“Türk tarixini, coğrafiyasını bütöv olaraq görürük”

 

Refik Turan: “Tarixi filmlər bir elmi qurumda akkreditə edilsə, ssenarilər daha uğurlu olar”

 

Müsahibimiz Ankarada fəaliyyət göstərən Türk Tarix Qurumunun rəhbəri Refik Turandır. Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulan Türk Tarix Qurumu türkdilli cümhuriyyətlərin müstəqillik əldə etməsindən sonra Türk dünyası istiqamətində də fəaliyyətlərini genişləndirib. Refik bəylə söhbətimiz qurumun əsas hədəfləri, dəyişən şərtlər çərçivəsində yeniləşən layihələri, Azərbaycan da daxil olmaqla, Türk dünyasına yönəlmiş yeni fəaliyyətləri ilə bağlı oldu.

 

 - Refik bəy, Türk Tarix Qurumu hansı zərurətdən yarandı?

 

- Türk Tarix Qurumu və Türk Dil Qurumu Türkiyə Cümhuriyyətinin ilk köklü qurumudur. Türk Tarix Qurumunun əsası 1931-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qoyulub. O zamanlar Qərb dəqiq elmlər sahəsində irəli getdiyi kimi, sosial bilimlər sahəsində də inkişaf etmişdi. Onlar təkcə Avropanın deyil, başqa ölkələrin tarixlərini də yazmışdılar. “Burda nə var ki”, deyə bilərsiniz. Məsələ burasındadır ki, Qərb elm adamları bu tarixi öz nöqteyi-nəzərindən yanaşaraq yazmışdılar. Bəzi yerlərdə elmi əsası olmayan yalanlara rast gəlinir. Bilirsiniz ki, tarix siyasəti yönləndirir. Dövlətlərin gücünə təsir edən bir yönü var tarixin. O, beynəlxalq münasibətlərin ana sütunlarından biridir və insanlara milli kimlik, şüur verir. Atatürk bunun fərqinə vardı. O zaman türklərin müasir tarixini də qərblilər yazmışdı. Buna görə də Atatürk xüsusi bir qurum yaratmaq qərarına gəlir. Türklərin tarixini elm adamları yazsın, amma yaradılan mərkəzdə türk araşdırmaçılar olsun, dedi. Bu da geniş miqyasda gerçəkləşdi. Elm adamlarının əksəriyyəti daha çox Türk dünyasından gəlirdi. O dönəmdə başqırd əsilli tarixçi-türkoloq Əhməd Zəki Vəlidi Toğan, tatar əsilli tarixçi Akdes Nimet Kurat və digər alimlər bu mərkəzdə çalışırdılar. Atatürk Almaniyada Hitler rejimindən xoşlanmayan bir çox elm adamını da Türkiyəyə dəvət etmişdi. Onların önəmli bir hissəsi uzun müddət Türkiyə universitetlərində çalışdılar. Elmi inkişafda bu alimlərin çox böyük təsiri oldu. Bu gün Türk Tarix Qurumu Türkiyə və ümumtürk tarixi ilə bağlı işlər görür, kitablar nəşr etdirir, bu sahədə çalışanlara dəstək verir, onların yazdığı əsərləri nəşr etdirir. Dövlət qurumları içərisində hazırda ən çox kitab çap edən bu qurumdur. “Belleten” adlı bir dərgimiz də var. Bundan başqa, Türk Tarix Qurumu bəlli mövzularda elmi konfrans, simpozium, panel və başqa tədbirlər keçirir. Həm də müxtəlif layihələrlə məşğul oluruq. Məsələn, böyük həcmdə Osmanlı dövrü tarixi sənədləri var, məndən öncəki rəhbərlər bununla məşğul olmuşdular, mən də bu fəaliyyəti davam edirirəm. “Erməni məsələsi” ilə bağlı geniş bir külliyyatımız var, 10 cildi çap olunub. Gələcəkdə 25 cild olacaq. Bununla bağlı materialları ölkə içindən və xaricdən toplamışıq. Bəlli düzənə salındıqdan sonra bu toplunu da  yayımlayacağıq.

