Sevgiyə söykənən qardaşlıq

 

 

 

Sevmək özü bir sənətdir, deyirlər. Bəlkə elə buna görədir ki, incəsənətin baş mövzusu da çox zaman sevgi olur: rəssamlıqda sevgi, musiqidə sevgi. Bədii sözün, ədəbiyyatın da istinad yeri sevgidir, insandır.

Əslində, bütün insanlar eyni, yaxud da oxşar duyğular yaşayırlar, amma hər kəs öz yaşadığını eyni dərəcədə ifadə edə, başqalarına çatdıra bilmir. Təbii ki, o duyğuların ən gözəl şəkildə ifadəsi də söz adamlarının, daha çox da şairlərin payına düşür. Günlərin birində əlinə keçən bir qəzetin səhifəsində, yaxud da kitabda oxuduğun şeirlərin daşıdığı hisləri o qədər yaxın, doğma bilirsən ki, sanki şair bu misralarda məhz sənin yaşantılarını qələmə alıb...

Bu günlərdə Türkiyədə çapdan çıxan “Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri antologiyası”nın birinci cildində də belə bədii nümunələr yer alıb. “Orhun Yayınları” tərəfindən Türkiyə türkcəsi və Azərbaycan dilində nəşr olunan kitab Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyinə ithaf edilib. Toplu Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.

Kitabı nəşrə hazırlayan Abdulla TüylüNezmiye Hicran ön sözdə qeyd edirlər ki, uzun illər bir-birindən ayrı qalan Azərbaycan və Türkiyə oxucuları bir-birinin  ədəbiyyatından, şeir və sənətindən xeyli dərəcədə xəbərsiz olmuşlar. Bu kitab poeziya sahəsindəki bu boşluğu doldurmaq üçün bir addımdır.

Antologiyanın birinci cildi iki bölümdən ibarətdir. Birinci bölmədə Türkiyə şairlərindən Nazım Hikmət, Abdurrahim Karakoç, Ahmed Arif, Atilla İlhan, Cahit Külebi, Edip Cansever, Gülten Akın, İrfan Çiftçibaşqa müəlliflərin şeirləri yer alıb. İkinci bölümdə isə Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən Cəfər Cabbarlı, Əhməd Cavad, Cabir Novruz, Fikrət Qoca, Mikayıl Müşfiq, Səməd Vurğun, Vaqif Səmədoğlu, Nigar Rəfibəyli, Osman Sarıvəlli və başqalarının məhəbbət mövzulu şeirləri verilib.

Kitabı vərəqlədikcə bir daha əmin olursan ki, sevgi insanın mənəviyyatını, dünyagörüşünü dəyişdirir. Sevgi insanın həyatına işıq və xoşbəxtlik, bəzən isə bədbəxtlik də gətirir. Görünür, bütün bu ziddiyyətlərin əsasında insan təbiətinin hələ izah olunmamış sirli keyfiyyətləri dayanır. Kitabda yer alan Türkiyə və Azərbaycan şairlərinin şeirlərində də poetik ifadəli bu nüans qırmızı xətt kimi keçir.

 

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.9.