“Azərbaycan mədəniyyətinin, ənənələrinin
yaşadılması üçün əlimizdən
gələni edirik”
Nəsrin Ünal: “Tarixi keçmişi bu günümüzə daşıyırıq. İstəyirik ki, bu tarixi gənclər də öyrənsin”
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni qurulan sovet rejimindən narazı soydaşlarımızın bir qisminin üz tutduğu ölkə qardaş Türkiyə olub. Mühacirlərin böyük hissəsi Türkiyənin müxtəlif şəhərlərində özlərinə məkan qurmaqla yanaşı, həm də müstəqil Azərbaycan uğrunda mücadiləni davam etdirib, ölkəmizin mədəniyyətini, ənənələrini yaşadıb, sonrakı nəsillərə ötürməyi bacarıblar. Təbii ki, bu proseslər o qədər də asan olmayıb.
Belə nəsillərin davamçılarından biri də Nəsrin Ünaldır. O, iyirmi ildən çoxdur ki, Ankarada əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Kültür Dərnəyinin qadınlar qoluna (təşkilatına) rəhbərlik edir. Nəsrin xanımla söhbətimizdə mövzu ilə bağlı maraqlı məqamlara toxunduq.
- Nəsrin xanım, Ankarada yaşadığım müddətdə Azərbaycan Kültür Dərnəyi qadınlar təşkilatının keçirdiyi bir çox tədbirlərə qatılmışam. Bu tədbirlərdə Azərbaycan mahnılarına, rəqslərinə böyük maraq göstərildiyinə şahid olmuşam. Ona görə də istər-istəməz ortaya belə bir sual çıxır: Azərbaycan incəsənətinin peşəkar şəkildə qorunmasına, yaşadılmasına necə nail olmusunuz?
- Bu suala ətraflı cavab vermək üçün əvvəlcə Qarsdan başlayaq. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, eləcə də erməni soyqırımları nəticəsində Qafqazdan mühacirət edənlərin çox önəmli bir bölümü Qarsa gəlmişdi. Gələnlərin arasında mənim iki babam da var idi ki, ikisi də Gəncə əsillidir. Ata babam Qafar Rəfibəyli tanınmış Rəfibəylilər nəslindəndir. Onlar da burda “Əskəran” soyadını alıblar. Bunun səbəbi var. Babam Türkiyəyə gələrkən Qarabağda, Əskəran keçidində silahlı basqına uğrayır. O keçidin bir körpüsü onu ölümdən xilas edir və orda deyir ki, bu torpaq mənim həyatımı qurtardı. Bir gün bir ad alsam “Əskəran” adını alacam. Ona görə də bura gələn Rəfibəylilərin bir qismi bu adı almışlar.
Anamın atası Səttar Güldür də Gəncədəndir. Türkiyəyə gələn mühacirlərin önəmli bölümünün Qarsda yerləşməsinin səbəbi İran üzərindən gəlmələri idi. Bir də təkrar geri dönmə ümidləri olduğu üçün düşünürdülər ki, vətənə ən yaxın yerdə olsunlar. Amma sovet dönəmində bu, mümkün olmadı.
Babam uzun
illər Qarsda yaşamalı olmuşdu. Anam-atam da Qarsda doğulmuşdu. Mən gözümü
babamın sənətə
olan sevdasına açdım. Səttar Güldür
Qarsda “artist” ləqəbi
ilə tanınırdı.
Babam Qarsda Azərbaycan opera və operettalarını səhnəyə
qoyan adam
kimi tanınır. O, insanlara gülümsəmə,
xoşbəxtlik duyğuları
bəxş etdiyinə
görə, yaxın çevrəsinin seçimi
ilə “Güldür”
soyadını almışdı.
“Arşın mal alan”, “Məşədi
İbad”, “Leyli və Məcnun” kimi bir çox
əsərləri Qarsda
tamaşaya qoymuş və yaxın dostları ilə birlikdə Ankara, İstanbul,
Ərzurum, Trabzona turnelər düzənləmişdi.
Bununla yanaşı rəqs qrupları da yaratmışdılar. Anam
Gülçöhrə Əskəran
40 ilə yaxın Qarsda Xalq evləri,
Türk ocaqları və Xalq təhsili
binalarında Azərbaycan
xalq rəqslərini öyrədən, qruplar yetişdirən insan olub. Azərbaycan xalq rəqslərinin
həm Qarsda, həm də Türkiyənin fərqli yerlərinə yayılmasına
çalışıb. Bütün bunlar Azərbaycan türklüyü ilə Anadolu türklüyü arasında sevgi körpüsünün qurulmasında
böyük rol oynamışdı. Mən də
bu ənənəni davam etdirdim. Azərbaycan teatr və rəqslərinin
içərisində böyüdüm.
