“Azərbaycan mədəniyyətinə
aşiq olaraq böyüdüm...”
İrfan
Çiftçi: “Mədəni siyasətimizin məqsədi
qardaş xalqlarımızı bir-birinə daha dərindən
tanıtmaq, anlatmaq və yaxınlaşdırmaqdır”
Azərbaycan ona yad ölkə deyil. Müsahibələrində
hər zaman Azərbaycana bağlılığı, iki
qardaş ölkənin mədəniyyətinin bir-birinə
daha yaxın olması üçün
çalışdığını vurğulayır. Onunla söhbətimiz zamanı bu sevginin bir daha
şahidi oldum. Müsahibimiz Türkiyənin ölkəmizdəki
səfirliyinin mədəniyyət və tanıtım
müşaviri,
şair-yazar İrfan Çiftçidir.
- İrfan bəy, “Azərbaycan mənə yad deyil”
deyirsiniz. Bəs burada olduğunuz müddətdə mədəniyyət
sahəsinin hansı incəlikləri ilə yaxından tanış olmaq imkanınız olub?
- Mən Azərbaycan köklü bir ailədən gəldiyim
üçün (11 yaşına qədər Qarsda
yaşadım) qədim Azərbaycan mədəniyyətinə
aşiq olaraq böyüdüm. Ondan sonra isə 15-20
yaşımdan etibarən bu sahədə oxumağa,
özüm üçün araşdırmalar aparmağa
başladım. Bu həm ailəmin, həm içindən gəldiyim
ziyalı mühitin təşviqi, həm də öz arzum idi.
Azərbaycan müstəqil olduqdan sonra Türkiyədən
bura ilk gələnlərdənəm. Yəni,
1993-cü ildən etibarən Azərbaycana müxtəlif vəzifələrlə
əlaqədar gəlib-getməyə başladım.
Burada dostlar qazandım, yazılarım dərc olundu, ədəbiyyatı
izləməyə başladım. Bütün
bunlar “Vətən” cəmiyyətindən başlanan əlaqəmin
davamı idi. Artıq iki ilə
yaxındır ki, burada daimi vəzifədəyəm. Mənim kitabxanamda Azərbaycanla bağlı 5 minə
yaxın kitab var. Amma buna rəğmən mən bəlkə
Azərbaycanı, demək olar ki, 10-20 faiz öyrəndim deyə
bilərəm. Azərbaycanın qədim mədəniyyəti,
modern dönəmi çox önəmlidir. Rusiya işğalı, Bakıda neft istehsalı,
memarlığından operasına, musiqisindən rəsminə
qədər çox dərin araşdırılması
lazım gələn məqamlar var. Yazmaqla, oxumaqla, gəzməklə
doya bilmirəm bu zənginlikdən. Gördüyüm ən
önəmli yeniliklərdən biri Azərbaycanın son 15 ildə
başlatdığı mədəni və memarlıq sahəsində
inqilabıdır ki, bu iş bəhrəsini verməyə
başlamışdır. Ona görə də
Bakı Avropa sayağı bir şəhər olmağa
başladı.
Bundan
başqa, Azərbaycanda dünya standartlarında yer alan mədəni hadisələr
reallaşır. Yəni, Heydər Əliyev Mərkəzində,
Beynəlxalq Muğam Mərkəzində, “YARAT” Müasir
İncəsənət Məkanında və s. keçirilən
tədbirlər Londonda, Parisdə, İstanbulda həyata
keçirilən mədəni tədbirlər ilə eyni səviyyədədir.
Musiqi festivalları və digər beynəlxalq mədəni
layihələr. Bütün bunlar həm
milliliyi, həm də dünyəviliyi qoruyan yüksək səviyyəli
tədbirlərdir. Bizdə olmayan və
örnək götürməyimizə səbəb olan hallardan
biri də sizin Mədəniyyət Nazirliyinin yaradıcı
qurumlarla sıx əlaqəsinin olmasıdır. Bunları müasir dünyanın ən qabaqcıl sənət-mədəniyyət
nümunələri kimi dəyərləndirirəm və bunu
hər yerdə, eləcə də Türkiyənin rəsmi və
mədəni qurumlarında bildirmişəm. Məsələn, sərgi təşkilatçılarına
Mədəniyyət Nazirliyinin dəstəyi, regionlarla sıx əlaqə.
Bir müddət əvvəl regionlardakı
qalereyalar və muzeylər üçün “YARAT”da bir kurs təşkil
edildi. Bu çox önəmli haldır.
Yeni idarəetmə üsullarının öyrədilməsi
və tətbiqi önəmlidir. Mədəniyyət
Nazirliyinin regionlarda görüşlər, tədbirlər
keçirməsi də çox önəmlidir. Amma məni
narahat edən məsələlər yeni çəkilən
filmlərin az nümayiş olunması və
yeni nəşrlərin az tapılmasıdır. O cümlədən
nazirliyin dəstəyi ilə çap olunan kitabları əsasən
kitabxanalardan əldə edib oxumaq mümkündür və
onlar satışa az sayda
çıxarılır.
