı vasitədir.
Bu fikirləri
isə jurnalistlərə müsahibəsində festivalın bədii
rəhbəri, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.
O, builki festivalın bir neçə əlamətdar hadisə
ilə yadda qalacağını vurğulayaraq deyib: “Bu il Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin
dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik
yubileyi geniş qeyd edilir. Konsertlərdən biri də dahi bəstəkarın
yaradıcılığına həsr olunacaq. Festivalın
konsertlərində, həmçinin Azərbaycanın
dünya şöhrətli bəstəkarları Fikrət
Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və digərlərinin
əsərləri səsləndirilir. İnanırıq ki,
festivalın konsertləri musiqisevərlərə yenə də
unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək”.
Kamera
musiqisi həvəskarları üçün növbəti
proqram təqdim olunub
X Qəbələ
Beynəlxalq Musiqi Festivalı avqustun 1-də maraqlı konsert
proqramları ilə davam edib. Həmin gün öncə Heydər
Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və
xarici ölkələrdən dəvət olunmuş
tanınmış musiqiçilərin iştirakı ilə
konsert keçirilib.
Proqramda
S.Raxmaninovun “Fortepiano və violonçel üçün
sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo,
R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano
və viola üçün sonata” əsərləri səsləndirilib.
Kamera
musiqisi axşamında festivalın bədii rəhbərləri,
dünya şöhrətli musiqiçilər – Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
(piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin
avstriyalı viola ifaçısı Nora Romanov-Şvartsberq və
Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti
Murad Adıgözəlzadə çıxış ediblər.
Kubalı
ifaçıların çıxışı böyük
maraqla qarşılanıb
Avqustun 1-də axşam festival
tamaşaçılarına Kubanın “Jovanes Clasicos Del Son”
qrupunun konsert proqramı təqdim olunub.
Konsertdən
əvvəl “Jovenes Clasicos Del Son” qrupu haqqında məlumat
verilib. Bildirilib ki, qrupun əsası 1904-cü ildə qoyulub.
Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik
bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən
ibarət qrup Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim
edilir. Kubalı solistlər ənənəvi və müasir
dünya musiqisindən bəhrələnərək zəngin
salsa, son və digər Latın ritmlərini eklektik şəkildə
birləşdiriblər. Onlar ənənəvi musiqini pozmadan
ona müasir toxunuş əlavə ediblər.
Qrup Kuba
musiqisinin pionerlərindən biri kimi tanınmaqla, “Buena Vista
Social Club” ənənəsini davam etdirir. Qrupun rəhbəri
Ernesto Reyes Proenzadır. Kubada onlar eyni zamanda “möhtəşəm
yeddilik” kimi də tanınırlar. Musiqi qrupu özünəməxsus
səslənmə yaratmaq üçün son, rumba,
Latın-caz və digər musiqi janrlarının elementlərini
bir araya gətirməklə, ənənəvi musiqiyə yeni
yanaşma təklif edir. Səhnədə interpretasiya
gücü ilə seçilən qrup tanınmış caz
festivallarında minlərlə insanı rəqsə sövq
etməyə qadirdir.
Konsertdə
təkrarolunmaz və özünəməxsus səslənmə
yaratmağa müvəffəq olan “Jovenes Clasicos Del Son” qrupunun
möhtəşəm çıxışı festival
iştirakçılarına xoş anlar yaşadıb.
* * *
Festivalın
növbəti gününün proqramı da zəngin olub.
Avqustun 2-də sənətsevərlərə multipiano musiqisi
axşamı, ardınca isə muğam axşamı təqdim
edilib.
Mədəniyyət.- 2018.- 3 avqust.-
S. 8; 9.