Sehr-ÇUBUQ sahibi
İdarə etdiyi orkestrlərin canlı uvertürası,
kulminasiyası, akkordu, musiqi
dünyamızın xəlqi-“konstitusion” Münsifi...
Əlbəttə,
Niyazi!
MAESTRO Niyazi...
Bu adamı kəşf etdiyim gündən bəri xəyalımda yaratdığı epizod-etüdlərdən:
-...hər dəfə çıxacağı səhnə bütöv bir sənət məmləkəti, orkestr – qəlbləri fəth edəsi alay və bax-bax, lap indicə zəhmli Sərkərdə də gələcək;
-...budur, sir-sifətindən “zəhər”, qırğı baxışlarından məlhəm yağdıra-yağdıra gəlir!;
-...əlindəki çubuq qılıncmı ki, – salondakılar cürbəcür fobiyalara qərq olur?;
-...orkestr əhlinin çalğı yekdilliyi üçün nəzərdə tutulmuş bu çubuq bu qədər çalın-çarpaz tərpənişlərlə bu ecazkar tabloları necə yaradır?..
Başlanğıcdan sonadək o sehrli barmaqlar neçə çubuq dəyişib, görəsən?..
Bu nəhənglikdə sənətkardan bəhs edən bir yazının “bismillah”ı olan bu “qiymətli” sualı, olsa-olsa, ona Almaniyada hədiyyə olunmuş xalis qızıl dirijor çubuğu cavablandıra bilər...
Onun sağ əlindəki o çubuq özü də bütün başqalarınınkından BAMBAŞQA idi, idarə anlarının “apogey” məqamlarında sol əlinin “beşaçılan” (retro-jurnalistikaca: “pianinonun şirmayı dilləri”) kimi rəqs edən barmaqları da!
Bu məqamda qeyd edim ki, mən uzun illər o barmaqları daha maraqlı təşbeh etmək istəsəm də, nəzərdə tutduğum hədəfə çata, heyrət-məhəbbət “tikan”ımı çıxarası, mat-məəttəllik durumumu dəyişəsi bir epitet tapa bilməmişəm. Heç – bir vaxtlar, “palıçka vruçalka” kimi obrazlı deyimləri olan rusların moskvalı bir musiqi xadiminin məqaləsindən oxuduğum (konsertlərdən birinin sonunda bu Maestronun əllərini ovuclarında tumarlayaraq): “Bu barmaqlar necə də tabeedicidir!..” kimi qiymətli fikirləri də sözügedən obyektə adekvat hesab etmirəm...
D.Şostakoviç. Ş.Q.Şarayev, V.Dobiaş kimi şan-şöhrət zirvəlilərin dediklərini də xatırlayaq: “Niyazi öz çubuğu ilə orkestrdəki bütün alətləri eyni anda çalırdı”, “O, taktların canlı antenası idi”, “Bir cüt sehrkar əl, beş qoşa ovsunçu barmaq sahibi”. Və nəhayət, öz yaşdaşı, tituldaş və şöhrətdaşı Q.Qarayev: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”...
İndi xatırladacağım bir fikrin müəllifi isə bütöv bir dövr və ictimaiyyət: “1970-ci illərdə hər cümə günü Filarmoniyada keçirilən “simfonik musiqi axşamları” ideyasının müəllifi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, bütün İttifaqda bənzəri olmayan o konsertlərin təşkilatçısı, repertuar seçicisi və qeyri-adi təntənə ilə idarəedicisi Maestro Niyazi idi...
Bu nəzəri “giriş”dən “praktiki” bir çıxış: onun sir-sifətindəki dipdiri dinamikanın, atomvarı baxışların fərqindəsizmi? Bəs, arasıkəsilməz alqış sədaları seriallarında bir dəfə də olsun təbəssümlənməməsi, “bir tükünün də tərpənməməsi” soyuqqanlılığının necə?!
Bu halda, yuxarıda bəhs etdiyim “çubuqların sayı” məsələsi göydə qalmırmı? Yəni, məsələ o çubuqların, o barmaqların kəmiyyətində yox, sehrində, məzmun-mahiyyətindədir...
