“Azərbaycan
kitabının dünyaya
tanıdılması” layihəsi davam edir
Mədəniyyət
Nazirliyinin 2016-cı ildən reallaşdırdığı
“Azərbaycan kitabının dünyaya tanıdılması”
layihəsi çərçivəsində milli ədəbiyyat
nümunələrimizin tərcüməsi, çapı və
Türkiyədə yayılması işi davam etdirilir.
Bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının hekayələrindən ibarət kitab nəşr olunub. Kitabda müəllifin “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələri toplanıb.
Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap edilən kitab türkiyəli oxucuların marağına səbəb olub.
Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin iyul ayı üzrə “Kitab” əlavəsində dərc olunan “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı yazıda Cəfər Cabbarlının “Hekayələr” kitabı da yer almışdı.
* * *
Bundan əlavə, “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə tanınmış yazıçı, tərcüməçi, “Qızıl Kəlmə” mükafatı laureatı Saday Budaqlının hekayələrindən ibarət “Yolüstü söhbət” kitabı da Türkiyədə nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən kitab “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxıb.
Kitabda ədibin “Yağmursuz havalar”, “Yolüstü söhbət”,
“Qırxıncı otaq”, “Yaxşı oğlan”, “Bir yay günü”, “Qoca”, “Şübhə” və s.
hekayələri toplanıb.
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 5.