- Qeyd etdiniz ki, tarix siyasəti yönləndirir. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra türk cümhuriyyətləri öz müstəqilliklərini əldə etdilər. Bu tarixi proseslər nəticəsində fəaliyyətinizdə hansı dəyişikliklər oldu?

- Türk cümhuriyyətlərinin müstəqillik əldə etməsindən sonra belə bir məsələ gündəmə gəldi: ortaq türk tarixi. Bununla bağlı bəzi işlər də görüldü. Bu çalışmalarda Türk Tarix Qurumu da iştirak etdi. Bu işlərin bir qismi ilkin şəkildə qurumumuzda qalmaqdadır. Amma tətbiq olunması asan olmadı. Ortaq tarix kitabının yazılması gözəl bir fikirdir. Amma yaşadığımız hadisələr çərçivəsində gerçəkləşməsi asan deyil. Mən də öncə bu işi davam etmək istəyirəm. Bu məsələnin müxtəlif tərəfləri var.

Məsələn, ortaq türk tarixi deyirik, amma bu kimə görə yazılsın? Uşaqlara görə, gənclərə görə, ictimaiyyətə görəmi? Yəni öncə onun istiqamətini müəyyən etmək, sistemini qurmaq lazımdır. Tarix qurumu bunu gerçəkləşdirə biləcək gücdədir. Bununla bağlı bəzi materiallar var. Onların da üzərində işləyə bilərik. Amma öncə bir əsəri ortaya qoymaq, sonra da Türk dünyasına səslənmək lazımdır ki, buyurun, burda belə bir əsər var, təqdim etmək lazımdır. Məqsədimiz budur. Amma qəbul edilər, edilməz, bu artıq başqa bir mövzudur.

- Yeri gəlmişkən, bu gün müəyyən qurumlar, ictimaiyyət və elm  xadimləri tərəfindən “ortaq tarix”dən başqa, həm də “ortaq dil”, “ortaq əlifba” kimi məsələlər gündəmə gətirilir. Buna münasibətiniz necədir?

- Türkiyə Milli Təhsil Nazirliyi və Türk Tarix Qurumunun 1991-ci ildən bəri ortaq tarix, dil, ədəbiyyat, əlifba çalışmaları oldu. Qərarlar da qəbul edildi. Amma tətbiq olunma baxımından yetərli bir səviyyəyə gəlinməsini söyləyə bilmərəm. Yarımçıq qalsa da, belə bir fəaliyyətlərin xoşniyyətli, faydalı olduğunu söyləmək mümkündür. Sadəcə, bizim bu işlərlə məşğul olmaq üçün zamana ehtiyacımız var.

 

- Həm də Türk dünyası yalnız mövcud türk cümhuriyyətlərindən ibarət deyil...

 

- Əlbəttə. Türklər Çin, Macarıstan, Hindistan, Rumıniya, Rusiyada da yaşamaqla geniş bir coğrafiyanı əhatə etməkdədir. Təbii ki, hazırda müstəqil türk cümhuriyyətlərinin varlığı bizim üçün çox önəmlidir. Amma bu cür layihələrlə geniş türk coğrafiyasını əhatə etmək böyük hədəfimiz olmalıdır.

 

 - Azərbaycanla əməkdaşlıq fəaliyyətinizdə necə bir yer tutur?

 

- Türkoloqların ifadəsi ilə Azərbaycan Qərb-Türk elinin iki ana qolundan biridir. Onun biri Türkiyədir. İki ana qolun bir-birinə yaxın olmasını təmin edən təməl ünsürlər var. Bunun da biri tarixdir. Bərabər yaşanmış uzun bir tarix var ki, bu da Səlcuq dönəmindən başlanıb. İkincisi, dil yaxınlığımızdır, danışdığımız dil türkcədir və nə qədər fərqlər olsa da, bir-birimizi anlamaqda bir problem yoxdur. 1991-ci ildən sonra dil yaxınlaşması daha da artdı. Üçüncüsü, ümumi anlamda mədəniyyət və dindir. İslam bu mənada önəmli bir dəyərdir. Başqa önəmli xüsusiyyət də iqtisadi əməkdaşlıq, qırılmaz bağlardır. Bakı-Tbilisi-Ceyhan boru xətti ana damardı. Buraya TANAP, Bakı-Qars dəmir yolu da daxildir. Ona görə də Azərbaycanla əməkdaşlıq hər zaman fəaliyyətimizdə önəmli bir yer tutmaqdadır.

- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu. Türk Tarix Qurumu bu yubiley ilə bağlı tədbir keçirdi. Bu mənada 100 il əvvəlki Cümhuriyyətin tarixi, onun qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirləriniz maraqlıdır...

- Rəsulzadə Azərbaycanın yetişdirdiyi böyük bir fikir adamı, dövlət, siyasət adamıdır. O, Azərbaycanın olduğu qədər, həm də Türkiyənindir. Çünki sadəcə Azərbaycan ictimaiyyətinə deyil, bütün Türk dünyasına və Türk tarixinə baxış sərgilədərək fikirlərini yazmışdı. Azərbaycanda yaşayıb, amma İranı, Türkiyəni, Avropanı da yaxından gəzib-görmüş, tanımış bir insan idi. Özü də çox zəki, bilgili bir insan olub. Cəsarət sahibi, dövrünün fövqəladə liderlərindən biri olub. Qaldırdığı bayraq Azərbaycana verdiyi bir ruhdur. Cəhdləri tam hədəfə çatmasa belə, böyük bir təməl qura bilmişdi. 1918-ci il çox maraqlı bir tarixdir. Bakının rus və ermənilərdən xilas edilib paytaxt elan olunması kimi mühüm hadisələrdən biri məhz 1918-ci ildə baş verib. Ən önəmlisi də Rəsulzadə və silahdaşları tərəfindən Azərbaycan Cümhuriyyətinin qurulmasıdır. Mən bu yaxınlarda Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfransa qatıldım. Ankarada bir proqram gerçəkləşdirdik. Azərbaycan Xalq Cümhuriyyəti Türk dünyasında beyinlərdə istiqlal işığı yandırdı. Türk dünyasının başqa yerlərində də belə hərəkatlar olmuşdu. Amma ilk Cümhuriyyət Azərbaycanda quruldu.

 

- Refik bəy, Türk Tarix Qurumunun yaradılmasından uzun bir vaxt keçir. Maraqlıdır, keçən müddətdə hədəflərinizdə hər hansı bir dəyişiklik oldumu?

 

- Ana hədəflərdə dəyişmə yoxdur. Türk tarixini, coğrafiyasını bütöv olaraq görürük. Çalışmalarımız da bu formadadır. Türk dünyasını qoca bir ağac olaraq görürük. Son zamanlar Türk dünyası ilə əməkdaşlıq sürətlənib. Birgə toplantı və araşdırmalar aparırıq. Türk respublikaları arasında daha çox Azərbaycan, ikinci isə Qazaxıstanla birgə əməkdaşlıq edirik. Təbii ki, bu sırada Özbəkistandan, Doğu Türküstandan da bizimlə çalışan elm adamları, araşdırmaçılar var.

 

- Türkiyədə son dönəmlərdə tarixi filmlərə maraq çoxalıb. Sizcə, bildiyiniz tarix filmlərdən necə görünür?

 

- Birincisi, bu işi maariflənmə kimi görürük. Filmlər tarix deyil, amma faydalıdır. Həqiqətə də bağlı ola bilər, insan xəyalının məhsulu da ola bilər. Biz buna müsbət baxırıq. Ən azından tarixlə əlaqəni artırdı, tarix mövzusunda həssaslığı artırdı, toplumun tarixə dönməsini təmin etdi. Düşünürəm ki, tarixi filmlər bir elmi qurumda akkreditə edilsə, ssenarilər daha uğurlu olar.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 11.