Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

 

Xəbər verdiyimiz kimi, UNESCO-nun Dünya İrs Komitəsinin 24 iyun – 4 iyul tarixlərində Bəhreyn Krallığının Manama şəhərində gerçəkləşən 42-ci sessiyasında komitənin növbəti, 43-cü sessiyasının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. Tədbirdə dünyanın 180-dən artıq ölkəsindən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə Azərbaycan UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edib. İki ildən bir Bakıda UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Sərəncamda vurğulanır ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Sərəncama əsasən, Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının mədəniyyət naziridir.

Təşkilat Komitəsinə Azərbaycan Respublikası maliyyə nazirinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavinləri, xarici işlər, daxili işlər, təhsil, gənclər və idman, səhiyyə, mədəniyyət nazirlərinin, həmçinin Dövlət Gömrük Komitəsi sədrinin, Dövlət Təhlükəsizlik Xidməti rəisinin, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin, Dövlət Miqrasiya Xidməti rəisinin və Dövlət Sərhəd Xidməti rəisinin müavinləri daxildir.

Həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədrləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, UNESCO üzrə Milli Komissiyasının baş katibi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini,  Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin sədrləri, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Təşkilat Komitəsinin üzvləridir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 2.