Deməli, keyfiyyətə keçməli
Öncədən də (R.Rzanın “Qayğı” sözü, qayğı – özü” qənaəti ladında) qeyd etməli ki, keyfiyyət – ümummilli qənimətimiz olan bu dünyəvi maestronun bütün sənət nümunələrinin baş vurğusu, aksenti, nəqəratı idi.
Onun Vaşinqton çıxışlarının ilk gecəsinin sabahısı (1960-cı illərin sonları, özünün “Rast”, F.Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları) bütün Amerika qəzetlərində “Niyazi”, “maestro” sözləri olmayan manşet yox imiş. O qəzetlərdə yüzlərlə obrazlı sözlər, frazalar, bənzətmələr varmış ki, onlardan biri də belə: “Bizim bu gənc Amerikanın ağzınadək dolu salonu əvvəldən-axıra qocaman Şərq xəyalatına dalmışdı...”
Niyazi xüsusi bir DÖVR idi, ÇAĞ idi, ayrı-ayrı zamanların dahi bəstəkarlarını birləşdirən sənət karvanının gələcəyə doğru səfərinə bütün sovet dirijorlarından daha dahiyanə sarbanlıq edən SSRİ-li idi.
Bu qənaətimə inanmayanlar (və sovet illərində mübhəm bir qorxu-təvazökarlıqla onu yalnız “Azərbaycan fenomeni” kimi qələmə verən yerlilərimiz) üçün bir retro-epizod:
Ötən əsrin 70-ci illərində üç-dörd həftə bütün müttəfiq respublikalarda olub, SSRİ dirijorlarının reytinq “tədqiqat”ını da aparan və nəhayət, Bakıya gələn moskvalı xanım-jurnalist Niyazi ilə müsahibə zamanı: “- Maestro, haçansa İttifaq üzrə neçənci yerdə olmanız haqda da fikirləşmisinizmi” - sualının qarşılığında laqeyd bir təbəssümlə üzləşir və əlavə edir: “Məsələ bundadır ki, respublikaların hamısında musiqi ictimaiyyəti nümayəndələri 1-ci yerdə özlərininkini, 2-ci yerdə isə yalnız və yalnız Sizi görürlər. Deməli, “inciməyin”, maestro, Siz bütün Sovetlər İttifaqı üzrə birincisiniz!..”
Bu elitar
ranqlı epizod ardınca bir
“proletar”isi:
Təntənəli, uğurlu bir xarici səfərdən qayıtdığı günün sabahısı maestro 60 nəfərlik simfonik orkestrlə cənub bölgəmizə (Salyandan Astarayadək) birhəftəlik qastrol qərarına gəlir. Maraqlı olaylar, xatirələrlə dolu səfərdən Bakıya qayıdarkən avtobus karvanını tarla düşərgələrindən birinin yanında saxlatdırıb, pambıqçılarçün yemək hazırlayan aşpaz qadına yaxınlaşır: “Xalacan, mən biləni, indi hava 40 dərəcəni ötüb, bəs, sən biləni, bu ocağın istisi neçə dərəcə olar?” - deyib, kollektivə komanda verir ki, on dəqiqədən sonra burda düz birsaatlıq konsertə başlayırıq!
Möhtəşəm “Koroğlu” operası uvertürasının ilk taktları sədalanırkən qız-gəlinlər ucsuz-bucaqsız tarlanın hər tərəfindən düşərgəyə sarı axışır və həmin anların qələmə alındığı yazıdan yalnız bunu təqdim edirəm: “Konsertdən sonra musiqiçilər də bir-birinə deyirdi ki, hələ indiyədək heç vaxt, heç harada maestronun bu ilhamla dirijorluq etdiyini xatırlamırıq”...
