Böyük İpək Yolunda ulduzunu tap

 

 

Batumidə beynəlxalq musiqi festivalı

 

Avqustun 27-də Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı başlayıb.

Musiqi yarışmasında Gürcüstan, Azərbaycan, Çin, Türkiyə, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, bəzi Şərqi Avropa ölkələri də daxil olmaqla, 14 dövlətin nümayəndələri iştirak edirlər.

Sentyabrın 1-dək davam edəcək musiqi festivalının əsas məqsədi ölkələr arasında mədəni əlaqələri inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaqdır. Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa edəcəklər.

Festivalda birinci yeri qazanan gənc müğənni 10 min dollar mükafat alacaq. İkinci yerin sahibinə pulsuz Avropa ölkələrinə tur paketi təqdim olunacaq. Üçüncü yerin qalibi mükafatsız qalmayacaq.

Festivalın əsas təşkilatçısı, “Discover Silk Road Star Georgia” təşkilatının rəhbəri Nino Şalamberidze deyib ki, musiqi yarışmasında 18-35 yaş arasında gənclər iştirak edirlər.

N.Şalamberidzenin sözlərinə görə, 2019-cu ildə ikinci festivalı qəbul etmək istəyən ölkələr də var.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.16.