Maestro Niyazinin xatirəsi yad olunub

 

 

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi görkəmli dirijor bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazinin doğum günündə sənətkarın Fəxri xiyabandakı məzarını paytaxtdakı abidəsini ziyarət ediblər.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Maestronun anadan olmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, dirijor Əyyub Quliyev, İstanbul Opera Teatrının dirijoru, Əməkdar artist Turan Manafzadə Niyazinin parlaq yaradıcılıq yolu haqqında xatirələrini ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin bədii hissəsində Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova, gənc pianoçu Nəriman Əmiraslanov və başqalarının ifasında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.6.