Mikro “media-kadr”lar
Makro-rejissor,
kiber-kinematoqraf Tofiq Tağızadə haqqında
Xəyallarda
normal, “fabriçni” ölçü-biçili, ancaq sahibinin
ultra-zövq müdaxiləsilə batıq-qabarıği
“quruluş” verilmiş bir “Meksikanski şlyapa”
canlandırmalı. Bu şlyapa altındakı kişini “papaq
altda oğullar yatır!” məsəlilə yansıyan təsəvvürləri
ədəbi-bədii təsvirə yönləndirməli: surətən
çox məsum, zahirən – sənət nəfinə bəzi
kaprizlərinə baxmayaraq, çox sakit, tərtəmiz,
müdrik bir uşaq…
Yetmiş
doqquz illik (1919-1998) ömrünü belə bir “statik”liklə
yaşamış bu fenomenal real obrazı “ulduz”dan-“ulduz”a bir,
iki, bəzən beş-on yaş böyümüş görməli:
Orta məktəb; “kino-pavilyon” kimi baxdığı sinif
otaqlarında özüylə bərabər, uşaqların
da hərəkətlərini “attraksion”laşdırır.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu təhsilindəykən
müttəfiq respublika təmsilçilərinə qoyulan fərqlərin
“çort”una getdikcə qocamanlaşır. “Azərbaycanfilm”
kinostudiyasında işə qəbul olunandan sonra hərdən
sənədindəki doğum tarixçəsinə,
güzgüdə alın qırışlarına baxdıqca,
xəyalında cızılan təəssüf mayalı təəssürat-“titr”lər:
“gecikirsən”, “hələ heç bir “filmin sonu” imzasına
varmamış ömrün sonu gələ bilər”,
“Başqalarının yüksək qiymətləndirdiyi
operatorluq, assistentlik işlərim bir heç”,
“Tamaşaçılarla müstəqil görüş gərəkdi,
görüş, görüş!..”
* * *
Və bu
da – ömrünün 40 ilini həsr edəcəyi bu sənətdə
ilk müstəqil iş: “Görüş” filmi!..
Axırayaxın
“media-kadr”ların birindəki “xatirə”də
danışılası kaprizlərinə baxmayaraq, bu surətən
uşaq, batinənsə tam professional və daim ideoloji
“qırmızı xətt”i keçmə cəhdlərində
bulunan milli kinematoqraf öz çoxsaylı-çoxşaxəli
ekran yaradıcılığında Azərbaycanın tarixini,
ictimai-siyasi, mədəni-məişət mənzərələrini
bütün həmkarlarına nisbətdə daha geniş, daha
sənətkarlıqla əks etdirəcək.
* * *
Öncə,
ekran mükəlləfiyyətinin ad və qısa məzmunu
belə bir qəzet səhifəsinə sığmayası bu
rejissorun dörd-beş filmini xatırlamalı: saf məhəbbət
və estetik həyat tandemini ehtiva edən “Arşın mal
alan” (1965), Vətən, millət və bəzi bəşəri
dəyərlər məsələlərini vəsf edən “Dədə
Qorqud”, insan talelərinin ictimai-siyasi, sosial-psixoloji “həndəsə”lərilə
zamanın obrazını cızıb-yaratmağa
çalışdığı “Mən ki gözəl
deyildim”, “Babamızın babasının babası”, “Bağ
mövsümü” və ən son işi olan “O dünyadan salam” (M.Cəlilin
“Ölülər”i əsasında). Bunlardakı özünəməxsusluq
kriterləri daşıyan bir çox nüansın fərqinə
varıb, fikri yığcamlamaq qəsdilə belə bir qənaətə
gəlməli ki (məsələn), bu rejissorun “Dədə
Qorqud”unda Turalın arxadan oxlanması anında
döyüşçülərin heykəlləşən
qaya parçalarına çevrilmə
obrazlılığı kimi istedad nümunələri
saysız-hesabsız. Və əsas diqqət-təsəvvürü
onun saylı-hesablı ideoloji istedad elementlərinə yönəltməli.
Özü də bir para mühakimə-mülahizəvi
“giriş”lə: bu ekran işlərinin əksər kontingenti
salonla qeyri-adi vizual təmasa, hətta bəzən, interaktiv
mükaliməyə girib, illüzion-vizion bir “sənət və
həyat” harmoniyası yaradır. Bunlarda milli-mənəvi dəyərlərimizlə
bağlı elə kadraltı görüntülər, ideoloji
yasaqlara toxuntular var ki, hətta, yeni gəncliyin gözündə
müstəqilliyimizdən bəri “repressiya”, “depressiya”, “rejim”
və s. terminlərlə təhdid-tənqid edilən sovet
dövrünə “demokratik“lik bəraəti də
qazandırır.
