Ekrandakı sərhədçi
Milli kinematoqrafın ən məzmunlu, ən sevilən filmlərinin əksəriyyətinin sovet dövründə çəkildiyini desək, yanlış fikir söyləmiş olmarıq. Üstəlik, uzun illər Azərbaycan sovet kinosunun qəhrəmanları arasında ən çeşidli sahələrin təmsilçilərinə, çox fərqli peşə sahiblərinə rast gəlmişik. Əksər filmlərin də süjet xətti elə inkişaf edirdi ki, biz bu lentlərin qəhrəmanlarını təkcə iş başında, yaxud yalnız evdə məişət rakursundan görmürdük; onları həyatın müxtəlif məqamlarında izləyirdik deyə, həmin filmləri dönə-dönə seyr edirdik. Buna görə də ölkəmiz müstəqillik qazandıqdan sonra, yəni ideoloji-mənəvi dəyərlərin dəyişməsi belə ekran əsərlərinə tamaşaçı marağını azaltmadı.
Elə götürək dövlət sərhədini qoruyan, Vətən torpağının hüdudları keşiyində ayıq-sayıq duran sərhədçilərə həsr olunmuş iki məşhur bədii filmi: “Dağlarda döyüş” və “Doğma sahillər” lentlərini. Hər iki film sovet dövründə çəkilsə də, yəni artıq tarixə gömülmüş fölqəldövlətin – SSRİ-nin hüdudlarını qoruyan insanlara həsr olunsa da, bu filmlərdəki milli ruh, Arazın o tayı, Cənub nisgili mövzusu, üstəlik, əsas qəhrəmanların soydaşımız olması faktı imkan verir ki, onları elə müstəqil Azərbaycan sərhədçilərinin həyatının kino inikası kimi qəbul edək. Həm də bu mövzuya müraciət etmək üçün əlimizdə kəsərli tutalğa var: avqustun 18-i sərhədçilərimizin peşə bayramıdır, Azərbaycanda ilk sərhəd qoşunu dəstəsinin yaranmasının 99 ili tamam olur.
“Dağlarda döyüş”dən başlayaq
1967-ci ildə böyük ekrana çıxmış “Dağlarda döyüş” filmindən söhbət açanda onu daha çox hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş film kimi dəyərləndirirlər. Amma bu filmdə güclü mənəvi-psixoloji qat mövcuddur. Əslində, bu filmə bir-birindən ayrı düşmüş, dünyagörüşü fərqli toplumların mənəvi dəyərlərinə uyğunlaşaraq formalaşan iki doğma insanın – Böyük Vətən müharibəsi (1941-1945) zamanı əsir düşdüyü üçün Vətənə qayıtmaqdan çəkinmiş, lakin doğma torpağa yaxın olmaq üçün Cənubi Azərbaycanı yaşayış məskəni seçmiş Sərxanla (Rza Əfqanlı) onun oğlu, sərhəd qoşunlarında xidmət edən, sovet ideologiyasına qəlbən bağlı olan, yaşadığı sistemin onun kimi gənclər üçün müəyyən etdiyi həyat yolu – zavod, fəhlə yataqxanası, qiyabi təhsil, komsomol toyu, ailə yataqxanası, nəhayət, şəxsi mənzil – seçiminin ən düzgün yol olduğuna inanan və bunu ürək açıqlığı ilə qəbul edən Fərrux (Şahmar Ələkbərov) arasında yaşanan psixoloji qarşıdurma kontekstindən baxmaq daha düzgün olardı. Odur ki, ayrı-ayrı dünyaların adamı olan Ata ilə Oğulun ağlasığmaz görüşündə ən çox iztirab çəkən məhz Sərxandır.
