Qoşa
qanadın vəhdəti
Əməkdar elm
xadimi, professor Məhərrəm Qasımlının 60 illiyi
münasibətilə
Çağdaş Azərbaycan ədəbiyyatında həm bədii, həm də elmi yaradıcılığı sevilə-sevilə oxunan Məhərrəm Qasımlının əsərləri bədii-estetik zənginliyi və elmi-nəzəri siqləti ilə özünəməxsus səciyyə daşıyır. Bu özünəməxsusluqda eyni müəlliflər olan şair “Orxan Paşa” ilə folklorşünas-alim “Məhərrəm Qasımlı” heç vaxt bir-birindən ayrılmır. İlahi məqamdan bəxş olunan bir almanın iki üzü kimi bütövləşir, biri digərini tamamlayır.
Orxan Paşanın poeziyası sirli-sehrli bir aləmdir. Bu aləmə təzəcə qədəm qoyanlar da, ona yaxından bələd olanlar da şairin hansı şeirini oxuyarlarsa oxusunlar, mütləq onu ikinci, üçüncü... dəfə oxumağa çalışacaqlar. Çünki bu şeirlərin misra düzümü, poetik harmoniyası, məna tutumu istər-istəməz oxucunu özünə çəkir. Biz “özünə çəkir” ifadəsini təsadüfi işlətmirik. O şeir həssas oxucunu özünə çəkir ki, orada səmimiyyət və təbiilik, poetik etiraflar və kövrək duyğular gözü, könlü oxşayır. Müəllifin bir şeirində ifadə etdiyi kimi:
Sevib həzin
tütək oldun,
Könül
oldun, ürək oldun,
Hərdən dəli
gerçək oldun,
Hərdən
nağıl, Orxan Paşa...
Bu gerçəkliklə nağıl arasında Orxan Paşanın özü və sözü boyaboy görünür. Mənim fikrimcə, əsl şeir nə sırf gerçəklikdir, nə də nağıl. Əsl şeir bu iki məfhumun axarından süzülüb gələn, istedad və yaradıcılıq əzabı ilə düzümlənən qan, gen yaddaşının ifadəsidir ki, bunu hər hansı bir elmi məntiqlə izah etmək, nə də tərifə sığdırmaq olar. Bunu yalnız Orxan Paşanın söylədiyi kimi ifadə etmək mümkündür.
Milli kimlik mücadiləsi, azərbaycançılıq ideyası, soy-kökə bağlılıq, alp-ərənlərin yenilməzlik ənənələri onun şeirlərinin başlıca poetik istiqamətlərini müəyyənləşdirir. Mübarizlik və döyüşkənlik, azğın düşmənlərə qarşı ölüm-dirim savaşına çağırış oxucunu bu günündən keçmişə və gələcəyə bağlayır. “Azərbaycan əsgərinə”, “Gedəlim”, “Durnaların Bağdad eli”, “Orda bir aslan var”, “Bir daha enməz” və digər şeirlər bu baxımdan səciyyəvi cizgiləri ilə seçilir.
Özünü o taylı-bu taylı vətənin doğma balası kimi hiss etmək, vətən torpağının hər qarışına cavabdehlik duyğusunun obrazlı ifadəsi onun misralarında məxsusi şəkildə mənalandırılır. “Getdim, gördüm” şeirində mifopoetik yaddaşdan süzülüb gələn tarixi həqiqətlər mifoloji məkanın və zamanın sərhədlərini aşaraq çağdaş oxucunun yaddaşını keçmişə qaytarır. Bu qayıdışı yalnız keçmişə poetik qayıdış kimi xarakterizə etmək düzgün olmaz. Bu qayıdış həm də oxucu yaddaşının təzələnməyi, onun özünü dərk etməyi, milli-mənəvi dəyərlərə sahiblik duyğu və düşüncəsini yaşatmağı deməkdir. Belə bir müqəddəs missiyanı çox böyük səmimiyyətlə yerinə yetirməyə çalışan Orxan Paşanın Dərbəndə müraciətlə “qorxdum yaddaşının korşalmağından” müraciət-etirafı oxucunu düşünüb-daşınmağa sövq edir. Diqqət edilsə, Orxan Paşanın poeziyasında özünə möhkəm yer tutan mifoloji məkan və zaman dinamikasını hərəkətə gətirən milli-etnik yaddaşın nizamlı ardıcıllığı və təsir gücü yüksəkdir. Şairin əski mədəniyyətimizin beşiyi olan qədim Dərbəndlə mehr-ülfətli daxili monoloqu da həmin yaddaşın təzahürüdür:
Yadındamı, ərənlərin
tutarı,
qalaların
tabı, Dərbənd?