* * *
“Yeddi oğul istərəm”də komsomol
başçısı Bəxtiyarın Humayı
(qadını!) qamçılaması. Təəccübləndirici
deyilmi ki, o dövrün siyasi cəhətdən ən liberal
tamaşaçısında belə etiraz doğuran bu olayı
sovet “qlavlit”i necə sinirib, kütləvi nümayişə
buraxıb? Axı burada söhbət “ədalətli”,
“humanist” kommunizm quruluşunun “tərbiyəli”
davamçıları olası “nümunəvi komsomolçu”
qoçaqlardan gedir!
Qəbiristanlıq
epizodunda ümumiyə deyilən “gədə” sözünə
yalnız məhz bəy kökən-mənşəli Cəlalın
(“gədə özünsən!”) reaksiyası, “Qan
çanağı”nda onu üzücü əzab-əziyyət
ləzzəti təmrinlərilə öldürmək istəyən
Kələntərə “ürəyimdən vur” iltiması
anında – bu xalqın böyüyə hörmət ədəb-ərkanından
dolayı “dayı” deməsi və s.
Ovaxtların
tənqidi (proletar “elitar”ları) kütləvi informasiya vasitələrində
Gəray bəyin özünü (ideoloji-tipoloji aspektdə – bəy-xanlığı)
güllələdiyi epizodda hövllə daxil olduğu
otağın qapısını “dünyanın sonu” tərzilə
bağlamasını zorla devrilmiş ictimai-siyasi
keçmişimizin “kitabının bağlanması”, həmin
an-ardınca komsomol Bəxtiyarın (elə həmin aspektdə
- bolşevizmin) digər bir qapını açmasını
isə “sovetlər perspektivi”nin təsdiq tryuku kimi təqdir-tərif
edirdi. Milli “ara-bərə”də isə bu kimi nüanslar “bir
şirinin xatirinə yüz acını yemək” deyimlərilə
dəyərləndirilirdi; yeddi gənc komsomol “yoldaş”ın
bir ahıl bəy qarşısında acizliyi və
fizioloji-bioloji ölümlər saçan sovet quruluşundan
çıxış yolunu yalnız intiharda tapan bu bəyin
özünə açdığı atəşdən də
öldürücü səslənən qəhqəhəsi!..
Bütün parametrlərilə senzuralı bolşevizm
bunlara nə əcəb göz yummuşdu? Əlbəttə,
rejissorun gözqamaşdırıcı professionalizm projektoru səbəbindən.
O, gözqabağı kadrlarda məsələni elə
situativ-vizual tekstlərdə verirmiş ki, “za kadr”larda
müdaxiləvi “kontekst”lərə yer qalmırmış...
* * *
“Arşın
mal alan”ındakı Gülçöhrə ilə Əsgəri
istisna edib (axı, filmlərdə bütün enerji, maddi-mənəvi
maya baş qəhrəmanların təqdiminə xərclənir!),
bütün xəyal-göz rakursunu qulluqçu Tellinin,
qardaşqızı Asyanın və nökər Vəlinin
üz-gözlərinə yönəltməli: əgər bu
minbir sözlü gözlər olmasaydı (və ya məsələ
yalnız aktyorların “dubl”lardan öncələrki əzəl-özəl
baxışları ümidinə qalsaydı), o iki
qızın qəlbindəki ər umu-həsrəti, ailə
arzu-murazları təkcə sözün bəyanı ilə
bu qədər canlı, “ətli-qanlı”
qavranılacaqdımı?..
Bu məqamda
bu fenomenal “kinofil”dən “Sovetski ekran” jurnalına verdiyi bir
intervü-“kadr”: “- Müharibədən həmən sonra
ekranlaşdırılmış və... görünməmiş
populyarlığa malik olan “Arşın mal alan”ın əldən
düşmüş nüsxələri günümüzədək
bizdə və xaricdə nümayiş olunduğu halda, onun
yeni variantını çəkməyə ehtiyac nədən
doğdu?” “-Əsas məqsədimiz, hər bir əsərinə
dönə-dönə müraciət edilmə yükü
daşıyan dahi Üzeyir bəyin saf məhəbbətə
və Şərq qadınının faciəli taleyinə həsr
olunmuş bu şedevrinin ideyasını, başqa bir rakursdan
yanaşmaqla, daha geniş açmaq idi...”
* * *
1992-ci
ilin iqtisadi-siyasi çətinliyində çəkdiyi “O
dünyadan salam”dakı hadisələr 14
respublikanın “SSRİ - qəbiristanlıq”da dirilib, bir-bir
öz evlərinə qaçmasını eyham-ehtiva edir.
