Estoniyada yaşayan rəssam
soydaşımızın sərgisi
Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nur (Quliyev) avqustun 14-də Tallinndə “Mənim yolum” adlı fərdi sərgisini sənətsevərlərə təqdim edib. Sərginin açılışında Estoniyanın sənət adamları və çoxsaylı qonaqlar iştirak ediblər.
“Dizayn və arxitektura” qalereyasında baş tutan sərgidə çıxış edən sənətşünas, qalereyanın rəhbəri Olqa Lyubaskina həmyerlimizin sənətini yüksək dəyərləndirərək deyib ki, o, Estoniyada yaşayan və Azərbaycanı təmsil edən yeganə rəssamdır. “Biz Estoniya Respublikasının 100 illiyi şərəfinə Rövşən Quliyevin sərgisini təşkil etməklə həm də bir mesaj veririk ki, ölkəmizdə müxtəlif xalqların yaradıcı nümayəndələri yaşayır və onlar bizim ölkəmizin mədəni fəxri, milli sərvətidir”, - deyə o bildirib.
Diqqətə çatdırılıb ki, Rövşən Quliyev Tallinn Rəssamlıq Akademiyasını bitirib. Rəssamın əsərlərində Estoniyaya sevgi ilə bərabər öz doğma yurdunun cizgiləri də əks olunur, yaradıcılığında Şərq ənənələrini görə bilirik. Bu Şərq ənənəsi bizi sabaha ümidlə baxmağa səsləyir. Onun öz dəst-xətti var və biz estonlar başa düşürük ki, o, Şərq təfəkkürlü açıq qəlbli bir rəssamdır.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən müəllif tədbirə gələn hər kəsə təşəkkür edib: “Anam və dostlarım yanımdadır. Tallinn şəhərinin rəhbərliyinə, Estoniyanın mədəniyyət nazirliyinə diqqətə görə minnətdarlığımı bildirirəm”.
Sərgidə rəssamın xalçaçılıq və rəsm əsərləri nümayiş olunur. Sərgilənən sənət əsərləri öz süjeti və interpretasiyası ilə diqqət çəkib. Rəssamın düşüncə və texnikası sərgiyə qatılan ziyarətçilərdə xoş təəssürat yaradıb.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 6.