Dəmir
qapıların necə, yadındamı,
Dəmirqapı Dərbənd...
Müəllifin bu qəbil şeirlərində ulu əcdadımız Oğuzun obrazı oxucuya yeni bir biçimdə təsvir və təqdim olunur. Çünki oğuzlar həmişə doğma yurda, ana torpağa müqəddəs bir nəzərlə baxmış, tükənməz bir məhəbbətlə ona sığınmışlar. Məsələyə bu yöndən yanaşanda şairin lirik “mən”inin eyni sevgi və məhəbbətlə Təbrizi, Gəncəni, Xəzəri, Göyçəni, Şuşanı, Dərbəndi bütöv bir Azərbaycan kimi sevib oxşadığını görürük:
Qarabağ –
başımın tacı,
Naxçıvan
– sönməyən nurum.
Təbriz – dərdimin
əlacı,
Çinarlı Gəncə
– qürurum!
Orxan Paşa fəlsəfi esselərinin birində yazır: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin, sən də dərbəndlisən, lənkəranlı səni Lənkərandan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin. Sevginlə, əməllərinlə Vətən boyda görünəsən, Vətənin hər yerindən görünəsən”.
Müəllifin “Taleyimdən və ürəyimdən keçənlər” kitabında toplanan ədəbi-estetik, sosial-fəlsəfi və bədii düşüncələr poetik tutumuna, məna yükünə görə olduqca maraqlı və orijinal örnəklərdir. Şərti olaraq janr baxımından esse adlandırdığımız bu kiçik poetik fəlsəfi parçalar Orxan Paşanın bir çox şeirlərini və elmi əsərlərini müəyyən məqamlarda tamamlayır, bir çox hallarda onların dərki üçün açar və ya kod rolunu oynayır. Bir örnəyə diqqət yetirək: “İstiqlal mübarizəsi apararaq müstəqillik yoluna çıxmaq istəyən, eləcə də bu yolda ilk addımlarını atan bütün xalqların öz folklor mədəniyyətinə həssas münasibəti qaçılmazdır. Çünki folklor soy-kökə qayıdışı, tarixi yaddaşın bərpasını, milli kimlik düşüncəsini hərəkətləndirən ən güclü enerji mənbəyidir, daha dəqiqi, seysmik təkan mərkəzidir”.
Alimin “Şah İsmayıl Xətainin poeziyası” monoqrafiyasının elmi-ədəbi mahiyyətini daha dərindən qavrayıb dərk etmək üçün yuxarıda qeyd etdiyimiz örnək bu zəngin xəzinənin qapısını açıb oxucuya bələdçilik edir. Bu lakonik və dərin mənalı esse milli kimlik mücadiləsi aparmaqda Xətai poeziyasının bədii-fəlsəfi əhəmiyyətinin bənzərsizliyini göstərir.
Başqa bir misal: “Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qılıncının statusu səviyyəsinə qaldıra bilməməyimiz oldu”. Necə də gözəl və sərrast bir deyimdir! Bu ifadə milli-etnik düşüncənin ən parlaq təzahürü olan doğma türk dilinə Orxan Paşa sevgisinin və təəssübünün çox incə və bir az da kövrək duyumda aşkara çıxmasıdır. Bu ifadəni ilk dəfə oxuyan oxucu istər-istəməz onun təsiri və işığı altında müəllifin ədəbi-elmi yaradıcılığı ilə yaxından tanış olmağa səy göstərəcəkdir. Onun “Sənə sözüm var”, ”Yağmur qoxusu”, “Saz başına döndüyüm”, “Ozan-aşıq sənəti” və digər əsərlərinin dilində qayım-qədimliklə təzəliyin vəhdətini görəcəkdir. Lap bu örnəkdə olduğu kimi: “Hər yerin adamı o yerin daşına, torpağına, ağacına, suyuna oxşayır”. Müəllif məhz bu mifik düşüncəni özünəməxsus şəkildə çox sərrastlıqla ifadə etməklə insan-təbiət birliyini çağdaş yaddaşda təzələmişdir.
Orxan Paşa poeziyasında ülvi məhəbbətin tərənnümünə həsr olunmuş “durnatelli qoşmaları” oxuduqca insan öz ürəyində sanki kövrək və həzin duyğuların pıçıltılarını eşidir. Gəncliyin unudulmaz çağları, məhəbbətin şirin iztirabları oxucunu iliyindən sümüyünə qədər sızıldada-sızıldada keçən günlərə qaytarır. Sevgilisinin keçdiyi yerlərin yolçusuna dönən lirik qəhrəmanın fərdi yaşantıları, səmimi etirafları olduqca təbii təsir bağışlayır:
Necə çəkim bu
verdiyin möhnəti?!
