Regionun mətbəx günü

 

Qubada milli yemək festivalı təşkil edilib

 

Avqustun 30-da QubadaRegionun mətbəx günüadı ilə təşkil olunan milli yemək festivalı yerli sakinlər rayona gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Quba şəhərindəki Nizami Gəncəvi adına istirahət parkında ilk dəfə keçirilən festivalda ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib.

Tədbirin əvvəlində iştirakçılar yerli sənətkarların əl işlərinin nümayiş etdirildiyi stendlərə, azyaşlı idmançıların təqdimatına və sərgilənən yemək növlərinə baxıblar.

Festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunub. Bölgədə yaşayan azsaylı xalqların mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə tədbirlər rayonlarda da təşkil olunsun.

Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu vurğulayaraq festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, geniş ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə xeyli fərqlənir. “Regionun mətbəx günü” festivalının keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə uzanan yad əllərin qarşısını almaqdan ibarətdir.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilənRegionun mətbəx günümilli yemək festivalının gələcəkdə ölkəmizin digər bölgələrini əhatə etməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 4.