Azərbaycanda aşpazların konqresi keçirilib

 

 

 

Tədbirdə chefs.az saytı və “İlk addım” xeyriyyə layihəsi təqdim edilib

Avqustun 21-də Bakıdakı “Boulevard Hotel”də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının birinci konqresi keçirilib.

Tədbirə Azərbaycan və müxtəlif ölkələrdən 200-dən çox aşpazqida istehsalı ilə məşğul olan mütəxəssis qatılıb.

Konqresin təşkilatçısı olan “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, kulinar-bloqer Fərhad Aşurbəyli təmsil etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, konqresin əsas məqsədi təcrübə və fikir mübadiləsi aparılması üçün platforma yaratmaq, aşpazqida istehsalçılarını bir araya toplamaqdır.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Fərid Əmirov ölkəmizdə bu sahənin daim diqqət mərkəzində olduğunu söyləyib.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Elgün Əliyev qeyd edib ki, konqresin keçirilməsi Azərbaycanda mətbəx və kulinariya sahəsi ilə yanaşı, turizm və turistlərə yüksək səviyyədə xidmət sahələrinin inkişafına da təkan verəcək.

Konqres çərçivəsində aşpazlara həsr olunmuş chefs.az saytının təqdimatı olub. Bildirilib ki, sayt vasitəsilə oxucular aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə edəcəklər.

Həmçinin uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk addım” xeyriyyə layihəsinin təqdimatı olub.

Layihə Hesab.az/Goldenpay ilə birlikdə təşkil olunub. Layihə çərçivəsində dörd gəncin İstanbulda təhsil almasına imkan yaradılacaq.

Həmçinin konqres çərçivəsində “Azərbaycan Aşpazlarının Gildiyası”nın yaradılmasına qərar verilib. Daha sonra inkişaf planları və gələcək perspektivlər haqqında müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.5.