Muzey əşyalarının istifadə
və qorunmasına dair beynəlxalq işçi qrupu
yaradılıb
Məqsəd türkdilli ölkələrin muzey işi sahəsində əməkdaşlığını inkişaf etdirməkdir
Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan Muzey əşyalarının istifadə və qorunmasına dair beynəlxalq işçi qrupunun Astana şəhərində təsis toplantısı keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev beynəlxalq işçi qrupunun sədri seçilib.
İşçi qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni irsinin qoruyucuları olan muzeylərlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartlar işləyib hazırlamaqdır. Bundan əlavə, işçi qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürüb.
Toplantıda TWESCO-nun prezidenti Darxan Kıdırəli, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi Aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY-un, Macarıstanın Astanadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə işçi
qrupun əsasnaməsi təsdiq olunub. Əsasnamədə türkdilli
dövlətlərin muzeylərində vahid
standartların tətbiqi, universal dəyər
daşıyan muzey əşyalarının
qarşılıqlı surətlərinin hazırlanması və
mübadiləsi, Avrasiya türkdilli
xalqlarının maddi və mədəni
mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün
vahid standartların hazırlanması, milli muzeylər arasında bu
istiqamətdə əməkdaşlığın genişləndirilməsi
kimi məsələlər qeyd olunur
Mədəniyyət.- 2018.- 22
avqust.- S.4.