Kiyevdə Müslüm
Maqomayevin xatirəsi anılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin və Ticarət evinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.
Səfir Azər Xudiyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, daim xatırlanır, sevgi ilə yad olunur. Sənətə və əsl sənətkara hörməti olan ukraynalılar onun adını daşıyan parka gələrək böyük musiqiçiyə ehtiramlarını ifadə edirlər.
Xatırladaq ki, iyulun 18-də Kiyev şəhərinin mərkəzində Müslüm Maqomayev adına parkın və sənətkarın möhtəşəm abidəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, digər rəsmilər, iki ölkənin mədəniyyət xadimləri iştirak ediblər.
Kiyevin V.Çernovol
prospekti və S.Streltsov
küçəsinin kəsişməsində yerləşən
park Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Prezidentinin müvafiq
sərəncamından irəli gələrək
salınıb. Layihə Azərbaycanın Ukraynadakı səfirliyinin
təşəbbüsü və dəstəyi ilə “ALTE” İnşaat, sənaye və ticarət” ASC tərəfindən
həyata keçirilib. Heykəlin müəllifi
soydaşımız, tanınmış heykəltəraş,
Ukraynanın Xalq rəssamı Seyfəddin
Qurbanovdur.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.3.