Sərhədi pozan qaçaqmalçılara bələdçilik etməyə razılaşarkən, heç olmasa, doğma yurdun havasını almaq istəyən Sərxan müharibədən bəri eşitdiyi bütün təhlükə hədələrini – Sibirə sürgün qorxusunu, onun vətəni “xəyanətinə” görə ailəsinin incidiləcəyi ehtimalını dəf edərək sovet Azərbaycanına keçir. Əgər Fərrux atasının cəbhədə qəhrəman kimi həlak olduğuna əmindirsə, anası da onun gözlərinin qarşısında vəfat edibsə, Sərxanın xəyalındakı oğlu yekə kişi, həyat yoldaşı isə artıq yaşlaşmış qadındır. Oğlu ilə əks cəbhədə qəfil görüşü, onu dilə tutub, XXI əsr Azərbaycan gəncliyinin can atdığı, lakin sıravi sovet adamının heç xəyal etmədiyi (xaricdə təhsil, avtomobil, səyahət) xoş güzəran vədinin, komsomoldan qovulmaq, “xalq düşməni”nin oğlu kimi damğalanmaq xəbərdarlığının kömək etmədiyini görəndə Sərxanın təslim olmaqdan özgə çarəsi qalmır. Üstəlik, onu təslim olmağa sövq edən oğlu Fərrux da atasının cəzasının yüngül olacağına əmindir. Axı, Fərrux 30-40-ci illərin repressiyasını, II Dünya savaşında əsir düşsə də, vətənə qayıtmağa cəsarət etmiş kəslərin 50-ci illərin birinci yarısında hansı zərbələri aldığını görməyib. Amma...
Filmin son epizodunda Fərrux Sərxanı zastavaya gətirərkən ona bu sözləri deyir: “Get, hər şeyi olduğu kimi danış. Eşidirsən? Olduğu kimi... Əgər doğrudan da günahın yoxdursa, onda mən sənin oğlunam”.
Filmə kövrək notları bir kənara qoyaraq baxa bildikdə gənc serjant Əsədovun bu sözlərindən Pavlik Morozovların dünyagörüşünün əks-sədası gəlir: bu nəsil günahkarlardan imtina edir, onları olduqları kimi qəbul etməyi bacarmır.
Digər tərəfdən, sovet sərhəd qoşunlarının yaradılmasının 50 illiyinə həsr olunmuş “Dağlarda döyüş” filmi II Dünya müharibəsində əsir düşən insanların repressiya qurbanı olması məsələsinin Azərbaycan kinosunda ilk dəfə gerçək göstərilməsi faktı ilə də diqqəti çəkir.
Maraqlıdır ki, “Dağlarda döyüş” filmi uzun illər indiki postsovet məkanında sərhədçi günündə dəfələrlə telekanallarda nümayiş olunubmuş. Bu film haqqında məlumat verən Rusiyanın kino ilə bağlı elektron portallarındakı tamaşaçı rəyləri də göstərir ki, adıçəkilən Azərbaycan filmi haçalanmış ata-oğul münasibətinin gerçək və səmimi təqdimatı ilə, Vətən məhəbbətinin bütün sevgilərdən üstünlüyünü pafossuz göstərməklə daha çox tamaşaçı toplamağı bacarıb. Elə filmin prokata çıxdığı zaman 21,5 milyon tamaşaçı toplaması da bununla bağlı idi.
“Dağlarda döyüş” sonradan görkəmli aktyor kimi tanınacaq Xalq artisti Şahmar Ələkbərovun kinoda ilk işi, Sərxan obrazı isə Azərbaycan səhnəsinin ən güclü Yaqosu sayılan Xalq artisti Rza Əfqanlının kinoda ən böyük roludur. Kamil Rüstəmbəyovun yazıçı Əhmədağa Qurbanovun (sonralar Muğanlı) “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırdığı bu film Azərbaycan kinosunun ən baxımlı nümunələrindən biridir.
“Doğma
sahillər”ə yetişənədək
Azərbaycan kinematoqrafında sərhədçilərə həsr olunmuş filmlərin sayı ilə maraqlandıqda maraqlı bir faktla rastlaşdıq. Demə, kinosevərlərin dönə-dönə baxdıqları “Dağlarda döyüş” və “Doğma sahillər” filmlərinin ekrana çıxdığı illərin arasında sərhədçilərə həsr edilmiş bir neçə sənədli film də çəkilib. “Bizim sərhədçilər” (1971), “Mən sərhədçiyəm” (1976), “Vətən sərhəddən başlanır” və “Vətənin keşiyində” (hər ikisi 1988) sənədli filmləri lentə alınıb. Bu filmləri ayrı-ayrı rejissorlar lentə alsalar da, dörd filmin ssenarisini bir nəfər qələmə alıb: bizim daha çox “Dağlarda döyüş” və “Atları yəhərləyin” (“Qaçaq Nəbi”) filmlərinin ssenari müəllifi kimi tanıdığımız Əhmədağa Muğanlı. Təbii ki, mərhum Əhmədağa müəllim ömrünü həsr etdiyi kinostudiyada işlədiyi illərdə təkcə bu filmlərin mətnini yazmayıb, onun filmoqrafiyasına otuzdan çox sənədli filmin, bir neçə bədii lentin adı düşüb, redaktor kimi isə onlarla filmdə çalışıb.