Analoqu olmayan nəhəng bir siyasi quruluşun kifayət qədər
maraqlı, istedadlı bir sənət nümunəsində
devrim-süqutu! Lakin... müstəqillik illərində
dünya arenasına çıxmaqçün edilən bu ilk
cəhd heç ölkədaxili addım da ata bilmir və kinoteatrlardakı
“sıfır maraq”dan küsən rejissor “belə bir milli-siyasi
məhsulun gözdən düşməsinə yol verə bilmərəm”
fikrilə televiziya nümayişinə qadağa qoyur. Və təkrar
bir “lakin”: bir müddət sonra bu film “Türkmənistanda
keçirilən “Gümüş aypara” festivalında birinci
yeri tutur...
* * *
Bu
rejissorun “başıbəlalı” filmlərindən hesab edilən
“Bağ mövsümü”nün (və həm də müəllif
“kapriz”lərinin) qısa nəqli baş rolun (Ağabacı)
ifaçısı Zemfira Sadıqovanın xatirələrində:
“Bədii şura məni seçdiyi halda, bir də eşitdim
ki, S.İbrahimova bu rola hansı geyimlərdə çəkiləcəyilə
maraqlanır. Bunu rəhbərliyə çatdırdım və
Eyvaz Borçalı (kinostudiyanın direktoru – red.) da rejissorun
Ağababa roluna sınaq edilən üç məşhur
aktyor içərisindən məhz Həsən Məmmədovu
çəkmək istəyinə rəğmən:
“Yaxşı, Ağababa roluna Həsəni çəkirsən,
Ağabacı roluna Zemfiranı” deyəndə, Tağızadə
bircə kəlmə işlətdi: “Oldu”.
Lakin bu istedadlı rejissor öz daxili eqosundan qalmadı;
sonda, oynadığım ən maraqlı epizodların bəzilərini
filmdən çıxartdı, 90 dəqiqəlik filmi kəsib
elədi 75 dəqiqə. Əgər şəxsi münasibətlər sənəti
üstələməsəydi, ortaya daha yüksək səviyyəli
bir iş çıxa bilərdi...”
* * *
Azərbaycan
kinosuna özünəməxsus yeni nəfəs, orijinal
baxış gətirmiş bu istedad və orijinallıq mücəssəməsinin
qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli
duyğularımızı da ekran “reklam”ına
çıxarması, problemlərə baxışda ekran-salon
“tərəf-müqabil”liyi yaratması haqda da
düşünməli; kino-seans zamanı bu “tərəf”lər
arasında, az qala, proporsional izləmə situasiyası
yaşanır. Baxın, o, bilavasitə gözə, bilvasitə
hiss, qəlb və duyğulara işləyərək,
ekran-salon tandem-dramaturgiyası yaradır. Məncə, onun aktyor
kontingenti hər dəfə öz “ifaçı”lıq
işlərini bitirib “tamaşaçı”lığa
keçirkən, rejissorun saysız dubl, şərh, müdaxilə-mühakimə
kaprizləri sayəsində çox şeyə nail
olunduğunu da görüb, növbəti rol yüklərini
tuturmuşlar...
* * *
Kinoya – bu böyük sənət səltənətinə müharibə alovlarından keçib, barmaqlarından birini səngərdə qoyub qayıtmış rejissorun “Uzaq sahillərdə” kino-şedevrinə uzatdığı millilik “barmağı”; bizim doğma Mehdi-“Mixaylo”muzu, bir çox rusofil həmkarlarından fərqli olaraq, “cılxa sovet”ləşdirməməsi.
* * *
Xəyal-ekranların proloq-kadrında istedadlılığı qədər də prinsipial, “hər şey ali sənət üçün!” kredolu, konyunkturadan xali, özgür bir ömür yaşamış və bu keyfiyyətləri “hesabına”, az qala, filmlərində mədəniyyətimizə qazandığı maraqlı situasiya, təbiət-cəmiyyət mənzərələri, bitkin obrazlar qədər “maraqlı” düşmənlər də qazanmış bir rejissor yaratmalı və ömürsonu hansısa səlahiyyət sahibinin “daha bu studiyaya gəlmə” hökmünə “axı, mən bu studiyanı yaradanlardan biri olmuşam!” pıçıltısının fərqinə varmalı...
* * *
Onun dedikcə maraqlı ekran irsi isə tamam başqa mətləblər söyləməkdə...
Tahir
ABBASLI
Mədəniyyət.- 2018.- 29
avqust.- S.12.