“Vurğun
gəzən yeri bizə kim
desə...”
Azərbaycan aşıq sənətində Şirvan mühitinin özünəməxsus yeri var. Zəngin ifaçılıq ənənələri olan bu mühitdə görkəmli saz-söz sənətkarları yetişib, ulu ozan sənətinin inkişafına töhfələr veriblər. Belə şöhrətli sənətkarlardan biri də Əməkdar mədəniyyət işçisi Aşıq Əhməddir.
Əhməd Ədil oğlu Rüstəmov 1921-ci ildə Kürdəmir rayonunun Carlı kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri çətin sınaqlarla müşayiət olunub. 1925-ci ildə atası sovetləşmə dövrünün ilk repressiya qurbanlarından olur. Gənc ikən el şənliklərində yaxından iştirak edir. Aşıq musiqisinin, sazın vurğunu olur. İlk sənət dərslərini həmkəndlisi Aşıq Əlidən alır. Bir müddət sonra sənətinin və səsinin sorağı respublikanın ən ucqar yaşayış məntəqələrinə gedib çıxır.
Aşıq Əhməd 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə gedir. Şərəfli döyüş yolu keçir, sinəsini orden və medallar bəzəyir. Müharibənin başa çatmasına az qalmış – 1945-ci ilin əvvəllərində ağır döyüşlərin birində yaralanır. Döyüş qabiliyyətini itirdiyi üçün ordudan tərxis olunur. Vətənə döndükdən sonra rayon Mədəniyyət evində işə düzəlir və ömrünün sonuna kimi orada işləyir.
Sənətkarın zəngin yaradıcılığı olub. Onun “Sazımın telləri” (1965), “Əlləriniz yorulmasın” (1980), “İtən sazım” (1995), “Dastanlar” (2004) adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Araşdırmalardan məlum olur ki, o, dövrünün yaradıcı adamları ilə daim ünsiyyət qurub, əlaqə saxlayıb. Xatirələrində Aşıq Şəmşiri, Səməd Vurğunu, Bülbülü, Aşıq Şakiri, xanəndə Eynulla Cəbrayılov və balabançı Həsrət Hüseynovu böyük hörmətlə yad edib...
Aşıq Əhmədin bədii yaradıcılığı da ifaçılığı kimi yüksək qiymətləndirilib. Onun bir çox şeirlərinə mahnı bəstələnib. Bu mənada müəllifin “Salam verək” şeiri diqqəti daha çox çəkir. O, bu şeirlə sanki Azərbaycanı səyahətə çıxıb, zəngin təbiətimizin canlı mənzərəsini yaradıb:
Göyəzən
dağının gəzək zirvəsin,
Pambıqlı
çöllərin çarpaz cərgəsin.
Açaq söz mətahın,
şeir süfrəsin,
Hər elə, oymağa
bir salam
verək!
Ötək pərdə-pərdə, verək səs-səsə,
Ürək şad olarmı deyib-gülməsə?!
Vurğun gəzən yeri
bizə kim
desə,
Əhməd, o torpağa bir
salam verək!
Aşıq Əhmədin bu şeirinə bəstələnən
mahnı ilk dəfə
ötən əsrin
60-cı illərində el şənliklərində
aşıq Məmmədağa
Babayevin ifasında səsləndirilib. Bu aşıq
nəğməsi uzun
illərdir dillərdən
düşmür, ustad
sənətkarların ifasında
məclisləri şənləndirir,
insanlarda xoş duyğular yaradır.
O özündən sonra zəngin, məzmunlu və əhatəli yaradıcılıq irsi qoyub. Başdan-başa şair təbli, tükənməz, coşqun yaradıcılıq ilhamına malik sənətkar sazı, sözü və maraqlı dastan ifaçılığı ilə uzun illər məclislərə yaraşıq verib. Çox erkən çağlardan sənəti duyan, sözün fəhminə inanan, canında-qanında yaradıcılıq duyğusu, istəyi coşub-çağlayan Aşıq Əhməd sənət yolunda inamla, uğurla irəliləyib. O bu sənətə ifaçı kimi gəlib, yaradıcı aşıq kimi sənət zirvəsinə yüksəlib. 1989-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən sənətkar Azərbaycan Aşıqlar və Yazıçılar birliklərinin üzvü olub. Ozan-aşıq sənətinin inkişafı yolunda yorulmadan çalışan saz-söz ustası 12 avqust 2008-ci ildə vəfat edib. Hazırda Kürdəmir şəhərində yaşadığı küçə sənətkarın adını daşıyır.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 3
avqust.- S. 15.