Şirinduzlu qələm sahibi

 

 

 

 

Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri vaxt ötdükcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin yazarlar da var ki, illər, qərinələr keçsə belə, qəlbimizə həkk olunur. Belə sənət-söz ustadlarından biri də Seyfəddin Dağlıdır.

Görkəmli naşir, publisist, dramaturq, tərcüməçi, yumoristik novellalar, hekayələr müəllifi S.Dağlının qələmindən çıxan hər yazı həm ədəbi ictimaiyyət, həm də oxucular tərəfindən maraqla qarşılanar, əsərləri sevilə-sevilə oxunardı. Özünəməxsus yaradıcılıq üslubu, dadlı-duzlu, yumorlu dili onu həmkarlarından fərqləndirirdi. Həyat həqiqətlərinə sadiqlik onun əsərlərinə əsl işıq gətirmişdi. Son dərəcə zəhmətkeş bir yazıçı idi. O, sözün üstündə cəfakeşliklə çalışar, hər kəlmə, ifadə uğrunda məsuliyyət hissi keçirərdi. O, cəmi 62 il yaşasa da, mənalı ömür sürdü. Həm şəxsiyyət, həm də yazıçı kimi. Zaman ona qarşı haqsızlıq etdi. O, yaradıcılığının çiçəkləndiyi bir dövrdə əbədiyyətə qovuşdu.

* * *

Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci il avqustun 27-də Xızıda dünyaya göz açmışdı. Körpə ikən anası Qəmər xanım vəfat edib. Seyfəddinin atası Əliağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə burada oxuyub. Əmək fəaliyyətinə hələ tələbə ikən “Kommunist” və “Ordu” qəzetlərində başlayıb. Dövlət Radio Komitəsində baş redaktor (1956-1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktor işləyib.

1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları ilə  geniş oxucu kütləsinin rəğbətini qazanıb. 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

* * *

Ədəbiyyatımıza dəyərli dram əsərləri, roman və povestlər, çoxlu sayda hekayə, yumoristik novellalar və tərcümələr bəxş etmiş yazıçının bədii dünyası zənginliyi və təkrarsızlığı ilə diqqəti çəkib. Onun əsərlərində hər şey canlı təsir bağışlayır, inandırıcı görünür, insanı sehrinə salır, ovsunlayır, gülüş doğurur. Sözün dəyərini və çəkisini bildiyi üçün o, gərəksiz yerə yazmır, yazdıqlarının arxasında bəlli bir məram və niyyət durur. Əsərləri yeniləşən zamanla birlikdə təzəliyini, təravətini qoruyub saxlayır.

O, ahəngini Azərbaycanın dahi ədiblərinin ahəngindən götürmüş bir şəxsiyyətdir. Yaradıcılığa şeirlə başlayan S.Dağlı məşhur şair olmasa da, duzlu-məzəli misralar yazıb. Hətta ustad bəstəkarımız Cahangir Cahangirov onun neçə-neçə şeirinə musiqi bəstələyib. Amma S.Dağlı ədəbi aləmdə satirik hekayələr ustadı, gözəl felyetonçupublisist kimi qəbul olunurdu.

Olduqca həssas, dərin yazıçı müşahidəsinə malik olan S.Dağlı öz satirik hekayələrində kimlərə gülürdü? İlk növbədə fırıldaqçılara, hiyləgərlərə, rüşvətxorlara. Onun tənqid hədəfləri öz müasirləri idi. Bir müəllif kimi satirik hekayələrində çox aydın, sadə bir dillə və məharətlə mənfi tipləri gülüş hədəfinə çevirərək onları bu yolla islah etməyə calışırdı. S.Dağlı “Rüşvətdar” adlı hekayəsində qəhrəmanı sadəcə gülməli vəziyyətdə təqdim etmir, həm də onun vəziyyətinə bir növ ağlayır. Əli rüşvət verməyə alışmış bu tipin ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır.

Onun ilk kitabının adı “Məşəl” idi. Hər dəfə bu əsəri yenidən oxuyanda müəllifin vətəndaşlıq qayəsinə, qətiyyətinə, ana dilimiz uğrunda apardığı mübarizəyə heyrət etməyə bilmirsən. S.Dağlı Arazın o tayındakı soydaşlarımızın taleyi ilə bağlı əsərlər də yazıb. “Kəcil qapısı” romanı da Cənubi Azərbaycan həyatına həsr edilib.

S.Dağlı dramaturq kimi də yazıb-yaradıb. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” və başqa dramları teatrlarda tamaşaya qoyulub, televiziya kanallarında maraqla izlənilib.

1979-cu ildə onun ssenarisi əsasında “Bahar kimi solmazfilmi də çəkilmişdi. Çoxcəhətli yaradıcılığı ilə seçilən S.Dağlı müntəzəm surətdə xarici ölkə ədəbiyyatının nümunələrini dilimizə çevirirdi.

* * *

S.Dağlı, sözün həqiqi mənasında, ustad və hünərli sənətkar idi. O, sözünü elə məqamda, elə tərzdə məharətlə deməyi bacarırdı  ki, hətta ondan narazı qalan da ciddi şəkildə öz etirazını bildirməyə çəkinərdi.  Yazıçı bu fəaliyyətini “Kirpi” jurnalında da məharətlə davam etdirirdi. Onun redaktorluğu ilə nəşr olunan bu satirik jurnalın səhifələrində elə qəm dolu gülüş, qəhqəhəli faciə notları tapmaq olur ki, bir daha bu böyük sənətkarın yazıçılıq, jurnalistik qüdrətinə məftun kəsilirsən.

S.Dağlı novella ustası, böyük türk satiriki Əziz Nesinlə uzun müddət dostluq etmişdi. Dəfələrlə hər iki ölkədə görüşlərdən sonra onların dostluğu daha da möhkəmlənmişdi. Bütün söhbətlərində Əziz Nesin bildirirdi ki, məni Azərbaycana çəkən, ona vurğun edən Seyfəddin bəy olub. Əziz Nesin türk ədəbiyyatı üçün hansı xidmətlərin sahibidirsə, S.Dağlı da Azərbaycan ədəbiyyatında həmin statusa malik görkəmli yazıçıdır.

* * *

S.Dağlı ömrü boyu sadə, təvazökar olub. İşi, peşəsi ancaq yazmaq, yaratmaq olub. O, nə hansısa təltifi gözləyib, nə də mükafat barədə düşünüb. Yazıçının ən böyük mükafatı xalqı tərəfindən sevilməyidir. S.Dağlını tanıyanların xatirələrində onun işıqlı obrazı belə boylanır. “Qələm tutan barmaqları düyün-düyün idi. İllər boyu bu düyünlü barmaqları müşahidə etmişdimonlara həsəd aparmışdım. Bu düyünlər üç günün, beş günün deyildi. Əlinə qələm aldığı vaxtdan qabarlanıb düyünə dönmüşdü o barmaqlar... Vərəqlər onun tarlası, qələm xışı, kotanı idi” (Ağasəfa).

Ötən əsrin ortalarında yazıçının qələminin odu elə sönməz oldu ki, onun hər parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Əslində, bu işıq payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara əbədi ərməğanı oldu.

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.15.