Ulu QƏLƏMin fransız
İmperatoru
“Napoleonun qılıncla
başladığını mən qələmlə
tamamlayacağam!” demiş Onore de Balzak…
XIX əsr
Qərbi Avropa realizminin zirvəsi, bəşəriyyətin mənəvi
inkişafında nəhəng irs addımı hesab edilən
bu dahi, öz fitri istedadından əlavə, həm də
Avropaya yeni dirçəliş lərzəsi salan
1789-1794-cü illər burjua inqilabı, fövqəlşəxs
Napoleon hakimiyyəti, mütləqiyyət üsul-idarəsinin
bərpası və devrimi, digər ictimai-siyasi
çaxnaşmalar... mühitinin yetirməsi idi. Gəncliyindən
sənət aləminin imperatoru olmaq fikrinə
düşmüş yazıçının bu yazının
başlığı altındakı sözləri
Bonapartın heykəllərindən birinin özülünə
həkk etməsi heç də təsadüfi deyildi...
Bu
dahinin uşaqlığı ana nəvazişindən xali, ata
qayğısından kəm keçib. Otuzundan
ölümünədək “kofe düşkünü”
(gündə 28-30 fincan), “yüz altmış beş sm-lik
boyda, çöp kimi iki qıç üstündə
dünyanın ən dahi və ən gonbul baş-bədənini
gəzdirən” kimi epitetlər də qazanası bu
uşağı böyütməyi özləriyçün
“artıq iş” hesab edən valideynləri dörd
yaşında ikən onu pansionata verib, həftədə bircə
dəfə (yarımca saat və dinməz-söylənməz)
görüşürmüş. Hətta, bu uşaq bir dəfə
onları görərkən
qışqıra-qışqıra süd anasının
üstünə qaçaraq deyib: “Anacan, o iki acıqlı
adam yenə gəlir!..”
(Əsl
anaların “ayaqları altındakı cənnəti” öz
zövqi-səfaları üstünə çıxaranlardan
olmuş o “ana”, fiziki cəhətcə bir qədər
qüsurlu doğulmuş (doğduğu) bu övladının
ilk qələm məhsulunu oxutduğu tanış bir professorun:
“Yaxşı olar ki, oğlunuz özünə başqa bir
peşə seçsin” rəyini eşidərkən, məncə,
üzünə, heç vaxt Onoreyə
qıymadığı xoş bir təbəssüm də
qonmuş olarmış...)
Bir
az böyüdüyündəsə, bu ata-analı yetimi kollecə
qoyurlar – “təki gözümüzdən uzaq olsun” – deyə. On
dörd yaşında keçirdiyi ağır əsəb xəstəliyi
səbəbindən müvəqqəti olaraq evə gətirilir
və bir aydan sonra Parisə köçən Balzaklar ailəsi
onu yenidən pansionata yerləşdirir. Beləliklə, Onore
on səkkiz yaşınadək doğal ağuşlardankənar
yaşayıb-böyüməli olur və... şöhrət
zirvəsində ikən jurnalistlərdən eşitdiyi
çoxsaylı suallardan birinə belə cavab verir: “Mənim
heç zaman anam olmayıb...”
Amma
nədənsə, atası haqda bir yadigarnamə yazmayıb.
Özü
isə, sırf ilahiyyat cameəsinə mənsub həqiqi
“müqəddəs ata”lar qədər imanlı bir “ədəbi
ata” olub. Sağlığında (bəzi şöhrət rəqiblərinin
yaratdığı rəyə görə) “1000 fransızdan
biri”, cismani yoxluğundasa, dünyanın “ən çox oxunan
və ən çox öyrənilmiş 100 şəxsiyyət”
nominasiyasına düşmüş bu sənətkar tarixən
ictimai-siyasi-sosial təbəddülatlar qaynağı olmuş
(və olası) cəmiyyət, ayrı-ayrı şəxsiyyət,
sinif və zümrələrə ədəb-irfani “yol vərəqəsi”
yaradıb. Dünya tənqidi Balzak irsini özünəqədərki
fransız dahilərinin fırça, tişə və
notlarla yaratdığı şedevrlərin ən
anlaşıqlı (bəzi məziyyətlərinə görə
ən üst) analoqu, özündənsonrakılar
üçünsə, hələ ki, müqayisəsiz dərəcədə
mükəmməl özül kimi dəyərləndirib.
