Xalq yazıçısı Elçinin “Baş”
romanı Türkiyədə nəşr edilib
Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyənin “İş Bankası Kültür Yayınları” nəşriyyatında nəfis tərtibatda çap edilib.
Nəşriyyat əsərlə bağlı geniş şərhlər verməklə müəllifi oxuculara “Modern ədəbiyyatın ən önəmli təmsilçilərindən” biri kimi təqdim edib. Türk dilinə Azad Ağaoğlu tərəfindən çevrilən roman Elçinin qardaş ölkədə nəşr edilmiş 26-cı kitabıdır.
“Baş” romanı xarici ölkələrdə böyük maraqla qarşılanmaqdadır. Əsər rus dilində Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında çap olunub, “Yunost” jurnalında və məşhur “Roman-qazeta”da təkrar dərc edilib. Roman Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişineuda moldav dilində yerli oxuculara təqdim olunub, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.
İki il öncə roman çapdan çıxarkən mövzusu, orijinallığı və yüksək bədii xüsusiyyətlərinə görə oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdi.
Qeyd edək ki, “Baş”
romanında Azərbaycan xanlıqlarının idarə
olunması, əhalinin yaşayışı və üzləşdiyi
çətinliklər, eləcə də həmin dövrdə
xalqımızın mədəni-məişət həyatı
zəngin bədii koloritlə, obrazların dili
ilə oxucuya çatdırılır.
Əsər oxucunu XIX əsrin əvvəllərinə
aparır. Bakıda və Qarabağda cərəyan
edən, Sankt-Peterburqda, İranda
baş vermiş hadisələr
romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini
yaradır.
Mədəniyyət.- 2018.- 31
avqust.- S. 7.