“Uşaqlığın
son gecəsi” – yarım əsr ekranda
Yubilyar filmlərimiz silsiləsindən bu dəfə 50
yaşlı “Uşaqlığın son gecəsi” bədii
filmindən söz açacağıq. Bu ekran əsəri
sanki bizə Bakının tarixindən bir yadigardır. Elə bir insan tapılmaz ki, onun daxili aləminə,
ruhuna yaxın bir sevimli filmi olmasın. Hələ
uşaq yaşlarımdan çox sevdiyim bir filmlə
bağlı yazı hazırlamaq həm xoşdur, həm də
son dərəcədə nostalji hislər bəxş edir...
Öz
şəhərinə vurğun sənətkar
Onu “Bakının romantiki” adlandırırlar. Çünki
o öz şəhərinə vurğun rejissor idi. Tanınmış televiziya rejissoru Arif Babayev sənətə
gəldiyi ilk gündən yaradıcılıq
axtarışında olub, öz dəst-xətti, ekran mədəniyyəti
ilə seçilib. Elə bu keyfiyyətlərinə
görə də rejissor assistentliyindən baş rejissoradək
sənət yolu keçib.
Televiziyadan kinematoqrafiyaya gələn rejissorun ideya-estetik
mövqeyi tamam fərqli idi. O, professional kino rejissoru kimi filmin
ideya-bədii dəyərini, geniş tamaşaçı
auditoriyasının zövqünü əvvəlcədən
duya bilirdi. Quruluş verdiyi
“Uşaqlığın son gecəsi” filmi ümumilikdə
keçmiş Bakıdan bir yadigardır desək,
yanılmarıq. Paytaxtımızın
köhnə küçələri, Bülbül prospekti,
vaxtilə məşhur olan dükanların və
restoranların qarşısı şəhər sakinlərində
nostalgiya yaradır. İçərişəhərin
damları, şəhər görüntüləri... Sözsüz ki, rejissorla bərabər filmdə bu
işləmələrin bir qismi operator (Zaur Məhərrəmov)
və rəssam (Elbəy Rzaquliyev) əməyinin bəhrəsidir.
“Bizim məhlədən
heç əsər qalmayıb ki...”
Hərdən mənə elə gəlir ki,
“Uşaqlığın son gecəsi” filmi gənclər
haqqında, şəxsiyyətin formalaşması, məsuliyyətli
vətəndaş barədə olsa da, bu ekran əsəri əslində
bir qədim şəhərin tarixinin güzgüsüdür,
bütövlükdə Bakının tərənnümüdür. Ən maraqlısı odur
ki, bu filmdəki şəhərin taleyi, orada yaşanan hadisələr
50 il əvvəl necə idisə, bu
gün də dəyişməz olaraq qalıb. “Bir
ucdan elə hey sökürlər, guya burada təzə binalar
olacaq. Bizim məhlədən heç əsər
qalmayıb ki...”. Davudun 50 il
bundan əvvəl dediyi fikirlər indi də qüvvədədir.
Bu gün də Bakı qədimliyini qorumaqla
gözəlləşən, sürətlə inkişaf edən
şəhərdir.
Arif Babayev
filmin hazırlıqlarına 1967-ci ildən başlayır və
1968-ci ildə çəkilişlərə start verilir. Çəkilişlər Bakıda yeni inşa edilən
binaların ərazisində, kinostudiyanın pavilyonunda
aparılıb.
Filmin ssenarisi Maqsud İbrahimbəyova məxsusdur. Ekran əsərinin başlanğıcındakı
səhnəni, yəqin ki, xatırlayırsınız. Muradın yumruq və ayaqla, hətta milisləri də
cəlb edərək döydüyü qapı. Bu gün həmin qapı artıq yoxdur. Şirvanşahlar sarayının yanında həmin
qapı ilə birgə bütöv bir məhəllə tarixə
qovuşub.
Yeri gəlmişkən,
qeyd edək ki, film Maqsud İbrahimbəyovun ssenarist kimi kinoda
debütüdür.