Sərhəd və sərhədçi mövzusuna həmkarlarından daha çox maraq göstərən kinodramaturq deyərmiş: “Mən sərhəd rayonunda böyümüşəm. Gözümü açıb sərhəd, sərhədçi görmüşəm. Tale elə gətirib ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında qulluq eləmişəm... Əlbəttə, mən belə bir mövzudan yan keçə bilməzdim”.
* * *
İki qonşu dövlət – İran və SSRİ sərhəd zonasında birgə iri su elektrik stansiyası tikməyi planlaşdırır. İctimai-siyasi sistemi, ideoloji dəyərləri fərqli olan iki qonşunun belə bir əməkdaşlığı Qərbdə heç də yaxşı qarşılanmır. Maraqlı dairələr təxribata əl atmaqla bu layihənin qarşısını almağa can atırlar. Yalnız igid sovet sərhədçilərinin (azərbaycanlı polkovnik Musa Nəsibovun başçılıq etdiyi sərhəd dəstəsi) yerli əhali ilə birlikdə apardığı kəşfiyyat nəticəsində təxribatla mübarizə uğurla nəticələnir.
Ssenari müəllifi Əhmədağa Muğanlı, quruluşçu rejissoru Əbdül Mahmudov olan filmdə Cənubi Azərbaycan nisgilimizə çox qabarıq olmasa da, yenidənqurma dövrünün izn verdiyi çərçivədə yer verilib. Bu filmin “Dağlarda döyüş”dən bir fərqi də budur ki, film konkret bir şəxsə - bütün ömrünü sərhədçi peşəsinə həsr etmiş, məsul vəzifələrdə çalışmış general Mustafa Nəsirova həsr olunub. Qeyd edək ki, “Doğma sahillər” uzun və mənalı ömür yaşamış, sərhəd qoşunlarında general-mayor rütbəsi almış ilk azərbaycanlı Mustafa Nəsirovun (1921-2012) fəaliyyətindən bəhs edən yeganə bədii nümunədir.
Bədii məziyyətlər və insan duyğularına təsir baxımından “Dağlarda döyüş”dən geri qalan “Doğma sahillər” bir də təxribatçılığı sonradan üzə çıxacaq qəhrəmanların daha dolğun, daha qəliz tərzdə verilməsi ilə maraqlıdır. Məsələn, görkəmli aktyor, Xalq artisti Həsən Məmmədovun oynadığı Nuru obrazını aktyorun sənət karyerasında ən maraqlı obrazlardan biri kimi dəyərləndirmək mümkündür. Filmin baş qəhrəmanı polkovnik Musa Nəsibov rolunda Xalq artisti Tariyel Qasımov çəkilib. Həcm baxımından bu, tanınmış aktyorun kinoda ən iri roludur.
Bəs hədiyyə nə olsun?..
2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, Şərqin ilk demokratik respublikasında da bir çox strukturların yaradılmasının bir əsrlik yubileyləri ilə əlamətdardır. Dövlət Sərhəd Xidmətinin yüzillik yubileyi isə gələn il qeyd olunacaq.
Xatırladaq ki, 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Cümhuriyyətin Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk sərhəd qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda “Sərhəd qoşunları günü” kimi təsis edilib.
Bir sözlə, bir əsrlik yubileyə hələ bir il – bu müddətdə titrlərində, yaxud proqramında “Azərbaycan Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunur” cümləsi yazılmış sənədli film çəkmək, yaxud tamaşa görmək, tematik sərgi açmaq üçün kifayət qədər imkan var.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 10.