Yuxarıda
onun dünyaya gəlişi, görüşü və ədəbi
gərdişindən müxtəsərcə bəhs etdik,
dünyadan gedişi isə Viktor Hüqonun söylədiyi
nitqdə:
“Məzara
yatırdığımız bu insan, cəmiyyətin
ağrı ilə yola saldığı şəxsiyyətlərdəndir.
İctimai nəzərin idarə edənlərdən daha
çox mütəfəkkirlərə yönəldiyi indiki
zamanda istedadlı insanın ölümü
çoxlarının, dahi insanın ölümü isə
xalqın matəmidir...
Cənablar,
Balzakın adı zəmanəmizin tarixdə buraxacağı
parlaq bir izdir. Onun həyatı qısa, amma çox zəngin
oldu; günlər sarıdan az, zəhmət və şöhrət
sarıdan bol...
Bu əzab-əziyyətzadə
zəhmətkeş, bu filosof, bu mütəfəkkir, bu
dramaturq, bu dahi bizim aramızda hədə, mübarizə,
dava-dalaş, döyüşlərlə dolu bir həyat
keçirdi. Bəli, zəmanəmizdə böyük şəxsiyyətlərin
hamısı məhz belə həyat yaşamağa məhkumdur.
İndi
o, yalnız məzara deyil, həm də getdikcə artası
daha böyük şöhrətə qovuşur. Bundan sonra
indiyəqədərkindən daha canlı və dəfələrlə
çox yaşayası bu dahi, Vətənimizin göylərindəki
ulduzlara qoşulub, üstümüzə işıq
saçacaq...
Belə
bir itkinin qarşısında kədərimiz nə qədər
böyük olsa da, məyus olmamalıyıq. Gəlin, bu
itkini içindəki bütün qəddar kədərilə
birlikdə qəbul edək. Nə etdiyini yaxşı bilən
tale xalqı nəhəng sirlə üz-üzə qoyanda, ən
ali bərabərlik və ən ali azadlıq olan ölüm
barədə düşünmək imkanı verir. Yəni,
dühaların köç etdiyi yer görünməz-bilinməzlik
deyil, əbədiyyətdir. Balzakın məzarı kimi məzarlar
ölümsüzlüyün sübutudur...”
Bu “sübut”a –
İkicə
nümunə
Öz
dahi qələm-qılıncının bənzərsiz təhkiyə-üsul-üslubu
ilə qan-qadasız öldürdüyü “dahi” simic Qobsek;
Dünyanın
bütün gələcək övlad-oxucularında psixoloji
faciələrinə analoqsuz acılar və şəfqətlər
yaratdığı, praktik qınaq və ibrət hisləri
oyatdığı Qorio ata...
Bu mətləblər
astanasında bu müəllif özəllikləri haqda bir-iki
nüans.
Keşməkeşli
həyatı, titanik yaradıcılığı ilə
tanışlıqdan belə məlum olur ki, bu ədib qələm
çaldığı minlərlə yazı kağızının
heç birini nə (sadəcə) ana fransızcanın nəhayətsiz
gözəlliklərini sərgiləməkçün
başlayıb, nə də onu bu sənətə xüsusi
şərtlə (“Sənə ikicə il vaxt verirəm; ya bu
müddətdə məşhur yazıçı olub, bizi təmin
edəcək pul qazanmalısan, ya minbir əziyyətlə
düzəltdiyimiz notariat işinə qayıtmalısan!”)
buraxmış anasının təhdidilə bitirib. Və
“quru”ca qrafik işarələrdən ibarət olan bu çərçivəsiz,
nəhayətsiz tablolarda dünyanın bütün
coğrafi, irqi, siyasi sərhədlərini
aşıb-keçən bir-birindən gözəl,
maraqlı, həyat-yaşam baxımından olduqca vacib mənzərələr:
gah daşa, gah güdülən hədəfə dəyən
arzu-ümidlər, hızlı qəzəb, gizli məkrlərdən
doğan faciələr, bütün bunlara laqeyd qalan cəmiyyətə,
habelə konkret bais şəxslərə yönəli məzhəkələr,
yeri gəldikcə kinayələr, tarixən sərvət-mənfəət
ehtirası qurbanlığına çevrilən bəşərin
halına filosofanə acımalar, üzvü olduğu məxluqatın
seçkin (və məsul) bir nümayəndəsi kimi təəssüb-təəssüflər...
və nəhayət, bu amansız, xislətən nasaz
ictimai-psixoloji mühərrikin sazlanması üçün
fenomenal ustad, bənzərsiz istedad mühəndisliyilə
yapılan çarələr...
Hə,
“iki nümunə” məsələsi.