İndi mənəm dərdlilərin
söhbəti...
Yarasına sığal çəkib
xəlvəti
Ağrısından, göynəyindən
öpdüyüm.
Beş bənddən ibarət olan bu qoşmada aşiqin
daxili monoloqu yalnız onun həsrət və nisgilini,
keçirdiyi həyəcanları əks etdirmir. Poetik
misraların harmonik biçimində sevgilisinə məhəbbətin
iztirablarını yaşadan gözəl bir qızın zahiri
və mənəvi gözəllikləri canlanır. “Ürəyimdə ürəyindən
öpdüyüm”, “baxışımla kürəyindən
öpdüyüm”, “tənbehindən, gileyindən
öpdüyüm” və sair misralar bədii bir tablonun bənzərsiz
çalarlarını tamamlayıb
dolğunlaşdırır.
Orxan Paşanın məhəbbətin tərənnümünə
həsr olunmuş bir çox qoşmalarında ustad sənətkarların
nəfəsi duyulur. Bu cür qoşmaları ilə o, vurğunu olduğu
Qurbani, Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Dədə Ələsgər
kimi ustadların yolunu yüksək sənətkarlıqla davam
etdirir. Bu baxımdan şairin “Bəri gəl”, “Baş alıb
gedir”, “Bir də”, “Gözəli” və digər şeirləri
çox səciyyəvidir.
Nağıl
və dastanlarımızda, klassik ədəbiyyatımızda,
aşıqların repertuarında əfsanəvi macəraları
ilə vəsf edilən butalı aşıqların pənah
yeri kimi təsvir və tərənnüm olunan Bağdad eli indiki kədərli və hüzn dolu
görkəmi ilə şairin qəlbini göynədir. İmperialist qüvvələrin var-dövlət hərisliyi,
qanlı qırğınlar törətmələri dərdli
misralarla ifadə olunur. “Bombalar, güllələr
altında səfi pozulan durnaların” əvvəlki gözəlliyi
qeybə çəkilmiş, Bağdadın dillərdə
dastan olan dəbdəbəsindən əsər-əlamət
qalmamışdır. Budur, qoca Şərqin
düşdüyü dəhşətli vəziyyətin
acınacaqlı mənzərəsi:
Qan tökülürdü lənətə
gəlmiş neft üzündən.
Çırpınırdı
durnaların Bağdad eli.
Çırpınıb qurtula
bilmirdi neft qoxuyan qan dənizindən.
Vaxtilə bizə yaxın və məhrəm olan
Bağdadın, durna qatarının bədii obrazı indiki mənzərəsi
ilə kəskin bir təzad təşkil edir. Bu təzad
vasitəsilə şair milli-etnik yaddaşımızın dərin
laylarını tərpədərək bizi zəngin
keçmişimizə qaytarır.
Əməkdar
elm xadimi, professor Məhərrəm
Qasımlı Azərbaycan folklorşünaslıq elmini yeni
araşdırmalarla zənginləşdirən, uğurlu nəticələrə
imza atan görkəmli alimdir. O, istər tərtib, toplama
işləri, istərsə də elmi araşdırmaları
ilə irimiqyaslı səmərəli fəaliyyət göstərir.
Tədqiqatçının ABŞ, Almaniya,
Rusiya, Türkiyə, İran, Gürcüstan və s. ölkələrdə
əsərləri nəşr edilmişdir. “Ozan-aşıq sənəti” monoqrafiyası bu
istiqamətdə aparılan fundamental araşdırma kimi beynəlxalq
arenada yüksək dəyərləndirilir. Beş dəfə
(1996, 2003, 2007, 2011, 2015) Bakıda, bir dəfə Təbrizdə
işıq üzü görən bu əsərdə alim
aşıq sənətinin genetik qaynaqları, bu sənətin
təşəkkül və inkişaf mərhələləri,
təsəvvüf simvolikasının aşıq sənətindəki
yeri, dastan poetikasının alt qatları və s. haqqında
elmi-nəzəri təhlillər aparmış, bir sıra
mübahisəli və qaranlıq məsələlərə
aydınlıq gətirmişdir. Azərbaycan
folklorşünaslığı tarixində ilk dəfə
olaraq o, aşıq mühitlərinin səciyyəsini və
elmi təsnifini vermiş, onların mədəni-coğrafi
mahiyyətini açıqlamışdır. Ümumiyyətlə, “Ozan-aşıq sənəti”
monoqrafiyası elmi dövriyyəyə
daxil olduğu gündən ictimaiyyət tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır. Fikrimizcə,
bu sevginin ən ümdə səbəbi professor Məhərrəm
Qasımlının özünün aşıq ocaqlarında
yetişməsidir. “Mənim
uşaqlığım saz-söz sərrafları içərisində
keçib” – deyən müəllifin alimliyinin kökü saza,
sözə bağlılığındadır. Onun
“poeziyada ən çətin iş saz şairi ola
bilməkdir” qənaəti də bu mülahizəni bir daha təsdiqləyir.
