Azərbaycan və Almaniya arxeoloqlarının birgə tədqiqatları

 

 

“Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı Qurbantəpə və Dərə Yataq abidələrində arxeoloji tədqiqatlar aparır. Qurbantəpə abidəsində araşdırmalar eramızdan əvvəl V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir.

Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları - ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunublar.

İnstitutdan bildiriblər ki, beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münxen Dövlət Antik KülliyyatQliptotek Muzeyinin direktoru, professor Florian Knaus, LüdviqMaksimilian adına Münxen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament əlaqələndiricisi, doktor Kay Kaniut təmsil edirlər.

E.İsgəndərov deyib ki, ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. Bir neçə tikilidən ibarət olan kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlanıb. Builki qazıntılar zamanı əldə edilən nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb. Sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkarlanıb. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda tamamlanmamış sütun altlıqlarının aşkarlanması bu sarayın inşasının sona çatmaması haqqında fikri irəli sürməyə imkan yaradır. Bunu o dövrdə regionda baş vermiş hadisələrlə bağlamaq olar.

 

 

 

 Mədəniyyət.- 2018.- 29 avqust.- S.15.