Öncə,
öz dövrünün mənəvi eybəcərliyini,
hökmü-sərvət hakimiyyətinin hər
üzünü bütün “parlaq”lığı ilə sərgiləmə
gücü ilə bütün obrazlardan seçilən Qobsek
barədə.
Ümumdünya
“oxucu dilində” adı “istismarçı” sözünə
sinonim kimi işlənən, “şanlı” sovet illərimizdə
“çürümüş”, “iylənmiş” jarqonları ilə
andığımız kapitalizm etiketi olan bu
büzüşmüş qoca dahi Balzak qələmilə
yaradılmış portretində o mühitin baş ticarət
romantiki kimi də canlanır; toruna düşənlərin əsl
hökmdarına çevrilən bu sələmçi, insan
ruhunun tənəzzülünü seyr etdikcə,
qazandığı mənfəətdən də artıq
zövq alır. Ancaq, burası da var ki, dünya oxucusu (hətta,
Hacı Qara kimi fenomen bir irsə malik bizlər də) yazıçı
qələmilə tapılmış bu “arxeo”-psixoloji “eksponat”
səbəbilə, həmin o “qazanc simvolu”ndan daha çox
qazanır, daha artıq zövq alır və onlardan biri
yazır ki, Balzak bu povestdə – dünya oxucusuna həm də
siyasi iqtisad dərsi deyən fenomenal bir universitet professorudur...
Bir qədər
də, dahi ədibin ümumcəmiyyət fonlarının ən
mükəmməl donlarında yaratdığı obrazları
içərisində seçilmişlərdən, ümumən
“Bəşəri komediya”nın əsas sütunlarından olan
“Qorio ata” barədə.
Bu
atanın bütün həyati xoşbəxtlik, öyünmə
duyğularının zirvəsində nə dursa
yaxşıdır? Qızlarının gözəlliyi!
Onları real-həyati dünyaya gətirmiş bu bioloji ata, hər
baxışla görünən bu zahiri keyfiyyətlə fəxr edir. Bu bədii
atanın özünü ədəbi həyata gətirənədək
saysız-hesabsız olan və olabilən hadisələrdən
xəbərdar müəllif isə bu mətləbə
milyonların görə bilmədiyi nöqtədən
baxıb: fiziksəl gözəllik, bəzi məqamlarda,
müharibə və zəlzələlərdən də
dağıdıcı bir qüvvədir...
Əvvəllər
taxıl-vermişel ticarətilə məşğulluqdan
yaxşı pul qazanan Qorio ata arvadının
ölümündən sonra, kübar yaşam naminə
bütün var-dövlətinin axırına
çıxası iki qızına olan son dərəcə
güclü atalıq duyğusuyla həyatın bir-birindən
qəddar bilinməzliklərini yaşayır; o, heç bir
istəyinə yox deyə bilmədiyi bu şıltaq
övladlarını hamıdan daha şən, daha xoşbəxt
etmək arzusunun “girovundadır”; öz gözəlliklərilə
bütün ətrafı məftun, o dövr cəmiyyətində
ümummental azara çevrilmiş şöhrətpərəstlikləriləsə
ailəni məğmun edən qızlarının
“hesabına” tamamilə müflis və yalqız qalır.
Bəli,
bu başıbəlalı atanın yeganə günahı
balalarına olan şiddətli məhəbbətidir! Yoxsa o,
ölüm yatağındakı canüzücü monoloqunda nə
qızlarının dalınca jandarm göndərilməsini tələb
edər, nə yolpullarını özü verəcəyini
bildirib yalvarardı...
Dahi
qələmindən çıxmış əsərlərin
şərhi-nəqlini bir məqalə çərçivəsinə
sığışdırmaq cəhdi, təxminən, bircə
ömür yaşayıb-gördüyün bu dünyanı
“başa düşdüm” iddiasına bənzədiyindən, ədəbi
(və əbədi) Balzak fəlsəfəsindən –
Soraqlar
Öncə,
bu mütəfəkkir varlığın qələmilə
postulatlaşmış (“hikmətli sözlər”ləşmiş)
əlliyə yaxın təfəkkür qaymağından
yeddicə nümunə: “Dürüstlük bahalı bir
mülkdür – ucuz insanlarda tapılmaz”, “Bir ana ürəyini
dibində daim əfv olan bir uçuruma da bənzətmək
olar”, “Gözəllik çox vaxt qüsurları gizləyən
bir örtükdür”, “Fəlakətin bir
yaxşılığı varsa, həqiqi
dostlarımızı tanıtmasıdır”, “İnsan ya
ağrılarını unutmalı, ya öz məzarını
qazmalıdır”, “Yoxsulluğun hökm sürdüyü yerdə
nə utanma qalır, nə cinayət, nə namus, nə
ruh...”, “Savadın sahibkarı olmaqçün
çalışmanın xidmətçisi olmalısan”.