Aşıq sənətinin həm nəzəri, həm də
praktik xüsusiyyətlərini dərindən bilməsi və
söz-sənət adamları arasında böyük nüfuz
sahibi olması Məhərrəm Qasımlını Azərbaycan
Aşıqlar Birliyinin sədri vəzifəsinə gətirmişdir.
Son bir neçə ildə aşıqları,
baxşıları, ırçıları... bir sözlə,
saz-söz sənətkarlarını beynəlxalq tədbirlərdə
bir araya gətirən görkəmli alim türk
dünyasını tarixi-mədəni və coğrafi arealda
birləşdirir. O, bu yöndəki məhsuldar fəaliyyəti ilə
ozan-aşıq sənətinin inkişafında önəmli
rol oynayır, radio dalğalarında, televiziya ekranlarında
müəllifi və aparıcısı olduğu dərin məzmunlu
verilişlərdə bu sənətin müasir durumunu,
mövcud problemləri elmi-nəzəri aspektlərdən
şərh edərək milli-mənəvi
varlığımızın bu mühüm sahəsi ilə
bağlı gələcək perspektivləri müəyyənləşdirir.
Klassik ədəbiyyatımızın
tədqiqi istiqamətində Məhərrəm
Qasımlının “Şah İsmayıl Xətainin
poeziyası” monoqrafiyası sərkərdə-şairin
yaradıcılığına yeni bir elmi-nəzəri
yanaşmanın, gərgin axtarışların səmərəli
nəticəsi kimi meydana çıxmışdır. Kitabın “Mənəm Sultan Xətai Şeyx Heydər
oğlu” adlanan giriş hissəsi ilə tanışlıq
kifayət edir ki, Şah İsmayılı bir şair və
hökmdar kimi qüdrət və əzəməti ilə
duyub tanıyasan. “Ruhumuzun, dilimizin qeyrətini
çəkmək üçün,
torpağımızın, yurdumuzun bütövlüyünə,
birliyinə çatmaqdan ötrü Xətai
qılıncına, qələminə and-aman yeri kimi
baxmalıyıq”. Bircə bu cümlə bəs
edər ki, Şah İsmayıl Xətainin və onun
haqqındakı monoqrafiyanın müəllifinin elmi və
milli kimliyini bütün qayım-qədimliyi ilə dərk
edib anlayasan.
Uzun zamandır ki, Məhərrəm Qasımlının
təşəbbüsü və təşkilatçılığı
ilə aşıq sənətinin təbliğinə həsr
olunmuş silsilə tədbirlər, ustad sənətkarların
yubileylərinin və görüşlərin keçirilməsi
bir ənənə halını almışdır. Son dövrlərdə
aşıq yaradıcılığına zəifləyən
maraq məhz bu yöndə tədbirlərin, məqsədyönlü
işlərin sayəsində getdikcə güclənir. Azərbaycan aşıqlığı əvvəlki
qüdrət və əzəmətini bərpa etməklə
yanaşı, qohum və qonşu xalqlar arasında nüfuz
dairəsini və təsirini genişləndirir.
Bu günlərdə xalq ədəbiyyatının
bilicisi, şeir-sənət xiridarı Orxan Paşanın-Məhərrəm
Qasımlının 60 yaşı tamam olur. Altmış
yaşın mübarək işığında Məhərrəm
Qasımlının bədii və elmi
yaradıcılığı, zəngin təşkilatçılıq
fəaliyyəti dərin mənalı bir kitab kimi səhifə-səhifə
açılıb cəfakeş bir insan ömrünün
salnaməsini elmin və poeziyanın nəhayətsiz
üfüqlərinə həkk edir. Bu üfüqlərdə filologiya elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı, Əməkdar elm xadimi Məhərrəm
Qasımlı yeni-yeni uğurların sorağı ilə qələm
götürüb özünü və sözünü
inamla, inadla sabaha aparır:
Sən yorulmaz bir çaparsan,
Yaxşı ki meydanda varsan!
Haqq deyib Haqqı taparsan,
Sağ ol, sağ ol, Orxan Paşa...
Avtandil AĞBABA,
filologiya elmləri
doktoru, professor
Mədəniyyət.- 2018.- 3
avqust.- S. 11.