Azərbaycan və Koreya alimlərinin Qəbələdə yeni arxeoloji tədqiqatları

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) ilə Seul Milli Universiteti arasında əməkdaşlıq çərçivəsində Qəbələ rayonundakı Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar davam edir.

Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ arxeoloji ekspedisiyasının rəisi Ceyhun Eminli, Koreya Respublikası tərəfindən isə Seul Milli Universitetinin professoru Jong İl Kim rəhbərlik edirlər.

C.Eminlinin sözlərinə görə, arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır. Tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkarlanıb. Yaşayış binası və onun həyəti geniş bir ərazini əhatə edir. Bünövrəsi çay daşından qurulmuş və divarları bişmiş kərpiclərlə ucaldılmış bina güclü dağıntılara məruz qalıb. XII-XIII əsrlərə aid binada xeyli sayda inşaat bəzəkləri də olub. Əhəng tərkibli suvaq qatı üzərindəki zəif müşahidə olunan rənglərə əsasən evin divarlarının müxtəlif bəzək elementləri ilə naxışlandığını da söyləmək olar.

Arxeoloji tədqiqatlar Səlbir yaşayış yerinin mərkəzi hissələrinə yaxın yerdə də davam etdirilir ki, burada kiçik su anbarının olması ehtimal edilir. Qazıntılar zamanı müxtəlif təyinatlı quyular, təsərrüfat anbarı, ocaq qurğuları və şirli qabların bişirilməsi üçün nəzərdə tutulan dulus kürəsinin hissələri də aşkarlanıb. Qazıntı sahəsində son antikorta əsrlərə aid xeyli sayda saxsı, şüşə və daş məmulatı toplanıb.

Qeyd edək ki, Səlbir yaşayış yerində tədqiqatlar Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildən etibarən təşkil olunur.

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 10.