Bu dərəcəli
təfəkkürdə olmuş bir adamın: “Mənim əsərlərimdə
tarixçi fransız cəmiyyətinin özü olacaq; mən
sadəcə, onun katibi sifətində çıxış
edəcəyəm” deməsi xeyli
düşündürücü bir mətləb...
Tarixçilərin
unutduğu əxlaq və adətlərin “anket”ini yaratmaq qərarına
gəlmiş Balzaka görə, adi məqam sahibləri
qısa bir dövrün, əsl sənətkarlar isə əsrlərin
hakimidirlər. Və o bunu (qlobal ədəbi-estetik məziyyətlər,
ümumbəşəri fəlsəfi-realistik mənzərələr
qalereyasını) bütün ömrünü həsr etdiyi
97 novella, povest və romandan ibarət “Bəşəri
komediya” epopeyası ilə sübut etmiş oldu. Yeri gəlmişkən,
ədiblik ünvanına “okean kimi nəhayətsiz”, “bir dahilik
burulğanı”, “ədəbi iddialar fırtınası”, “təsvir-təəssürat
ehtirasları tufanı” kimi frazalar işlənmiş bu
çox yaxın dahi öz “yığma”
epopeyasınının adını çox “uzaq” dahinin –
florensiyalı Dantenin “İlahi komediya”sı ilə “alternativ”ləşdirməsinin
özü də bir cəsarət və özünəgüvən
dahiliyi!
Özünün
bənzərsiz fəlsəfəsini – insan ehtirasları və
instinktləri fəlsəfəsini yaradan böyük ədib
çoxsimli insanlığın ən həssas (bəzən ən
“sarı”) simlərinə toxunub: Paris qadınları içərisində
dəb bir paltarçün öz balalarını acından
öldürməyə qadir olanlar, saxta məhəbbətin
intiqamını həqiqi məhəbbətdən alanlar var.
Qısası, “ehtiras – bütün insanlıq budur!”
Yəqin,
həm də bu acılı-şirinli universallığına
görə onun “Bəşəri komediya”sını “XIX əsr
Fransasının salnaməsi” adlandırırlar...
Nəhayət,
o böyük yazıçı ilə bu kiçik
yazının –
Sonluğu
Çox
çətinlik və halallıqla qazandığı
pulları bəzən bir anda havaya (bir qismini də
şöhrət yaxasından əl çəkməyən
qadınların badına) verənlərdən olmuş bu ədib
ölümünə bir neçə ay qalmış, pul
içində üzən (illərlə gah anonim, gah
açıq məktublar aldığı, iki dəfə
Rusiya şəhərlərində təsadüfən
rastlaşdığı polyak əsilli zadəgan) bir
qadınla evlənib, toy səyahətindən evinə
qayıtdıqda, uzun illər ona çox sədaqət və
nəvazişlə xidmət edən xidmətçisinin dəli
olduğunu görüb: “Bu, yaxşı əlamət deyil!” –
deyə çığırır. Az müddət
keçmiş illər gərginliyində zəifləyən
ürəyi durmadan çırpınır,
çırpınır və əlli bir ildə onu həddən
ziyadə yükləmiş sahibinin: “Byanşonu
çağırın gəlsin... məni bu vəziyyətdən
ancaq o xilas edə bilər!..” sözlərindən sonra əbədi
dayanır...
Həmin
o həkim Byanşo isə, 20 may 1799-da Tur qəsəbəsində
anadan olub, otuz yaşında “Dahilər ucqarlarda doğulur,
Parisdə ölür” deyib, 18 avqust 1850-də Parisdə vəfat
etmiş bu dahinin 21 min vərəqlik “Bəşəri
komediya”sındakı dörd mindən çox qəhrəmanından
biri idi...
Bu an
onun hikmətli sözlərindən biri də düşdü
yadıma: “Yuxunun öhdəsindən gələ bilmədiyi
heç bir acı yoxdur”.
Bütün
acılarla bərabər, bütün şirinlərin də
öhdəsindən gələ bilən əbədi yuxu isə
bu dahinin zaman-zaman artaraq dünyanı cənginə alan
şöhrətinin öhdəsindən gələ bilmədi...
Tahir ABBASLI
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 13.