Musiqi sərhəd tanımır, insanlarla hər dildə danışır...
Dünya mediası Qəbələdə başa çatan beynəlxalq
festival haqqında
“Bu
tədbir təşkilatçılığına görə
dünyada keçirilən festivallar arasında ən yaxşılardan biridir”
On il əvvəl
klassik repertuarla başlayan festivalın formatı zaman keçdikcə genişləndirilib.
Bir həftədən artıq
davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng
musiqi nömrələrindən,
o cümlədən salsa, flamenko,
caz və əlbəttə ki, klassik əsərlərdən
zövq alıblar.
Bu fikirlər “Åuronews” telekanalında
X Qəbələ Beynəlxalq
Musiqi Festivalı haqqında yayılan süjetdə yer alıb.
Heydər
Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi
və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 30-dan avqustun 7-dək davam edən X Qəbələ
Beynəlxalq Musiqi Festivalı bu yayın musiqi təqviminin əsas hadisələrindən biridir.
Musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya,
Kuba, Macarıstan, Türkiyə, İspaniya,
İtaliya, Gürcüstan
kimi ölkələrdən
dünya şöhrətli
dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın
tanınmış musiqi
kollektivləri iştirak
ediblər. Yerli musiqisevərlər və qonaqlar Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam”
instrumental ansamblının müşayiəti ilə
Azərbaycanın gənc
muğam ifaçılarının,
Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər
Sadıqovun rəhbərliyi
ilə “Qaytağı”
instrumental ansamblının, Macarıstandan gəlmiş
“Budapeşt Gypsy Band” musiqi
qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim
simfonik orkestrinin, Gürcüstanın “Big Band” orkestrinin
konsertlərini izləmək
imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan
bəstəkarı Qara
Qarayevin 100 illik yubileyinə həsr olunub.
“Åuronews” telekanalındakı süjetdə
festivalın başa çatdığı qeyd
olunur. Festivalın bədii rəhbərlərindən
biri, tanınmış
violonçel ifaçısı
və dirijor Dmitri Yablonski telekanala müsahibəsində deyib:
“On il əvvəl tamaşaçılar çox
müxtəlif idi. Bəziləri Avropadan, o cümlədən Londondan
gəlmişdilər. Onlar Kovent-Qardendəki
tamaşaların və
ya Berlin Filarmoniyasındakı
çıxışların həvəskarları idilər.
Bu insanlar tamamilə
gözlənilmədən ömründə
ilk dəfə klassik konsertə gələn, özü də uşaqları ilə gələn adamlarla eyni məkana düşdülər”.
* * *
“Mən bir neçə
gün əvvəl gözəl Qəbələ
şəhərində oldum,
israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun
fortepiano və orkestr üçün 4 nömrəli
konsertini dinlədim.
Bu zaman mən Azərbaycan Respublikasının
– Cənubi Qafqazın
gözəl və qonaqpərvər ölkəsinin,
İsrailin Avrasiyada strateji tərəfdaşının
dünya səviyyəli
gözəl musiqiçilərin
bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq,
tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilməsi barədə
düşündüm. Qürur duyuram
ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib”.
Bu fikirləri isə beynəlxalq münasibətlər
sahəsində tanınmış
israilli ekspert Arye Qut ingilisdilli
“The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni
əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli
məqaləsində yazıb.
Festivalın bədii rəhbərlərindən
Dmitri Yablonski isə
“The Jerusalem Post” qəzetinə müsahibəsində deyib:
“Qəbələ Beynəlxalq
Musiqi Festivalı Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına
görə dünyada
keçirilən beynəlxalq
musiqi festivalları arasında ən yaxşılardan biridir”.
Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern qəzetə açıqlamasında Azərbaycandakı
tolerantlıq və multikulturalizm atmosferini yüksək qiymətləndirib.
Arye Qut məqaləsində diqqətə
çatdırır ki,
Azərbaycanın multikulturalizmi
Qəbələ festivalında
öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin
və musiqinin yanaşı yaşamasının
və harmoniyasının
əks olunmasında idi ki, bunları
yalnız Azərbaycanda
tapmaq mümkündür:
“Bu cür festivalların
məqsədi xoşməramlı
insanlar arasında əlaqələri genişləndirməkdir.
Birincisi,
incəsənətin istənilən
forması kimi musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla
hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən
qəlbən başa düşülür və
bəşəriyyət tərəfindən
yaradılmış bütün
ciddi sərhədləri
aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın
musiqi mədəniyyəti
dünya mülkiyyətinə
çevrilir. Azərbaycan bəstəkarlarının
əsərləri dünyanın
ən yaxşı musiqiçilərinin proqramlarına
daxil edilib. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın
ənənəvi xalq
musiqisi X Qəbələ
Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı”.
* * *
Birləşmiş Ərəb Əmirliklərində
nəşr olunan “Əl Fəcr” qəzetində də Qəbələdə keçirilmiş
beynəlxalq musiqi festivalı barədə geniş məqalə dərc olunub.
Festivalı izləmiş qəzetin
baş redaktoru Şərif əl-Bəsilin
məqaləsində hər
il dünyanın
və Azərbaycanın
nüfuzlu musiqiçilərinin
iştirakı ilə
təşkil olunan beynəlxalq festival və ona ev sahibliyi
edən Qəbələ
barədə ətraflı
söhbət açılır.
Müəllif yazıda festivalın
təşkilində, həmçinin
Azərbaycan mədəniyyətinin
və incəsənətinin
dünyaya tanıdılması
istiqamətində Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini
xüsusi qeyd edir. Yazıda Birinci vitse-prezident
Mehriban Əliyevanın
Azərbaycanda təhsilin
və mədəniyyətin
inkişafı sahəsində
gördüyü işlərdən,
xeyriyyəçilik fəaliyyətindən
bəhs olunur.
Festivalda Azərbaycan bəstəkarlarının,
həmçinin digər
tanınmış musiqiçilərin
əsərlərindən, Azərbaycan
muğamının incilərinə
heyranlığını bölüşən
müəllif bu musiqi bayramının on ildir ənənəvi olaraq keçirildiyini bildirir.
Mədəniyyət.- 2018.- 17 avqust.- S. 3.