Ankaraya gəldikdən sonra M.Ə.Rəsulzadənin qurduğu
Azərbaycan Kültür
Dərnəyində vəzifə
aldım və 20 ilə yaxındır ki, dərnəyin qadın təşkilatının
rəhbəriyəm.
- Tanınmış nəslin
üzdə olan təmsilçisi olmağın
bir məsuliyyəti var, deyilmi?
- O ailəyə mənsub olmaqdan qürur duyuram. Bu məsuliyyəti
atam, anam necə daşımışsa,
mən də, qızım da elə daşıyırıq.
Ümid edirəm ki, bundan sonrakı nəsillər də daşıyacaq. Rəfibəylilərin önəmli hissəsi Gəncədədir. Gedib-gəlir, onlarla görüşürəm.
Anar çox sevdiyim yazıçıdır. Ana
və atası ilə bağlı yazdığı əsəri
duyğu ilə oxudum. Hələ 1967-ci ildə Nigar
Rəfibəyli və
Rəsul Rzanı görmək üçün
Qarsdan İstanbula gəlmişdik. Onlarla görüşəndə
düşündük ki,
bütün həsrətlilər
bir araya gəldilər. Təbii ki,
Rəfibəylilərin təmsilçisi
olmaq ayrı bir qürurdur. Eyni zamanda Azərbaycan Kültür Dərnəyinin
üzvü olmaq mənim üçün böyük şərəfdir.
Mən Azərbaycan həsrəti
çəkən baba
və nənə ilə böyüdüm.
Gözlərindəki həsrəti hər
zaman xatırlayıram.
Bakı radiosunu dinləyən, ağlayan ailə ortamında boya-başa çatdım. Üzərimdə böyük duyğu yükü, sevgi var. Azərbaycan Kültür Dərnəyi olmasa, bu duyğuları fərdi yaşaya bilərdim. Amma bu duyğuları
bu ocaqdakı dostlarla paylaşıram.
Bütün bunları edərkən
yanımda duran dostlarımın da eyni hisləri keçirdiklərini görürəm.
Biz anamın rəqs qrupunda 20 il
rəqslərimizi ifa etmişik. Anam Gülçöhrə Əskəran Azərbaycan
Kültür Dərnəyinin
Qarsda, sonra Bursada təşkilatın
qurucu rəhbəri olaraq da fəaliyyət
göstərib. Bacım Handan Əskəran hazırda Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin
rəhbəridir. Qızım Reyhan
Ünal Çinar isə dərnəyimizin rəqs müəlliməsidir.
Nəsil
olaraq Azərbaycan mədəniyyətinin, incəsənətinin,
ənənələrinin yaşadılması
üçün əlimizdən
gələni edirik.
- Azərbaycan Kültür
Dərnəyi qurulduğu
vaxt qadınlar qolu olmayıb. Bu təşəbbüs
sonradan gerçəkləşib...
- Əslində, dərnək
qadın-kişi ayrı-seçkiliyi
etmədən qurulub. Dərnəyin rəhbərlərindən Həmid
Ataman Azərbaycan Cümhuriyyətinin
təhsil almaq üçün xaricə
göndərdiyi tələbələrdən
biri olub. Onun xanımı Şəfiqə
Atamanla yanaşı digərlərinin xanımları
da dərnəkdə yer alıblar. Hər zaman qadın üzvlərimiz olub.
Sonralar isə idarə heyətində qadınlar
da yer almağa
başladı. Amma qadınların
varlığı dərnək
üçün çox
önəmli olub.
Əgər tarixə nəzər
salsaq, XX əsrin əvvəllərində Azərbaycanda
qadın hərəkatı
meydana gəlmiş, getdikcə aktivləşmiş
və Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə qadınlara seçmə, seçilmə
haqqını vermişdi.
Biz də dərnəyin
qadınlar qolunu bu hərəkatın ənənəsi üzərində
qurduq. Azərbaycan Kültür Dərnəyinin
dərgisinin Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr edilmiş xüsusi buraxılışında
da mövzu ilə bağlı ətraflı məqalə
yazdım. O dönəmdə
Azərbaycanda ortaya çıxan bu qadın hərəkatının
cəmiyyət üçün
böyük önəmi
olub. Qadınlar maarifçi həyat
yoldaşları ilə
birlikdə çalışaraq
Azərbaycanda xeyriyyə
işlərinə, Azərbaycan
mədəniyyətinin zənginləşməsinə
böyük faydalar veriblər. Biz bu gün onlardan
örnək alırıq.
M.Ə.Rəsulzadə “İnsanlara hürriyyət,
millətlərə istiqlal”
deyərkən qadın-kişi
ayrı-seçkiliyi etmədi.
Dərnəyin qurucusu olaraq
həyat yoldaşı
Leyla xanımla ənənəni burda da davam etdirdi.