Deyək ki, bu tammöcüzə varlığın həyatında möcüzəvarı olğu-olay da az olmayıb ki, bunlardan onun “sərtlik krallığına” yaraşmayası baməzəlisindən başlayaq. Belə ki, o, sonralar hər biri bir mədəniyyət fəthinə çevriləsi xarici qastrol səfərlərindən ilkinə hələ ana bətnində ikən “gedib”; atası Zülfüqar Hacıbəyovun Tbilisi qastroluna hamilə xanımı da qoşulur və Niyazi dünyaya Gürcüstan paytaxtında (20 avqust, 1912) göz açır. Yaxud, təpədən-dırnağa musiqi, bəstə (dolayısilə sülh, əmin-aman) mayalı bu adam uşaqkən hərbçi olmaq əzmilə kadet məktəbinə gedib, ətrafın diqqət mərkəzinə düşən futbol hakimliyi, təyyarə (paraşüt) idmançılığı edib. İlk musiqi təhsilini də ki (yəni, sonucdakı müqayisəsiz məşhurluğuna nisbətdə!) adidən-adi bir musiqi ocağında alıb. Amma sonra atası Zülfüqar və əmisi Üzeyir bəyin tövsiyəsilə təhsilini Moskvada davam etdirib. Leninqrad (Sankt-Peterburq) təhsilinisə, bu şəhərin “rütubətli havası” səbəbindən, başa vura bilməyib.
Lakin həftələr-aylar ötdükcə, bu “yarımçıq tələbə” qeyri-adi “avtotəhsil” təmrinləri edə-edə, mükəmməl bir məktəbə çevrilməyə başlayıb. Böyük Azərbaycan mədəniyyəti tarixinə nəhəng “Üzeyir bəy Hacıbəyli”, məşhur “Zülfüqar Hacıbəyli”, mühacir korifeylərimizdən “Ceyhun Hacıbəyli” imzalarından doğulmuş Niyazi Tağızadə-Hacıbəyov (milli dirijorluq dünyamıza TƏK gəlib, Tək də getmiş sənətkar bu qoşasoyadlılığı anasının yeganə və faciəli bir qətlin qurbanı olmuş dayısı Heydərəli Tağızadəyə xatir qəbul etmişdi) ayrıca-müstəsnaca bir “Maestro Niyazi” İMZAsına çevrilib.
Bu imza onun tək elə fenomenal dirijorluq qalereyasındakı unikal nümunələr altına deyil, neçə-neçə müəlliflik, həmmüəlliflik, interpretativlik işləri rahına da atılıb. İyirmi iki yaşında yazdığı “Zaqatala süitası” ilə musiqi aləmimizə orijinal səpkili bir bəstəkar gəlişindən xəbər verib. Daha sonra ikihissəli “Qəhrəmanlıq”, “Xosrov və Şirin”, “Konsert valsı”, “Təbrizim”, “Dağlar qızı”, “Vətən”, “Arzu” və s. kimi gözəl simfonik nümunələr, mahnılar yazır, teatr tamaşaları (“Dağılan tifaq”, “Almaz”, “Vaqif”, “Polad qartal”) və kinofilmlərdə (“Almaz”, “Kəndlilər”, “Fətəli xan”) maraqlı sənət izləri qoyur...
Lap gəncliyindən öz fitri fəhmi, çağlar istedadı, ekspromt müdaxilələrilə ətrafına fasiləsiz bir məntiq-məna atəşi saçan bu cəsarət mücəssəməsi hətta atasının ali ölkə qəlibli “Aşıq Qərib”inin, əmisinin dünya çaplı “Arşın mal alan”ının yeni redaksiya variantlarını hazırlayıb. Teatr səhnələrində əlli ilə yaxın formalaşıb-etiketləşmiş “O olmasın, bu olsun” operettasının məhəkdaşı musiqi parçalarını hər saniyəsi qızılla, hər kadrı zərrəbinlə ölçülüb-baxılan böyük ekran dilinə çevirib. “Xumar oldum”, “Qaragilə”, “Küçələrə su səpmişəm” kimi neçə-neçə xalq mahnımızı simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota alıb...
Bunları, onları, obiriləri “sadalamaqla qurtarası deyildir” deyə, bu intəhasız mətləbi belə yekunlaşdıraq: ovaxtdan-buvaxta öz klassik-fundamental yaradıcılıq energetikası, müdam dramaturji, hərdən də emosional xəyalat-təsəvvürat melodikası, major-minor büsatlar harmoniyası və ülfət-ülviyyət ifadəliliyilə milyonları ovsunladı, öz idarəsilə neçə-neçə ölkələrin musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazıldı. Və bu ovsunlar, maraqlar, heyrətlər davam etmədə...
