Yenidən
doğulsam, yenə rejissor olardım...
Avqustun 28-də görkəmli
kinorejissor, ssenarist, Xalq artisti, Azərbaycan
Dövlət mükafatı
laureatı Vaqif Mustafayevin 65 yaşı tamam oldu.
Vaqif Mustafayev
Azərbaycan rejissor sənətinə yeni və fərqli bir üslub gətirən, kinematoqrafiyamızda
orijinal filmləri ilə fərqlənən
sənətkardır. Onun filmə
verdiyi quruluşdan tutmuş, ssenarisində, ekran həllində və ən əsası isə kino dilində bu fərqlilik dərhal nəzərə
çarpır.
AZƏRTAC-ın müxbiri
yubiley ərəfəsində
tanınmış rejissorla
görüşərək onunla birgə ötən illərə nəzər salıb.
Kinosevərlər onu ilk dəfə 1985-ci ildə yazıçı
Mövlud Süleymanlının
ssenarisi əsasında
mərhum rejissor Ceyhun Mirzəyev ilə birgə ekranlaşdırdıqları Bəyin
oğurlanması filmi
ilə tanıdı. Moskvada
Ali Rejissorluq və Ssenaristlik kursunu yenicə bitirib Bakıya qayıdan Vaqif Mustafayev bu filmdə təkcə rejissorluq etmir, həm də təqdim edilən ssenarini dəyişərək yenidən
yazır: Mənə
bu təklif gələndə əvvəlcə
etiraz etdim. Çünki ssenarini oxumuşdum
və bəyənməmişdim.
Əslində Bəyin oğurlanması
filminin ilk ssenarisi dramatik film-opera idi. Mənə ssenarini istədiyim kimi dəyişmək təklif olundu. Azərbaycan kinosunun bu gün
də ən reytinqli filmlərindən olan Bəyin oğurlanmasının ssenarisini
10 gün ərzində
yenidən yazdım və filmi çəkdik.
Görkəmli rejissorun çəkdiyi filmlər içərisində
Yaramaz xüsusilə
seçilir. Bu film ona beynəlxalq kino aləmində böyük
şöhrət gətirdi:
Əsas problem filmin qəhrəmanı rolunda çəkiləcək aktyoru
tapmaq idi. Mərhum aktyor Səməndər Rzayevə bu rolda çəkilməyi təklif etdim. O vaxtlar aktyor artıq xəstə idi və onun
bu rola çəkilməsi
baş tutmadı. Sonra aktyor Elçin Məmmədov barədə
düşündüm. O da infarkt keçirdiyi
üçün çəkilə
bilmədi. Bəzi sınaqlardan sonra
nəhayət, gürcü
aktyoru Mamuka Kikaleyşvilini tapdım.
Yaramaz çox
uğurlu oldu və bir çox
ölkələri gəzdi,
ingilis, fransız, rus, qazax, Çin
və digər dillərdə təqdim edildi.
Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görülən Yaramaz filmi dünyanın aparıcı festivallarında
da təqdim olundu. Karlovı-Varı film festivalında Çaplinin
qızıl əsası,
Neapolda keçirilən
Sorrento beynəlxalq festivalında
Vittorio De Sica adına qızıl
mükafatı aldı.
Rejissorun yaradıcılığında sənədli filmlərin öz yeri var. V.Mustafayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən 12 film
çəkib. General, Birinci, Moskva. Kreml, Lider, Tale, Əsl məhəbbət haqqında, Bir həsədin tarixi,
Professional, Patriot, Xüsusi təyinat, Dövlət
və Ata yolu filmləri sənədli kinomuzun ən böyük uğurlarındandır:
Mənim yaradıcılığımda
əsas yeri ulu öndər Heydər Əliyev haqqında çəkdiyim
sənədli filmlər
tutur. 1993-cü ildə ulu öndər
hakimiyyətə gələndən
sonra mən onu müşahidə etdikcə, tarixi yadıma saldıqca görürdüm ki, Heydər Əliyev yazılmamış romanların,
çəkilməmiş filmlərin
qəhrəmanıdır. Elə sənədli kino janrına da ulu öndərə görə addım atdım və dörd film çəkdim.
Bu filmlərdən sonra biz Heydər Əliyevlə görüşdük.
Bu filmlər onun
xoşuna gəlmişdi.
Vaqif Mustafayevin
ulu öndərdən
bəhs edən silsilə sənədli filmləri müxtəlif ölkələrdə böyük
uğurla nümayiş
etdirilib. Əsl
məhəbbət haqqında
ekran əsəri Moskvada keçirilən IV
Avrasiya Teleforumunun əsas və xüsusi mükafatlarını,
Bir həsədin tarixi V Avrasiya Teleforumunun Qran-prisini qazanıb.
Yubiley ərəfəsində
bütün yaradıcılığına bir yekun kimi nəzər
saldığını vurğulayan rejissor kinoda hələ
deyiləcək çox sözünün olduğunu deyir: Bəyin
oğurlanması filmində bir məqam var: jurnalistin
rejissordan müsahibə aldığı epizod. Jurnalist
soruşur ki, siz yenidən doğulsaydınız yenə
rejissor olardınız? Rejissor isə cavab verir ki, yox! Sizinlə
söhbət edə-edə mən də fikirləşirəm
ki, bu ənənəvi suala necə cavab verərdim?!
Düşünürəm ki, bəli, yenidən doğulsam,
yenə rejissor olardım. Çünki bu günədək mənim
yaradıcılığım dövlət tərəfindən
daim yüksək qiymətləndirilib.
Sənətkar bu günlərdə mükafatlarının sırasına bir mükafatın da əlavə olunduğunu, Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Şərəf ordeni ilə təltif edildiyini böyük fəxrlə qeyd edərək dövlətimizin başçısına təşəkkürünü bildirib.
Tanınmış kinorejissoru
65 illiyi münasibətilə təbrik edir, sevdiyi sənətində
ona yeni uğurlar arzulayırıq.
Mədəniyyət.-
2018.- 29 avqust.- S.6.