Gənc musiqiçilər ölkəmizi layiqincə təmsil ediblər

 

Belçikanın paytaxtı Brüsseldə gənc musiqiçilər üçün ənənəvi “Musica Mundi” festivalı keçirilib.

 

Beynəlxalq festivalda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri – Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) və məktəbin məzunu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) görkəmli sənət adamları Leonid Kerbel, Nikolas Angelik, Menahem Pressler, İren Koqan, İtamar Golan, Jerome Pernoo, Aleksandra İvanova, Jan Talik, Petr Prause, Ronald Van Spaendonck və Fien Van den Fonteynenin ustad dərslərində iştirak ediblər.

Tədbir çərçivəsində gənc musiqiçilərimiz dünya şöhrətli violin ifaçısı Maksim Venqerovdan aldıqları ustad dərsinin yekununda onunla birgə böyük səhnədə çıxış ediblər.

Məşhur “Chateau du Lac” səhnəsi və “Ve Martin’s” hotelinin zalında çıxış edən gənclərimiz dinləyicilərin rəğbətini qazanıblar. Azərbaycan bəstəkarlarının da əsərlərini səsləndirən gənc musiqiçilərimiz ölkəmizi layiqincə təmsil ediblər.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 6.