Qadınlar qolunun rəhbəri
Aybükə Karaca olmaqla bir çox
qadın üzvlərimiz
bu günə qədər faydalı işlər yürütməkdədirlər.
- Dərnəyin rəqs qrupunda Azərbaycan rəqsləri öyrədilir.
Bu rəqslər həm də milli geyimlərlə ifa olunur. Bu fəaliyyətlərinizlə bağlı
bir az
ətraflı danışa
bilərsinizmi?
- Azərbaycan Kültür
Dərnəyi qurulduğu
gündən etibarən
sənət və mədəniyyətlə də
məşğul olub. 70 ilə yaxın dövrdə çoxlu rəqs qrupları yetişib. Bu sahədə
çox əmək sərf edən rəqs müəllimlərimiz
var. Azərbaycanda Qarabağ
müharibəsi başlanan
dövrdə bu fəaliyyətlərimizə ara verdik. 2011-ci ildə üzv
qadınlarımızla yenidən
fəaliyyətə başladıq.
8 ildir ki,
40-50 nəfərdən ibarət
sənət qrupumuz mövcuddur. Bu qrupun içində musiqiçilər, rəqqaslar,
xor var. Qruplar həm böyüklərdən,
həm də uşaqlardan ibarətdir.
Bizə kənardan dəstək olan sənətkarlar da var. Əslən Azərbaycan türkü Şenol Talınlı və Esin Talınlı
qruplara sənət rejissorluğu edirlər. Bu sırada
Abdulla Qurbani, Arzu Qurbani, Cavid Təbrizli, adlarını
xatırlamadığım bir çox dostlara təşəkkürlərimi
bildirirəm. Rəqsləri
öyrədən müəllimlərimiz
var: Reyhan Ünal Çinar, Tekin Aladağ, Ufuk Cengizel. Rəqs üçün milli geyimlər dərnəkdə
təşkil edilən
tikiş atelyesində
qadın üzvlərimizin
əməyi ilə hazırlanır.
- Gənclərin rəqslərə
marağı yəqin
ki, rəqs öyrənmək üçün
sizə edilən müraciətlərin sayı
ilə ölçülür.
Hazırda rəqslərimizə maraq necədir?
- Maraq böyükdür. Sevindiyimiz bir məqam var: Güney Azərbaycandan və Quzey Azərbaycandan
Ankaraya oxumağa gələn tələbələr
xüsusilə maraq göstərirlər. Anadolu türkləri
də rəqslərimizə
laqeyd deyillər.
Bununla həm də gənclər arasında körpü qururuq. Güneylə Quzey rəqs
qrupunda bir araya gəlir, Anadolu gəncləri ilə Azərbaycan gəncləri də bu rəqs qrupunda
görüşür.
Ümumiyyətlə, Türkiyədə Azərbaycan incəsənətinə, rəqslərinə isti münasibət var. Biz tədbirlərimizi əsasən 700-1000 nəfərlik salonlarda keçiririk. Həm Türkiyənin, həm də Azərbaycanın tarixi günlərini, Novruz bayramını qeyd edirik. Yəni gəncliyin maraq göstərdiyi və Türk dünyasına aid əlamətdar günlər bizim fəaliyyətimizdə yer tutur və biz bütün bunları həyata keçirməkdən zövq alırıq.
- Ötən il həm də “Türk dünyası qadın yazıçıları” layihəsi çərçivəsində Krımın yazıçı qadınları ilə maraqlı tədbir keçirdiniz. Səhv etmirəmsə, bu layihənin ilkini Qarabağın yazıçı qadınları ilə bağlı keçirmişdiniz...
- Doğrudur, layihənin birincisini 2015-ci ildə Qarabağın qadın yazarlarına həsr etmişdik. Azərbaycandan ədəbiyyatçılar, sənətçilər, muğam qrupu gəldi. Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərli “Natəvan” tamaşasından bir parça oynadı. Şeirlər oxundu. 2017-ci ildə isə ikinci belə layihəmiz Krımın yazıçı qadınlarına həsr edildi. Bu tədbirimiz də uğurlu oldu. Beləliklə, biz Türk dünyasının yazıçı qadınları ilə əlaqə qurur, tarixi keçmişi də bu günümüzə daşıyırıq. İstəyirik ki, bu tarixi gənclər də öyrənsin. Növbəti belə layihəmiz çərçivəsində Kərkük türkləri və uyğur türklərinin qadın yazarlarını gündəmə gətirmək istəyirik. Planımızda Balkan ölkələri də var. 5-6 belə tədbir keçirdikdən sonra Türk dünyası qadın yazıçılarının əsərlərinin toplusunu çıxarmaq niyyətindəyik. Bu külliyyat bütün türk cümhuriyyətlərinin kitabxanalarına veriləcək.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2018.- 29
avqust.- S.13.