Çexiyada Gəncənin tarixindən bəhs
edən monoqrafiya nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun müəllifi olduğu “Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti. Tarixi-etnoqrafik tədqiqat” monoqrafiyası Çexiyanın paytaxtı Praqada ingilis dilində çapdan çıxıb.
AMEA-dan bildiriblər ki, kitab Gəncənin tarixi ilə bağlı Avropada xarici dildə nəşr edilən ilk monoqrafiyadır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən kitabın elmi redaktorları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Nərgiz Quliyeva və Çexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır. Nəşrin rəyçiləri isə ABŞ-ın Smitson İnstitutunun Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor, İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.
Monoqrafiya dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Dənizi Hövzəsi Elmi Tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.
Kitabın üz
qabığında Londondakı Viktoriya və
Albert Muzeyində mühafizə edilən
Gəncə xalçası təsvir olunub.
Mədəniyyət.- 2018.- 29
avqust.- S.15.