Bu “Segah”i təəssürat
ardınca məlum bir kinofilmimizin adından təbdil; –
Onun “Rast”ını
unutmaq olarmı?..
Deyirlər, bu boyca bəstə,
tövr-xasiyyətcə uzun,
ad-soyadca füzun (Tağızadə-Hacıbəyov Niyazi) elə məhz bu Hadisə-Əsərdən
sonra qıp-qısaca bir xitabla çağırılmağa,
xatırlanmağa, ağırlanmağa
başlayır: “MAESTRO!” İki dəfə
(1951- 1952) SSRİ Dövlət mükafatlarına layiq görülür. Ədəbi-ictimai
söhbət, müzakirə
və musiqi tənqid-təbliğində “Azərbaycan
milli dirijorluq məktəbinin formalaşması
Niyazinin adı ilə bağlıdır”,
“Milli bəstəkarlarımızın
əsərlərindən seçilmiş
nümunələr dünya
musiqisinin qızıl
fonduna məhz onun bənzərsiz yozumu sayəsində daxil edilmişdir”, “Neçə-neçə opera və
baletin yüksək səviyyəli səhnə
təcəssümü Niyazi
istedadı və qabiliyyətinin bəhrəsidir”
kimi qənaətlərə
“Simfonik muğam” kimi qeyri-adi yeniliyin banisi deyimi də əlavə edilir. 1959-cu ildə SSRİ Xalq artisti adına
layiq görülür.
İki il
sonra SSRİ-nin ən məşhur teatrlarından birinə - Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olunur. Çoxsaylı xarici ölkə
teatrlarının (xüsusi
müqavilə əsasında)
təkidli xahiş-təklifləri
içərisində yalnız
qardaş (o zamanlar “düşmən”!) Türkiyəni
seçən maestro Ankara Opera və Balet Teatrında
“Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” və türk bəstəkarı Ə.Sayqunun
“Koroğlu” operasına
ilk quruluşlar verir,
“Yunus Əmrə” oratoriyasına dirijorluq edir. Uzunmüddətli səfərdən sonra Vətənə qayıdır, Opera-Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilir.
Bunlar onun sənət izlərindən
fraqmentlər.
Bir az da həyat izlərindən...
Bir-birini dəlicəsinə sevə-sevə 51 illik “Həcər və Niyazi” birgəliyi dastanından.
Bu real dastanın ikicə (uşaqları olmayıb, övladlığa götürdükləri
uşağın başlarına
açdığı müsibətlər
isə ərəbdən-əcəmə
bəlli) qəhrəmanı
Mahaçqalada tanış olub, qoşulub qaçıb, minbir əziyyətlə sonrakı yüzbir zövqi-səfaya çatmışdı...
...Türkiyədə ofisiant
qadın onlara yaxınlaşıb: “Nə
içəcəksiz?” deyə
bütün su və spirtli içkilərin adlarını
sadalasa da, Həcər xanım “yox” deyir. Vəziyyəti
belə görən
maestro ofisianta üz tutur: “Xanım, mənim xanımım mənim qanımdan başqa heç nə içmir...” Bu zarafat basırıq restorandakı müştərilər
üstünə səpsərin
sutək çilənir…
Amma Həcər xanım da borclu qalmır:
Moskva restoranlarından
birində bir parça çörəyin
üstünə iki-üç
qat xardal yaxıb, istiot səpir. Bunu əsəblə müşahidə
edən maestro: “İndi
bu nə oldu?” deyə soruşduqda, qayıdır
ki: “Heç nə, oldu Niyazi!..”
...Yaxşı ki, bu güneyli xanım öz ata-anasının (xüsusən,
İranın Dərbənd
konsulluğunda işləyən
qardaşının) maneçiliklərinə
baxmadan Niyazi ilə ailə qurmağa razı olmuşdu; yoxsa, ola bilsin ki
o, Azərbaycan (habelə
dünya) mədəniyyəti
tarixinə bu çəkili maestro kimi daxil olmaya da
bilərdi...
Tahir ABBASLI
Mədəniyyət.- 2018.- 3
avqust.- S. 13.