Kino tədqiqatçısı,
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə
film haqqında danışarkən vurğulayır ki, rejissor
bu ekran işində köhnə estetik ölçülərdən
uzaqlaşaraq hər şeyi təbii göstərməyə
müvəffəq olub. Ekranda cərəyan edən
əhvalatlar sanki rejissor təxəyyülünün məhsulu
deyil, gündəlik həyatımızda
rastlaşdığımız hadisələrdir. İçərişəhərdə
gördüyümüz həyətin sakinləri də,
onların həyat tərzi və münasibətləri də
təbii, inandırıcıdır.
Filmin ssenarisi də öz orijinallığı,
müasir üslubu, obrazların intellekti ilə seçilir. Baş qəhrəmanlar
Murad (Ənvər Həsənov) və Rüstəm
(Siyavuş Şəfiyev) xarakterinə görə bir-birinin əksi
olan insanlardır. Murad həyatda hələ
bərkə-boşa düşməyən, məktəbi yenicə
bitirmiş bir gəncdir. O, həyatda necə yaşamaq,
özünü necə aparmaq qaydalarını öz təmkini
və sözündə möhkəm olmağı ilə
seçilən Rüstəmdən öyrənir.
“Adə,
bu da institutda oxuyur...”
Yəqin
ki, filmdə unudulmaz dialoq və kadrları hər biriniz
xatırlayırsınız: “Adə, bu da institutda oxuyur. Məktəbdə ömrü boyu məndən
köçürərdi. Heç nə
bilmir, tanışlıqla girib”. Həmin o
tanışlıqla instituta qəbul olunan epizodik obrazın
ifaçısı, bu gün ömrünün 60 ilə
yaxınını kinoya həsr edən rejissor Akif Rüstəmovdur.
Akif müəllim çox həzin və duyğulu hislərlə
xatirələrini bizimlə bölüşür:
- 1967-ci
ildə kinostudiyaya işləməyə gələndə
Arif müəllim məni bu filmə rejissor köməkçisi
götürdü. Bir ay işlədikdən
sonra məni özünə assistent seçdi. Rəhmətlik Fikrət Əliyev də filmdə
ikinci rejissor idi. Murad Məlikov var idi.
30 il idi kinoda çalışırdı.
Onlardan bu sənətin sirlərini öyrəndim.
Arif Babayevlə işləmək sanki bayram idi.
Filmin bəstəkarı Polad
Bülbüloğlu o zaman Moskvada yaşayırdı və
musiqini kasetə yazıb göndərmişdi. Mən və
Arif müəllim ilk dəfə filmin final musiqisinə elə səsyazma
studiyasında qulaq asdıq. Üzbəüz
divarlara söykənib dinləyirdik. Musiqi
bitdikdən sonra ikimiz də ağlamışdıq.
Çox təsiredici musiqi idi və bu mənim heç zaman
yadımdan çıxmır...
Akif müəllim həmin kiçik obraza çəkilməyi
öz səhvinin “bəhrəsi” hesab edir. Deyir ki,
bahalı maşını olan tanışı çəkiliş
günü gəlib çıxmadığı
üçün yoldan ötən “Moskviç” markalı
maşınlardan birini sahibindən alırlar. Onu da geyindirib kinolentin yaddaşına
köçürürlər.
Müsahibim filmdə bir sıra obrazlarla da bağlı
fikirlərini bölüşür. Bildirir ki, filmdə yer alan sürücü Ramiz Tağıyev çəkilişlər
dövründə artıq biznesmen kimi tanınırdı –
Neftçilər prospektində ayaqqabı
mağazasının sahibi idi. Nənə
obrazının ifaçısı Törə xanım isə
İçərişəhərdə Arif müəllimin
qonşusu idi. Ömründə filmə
çəkilməyən qadın rejissorun sayəsində
gözəl obrazlar yaradıb. Yaşlı
olduğundan pis eşidirdi və yaradıcı heyətdə
təkcə rejissorun sözlərini dinləyirdi.
Filmdə Məcnun obrazı da
tamaşaçıların yaddaşına həkk olub. Akif müəllim
deyir ki, bu rolun ifaçısı Xosrov Abdullayev Rusiya sirkində
çalışan məşhur azərbaycanlı idi və
onu filmə Arif Babayevin xahişi ilə Siyavuş Şəfiyev
dəvət etmişdi. Rejissor aktyorları
xarakterlərinə, görünüşünə uyğun
necə dəqiqliklə seçmişdisə, bu da filmin daha
maraqlı alınmasında mühüm rol
oynamışdı.
Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük
Qala küçəsində lentə alınıb və bu
zaman filmdə ayaqqabı ustası öz köşkündən
çıxaraq Muradı səsləyir. Həmin
ayaqqabı ustası Əhməd dayının işlətdiyi
köşk, həqiqətən də, pinəçi
köşkü idi. Pinəçi
obrazını aktyor Dadaş Kazımov yaradıb və o bundan
əvvəl “İstintaq” filmində də eyni obrazı
yaradıb. Həmin köşk uzun illər İçərişəhərdə
fəaliyyətdə olub və şəhərdə
çoxlarının müraciət etdiyi ayaqqabı ustası
Məmməd kişi həmin köşkdə
çalışıb. O, populyar müğənni Elarizin
atasıdır. Filmin ən gözəl cəhətlərindən
biri də budur ki, personajlar bizimlə eyni insanlardır. Bu obrazlar filmə səmimilik gətirir,
tamaşaçının qəlbinə yol tapır.
Gəl,
ey səhər...
Filmin
finalı yadınızdadırmı? Səhər, dəniz və
fonda səslənən möhtəşəm
mahnı. Xalq artisti, görkəmli bəstəkar və
müğənni Polad Bülbüloğlunun film
üçün yazdığı musiqilər əlli ildir ki,
qəlbləri riqqətə gətirir. Ən maraqlısı
isə budur ki, 1967-ci ildə Bakıda metro istifadəyə
verilir və həmin il bəstəkar
Bakı metrosuna da həsr edilmiş mahnı yazır. Filmdə həmin mahnının instrumental musiqisindən
də istifadə edilib.
Filmdə məşhur Davud obrazı var ki, bu da rejissorun
qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və
baməzə adam olduğu
üçün Arif Babayev Davudun timsalında
qardaşının surətini filmə gətirib. Deyilənə görə, qardaşı və
qohumları bu obraza görə Arif Babayevə irad da bildiriblər.
Unudulmaz aktyor Yaşar Nurinin atası Məmmədsadıq
Nuriyev də Akifi yaxşı tanıdığı
üçün obrazı məharətlə yaradıb. Ümumilikdə isə filmin
maraqlı aktyor ansamblı var. Baş rolun
ifaçıları Ənvər Həsənov və
Siyavuş Şəfiyev, eləcə də Ətayə
Əliyeva, Yusif Vəliyev, Məlik Dadaşov, Muxtar Maniyev,
Ələkbər Seyfi, Tofiq Mirzəyev və digərləri
filmin uğurunda pay sahibidirlər.
Avqustun 1-də “Xalq artisti” fəxri adına layiq görülən Ənvər Həsənov 50 il bundan əvvəli xatırlayaraq filmin yaradıcı heyətindən çox az insanın bu gün həyatda olduğunu bildirir: “Arif Babayev gözəl insan idi, İçərişəhərdə qonşu idik. Filmin personajlarını çox gözəl tanıyırdı. Filmə çəkiləndə 17 yaşım vardı. Arif Babayevlə dostlaşmışdıq. Hətta səhərlər görüşür, birlikdə səhər yeməyi yeyir, çəkiliş meydançasına gedirdik”.
Aktyor xatirələri yada salaraq deyir ki, Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb: “Bu epizodda mən ona “Sən öləsən” deyirəm. O da cavabında “Özzün öləsən” cavabını verir. Bu ekspromt idi. Maraqlı dialoqların yer aldığı yeməkxana səhnəsi isə kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib. Yeməkxanadakı insanların yarısı kinostudiyanın işçiləri idi. Çəkiliş nahar vaxtına salındı ki, təsvirlərdə təbiilik olsun”.
Yarım əsr öncə lentə alınan “Uşaqlığın son gecəsi” filmi bu gün də maraqla baxılır, sevilir. Film 1969-cu ildə Kiyevdə “Prometey-69” III zona kinofestivalında “Gənclik üçün ən yaxşı film” nominasiyasında mükafata layiq görülür. Ənvər Həsənov ən yaxşı kişi roluna görə, bəstəkar isə ən yaxşı musiqiyə görə mükafatlandırılır.
Sonda qeyd edək ki, ekran əsəri bir neçə il əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə bərpa olunub.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 22
avqust.- S.10.