- Türkiyənin ölkəmizdəki
səfirliyinin mədəniyyət və tanıtım
müşavirliyi olaraq
aktiv fəaliyyətinizi müşahidə edirik. Fəaliyyətinizin əsas istiqaməti və mədəniyyət
siyasətinizi necə izah edərdiniz?
-
Böyük Atatürkün bir düsturu var: Türkiyə
Cümhuriyyətinin təməli mədəniyyətdir və
əgər bir millətin incəsənəti yoxsa, demək, həyat
damarı qopmuşdur. Bizim fəaliyyətimizin əsas
istiqaməti, ulu öndərin dediyi kimi, iki dövlətdə
yaşayan bir milləti bir-birinə daha yüksək səviyyədə,
daha dərindən tanıtmaq, anlatmaq, anlamaq, axan iki
çayın qollarını bir-birinə daha da
yaxınlaşdırmaqdır. Bu işi
elitar səviyyədə və gənclərlə görmək
əsas məqsədimizdir. Son zamanlar ən
çox gənclərin diqqətini çəkə bilən,
iki qardaş ölkənin gənclərinin bir-birinin mədəniyyətini
daha yaxından tanımasına xidmət edən layihələr
reallaşdırmağı məqsədəuyğun hesab
edirik. Yaxın aylarda özəl nəşriyyatlarla
bərabər, Azərbaycanda türk dilində kitabların sərgisini
təşkil edəcəyik. Bu, türk
yazarlarının da iştirak etdiyi bir tədbir olacaq.
Əsas hədəfimiz
Azərbaycanda fəaliyyət göstərən TİKA və
Yunus Əmrə İnstitutu ilə birgə fəaliyyətləri
genişləndirməkdir. Çünki bu təşkilatlar
da artıq Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Türkiyə və Azərbaycan
arasındakı mədəni münasibətləri qurumlar
arasında inkişaf etdirməyimiz lazımdır. Bu məsələ hazırda əsas problemdir. Bizim teatrlarımız, rəsm qalereyalarımız,
yazarlarımız arasında birbaşa əlaqələr
yoxdur. Bunları artıq, necə deyərlər,
avtomatlaşdırmaq lazımdır. Mövsüm
ərzində buradan bir neçə teatr truppası rahat şəkildə
Türkiyəyə getməli, eləcə də oradan bura gəlməlidir.
Bunlarla yanaşı, həm Mədəniyyət
Nazirliyi ilə birgə reallaşacaq layihələrimiz, həm
də bizim özəl layihələrimiz var. Şəhərlər
arasında əlaqələri bərpa etmək
lazımdır. Qardaş şəhərlər anlayışı var, lakin
hazırda tam işlək layihələr deyil, bunları təkmilləşdirmək
və işə salmaq lazımdır. Akademik
qurumlar və təfəkkür mübadiləsini təmin edəcək
layihələr reallaşdırmaq da işin əsas tərəflərindən
biridir.
- Bu
fikri bir qədər də konkretləşdirsək?..
- Məsələn,
Azərbaycanda tam olaraq türk ədəbiyyatını təqdim
edən kitab mağazaları hələ də yoxdur. Türkiyədəki
Sabri Ülgener, Ahmed Güner Sayar, İlber Ortaylı , Rasim
Özdenören kimi ədəbiyyatçılarla Azərbaycan
hələ də yaxından tanış deyil. İlk
dəfə Azərbaycana İLESAM ilə birlikdə 15 min kitab
gətirdik. Sentyabr ayında bu kitabların
paylanmasına başlanılacaq. Bunları
artırmağımız lazımdır. Əsas
işlərdən biri də mədəni əlaqələrimizin
səviyyəsini və keyfiyyətini daha da yüksəltməkdən
ibarətdir. Qeyd edim ki, bir millət – iki dövlət
olmağın bir başqa, necə deyərlər, mənfi tərəfləri
də var. Türkiyədən Azərbaycana, eləcə də
buradan oraya o qədər də yüksək keyfiyyətli
olmayan təhsil-tədris, yaradıcı
iş və s. gələ bilir. Bunları dövlət səviyyəsində
nəzarətə almaq
lazımdır. Məsələn,
Türkiyədə heç tanınmayan, zəif bir rejissor gəlir
Bakıda film çəkir, bunu hər iki tərəf
böyük bir hadisə kimi qələmə verir. Belə halların olmaması lazımdır.
- Son
bir il müddətində hansı yeni layihələriniz
reallaşıb?
-
Çoxlu tədbirlər, birgə layihələr həyata
keçirdik. Ötən ilin sentyabrında
Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına
Türkiyə ilk dəfə olaraq ən böyük heyətlə
qatıldı. 30-a yaxın nəşriyyat
iştirak etdi bu sərgi-yarmarkada. Ayrıca
olaraq Türkiyə-Azərbaycan nəşriyyatçılarının
qurultayını təşkil etdik. Bunun
sayəsində çox önəmli müqavilələr
imzalandı. Azərbaycana Türkiyədən
kitabların gəlməsi işini asanlaşdırdıq.
Konsertlər, ədəbiyyat sahəsində
qarşılıqlı işbirliyi həyata keçirdik.
Mir Cəlal Paşayev və Əhməd
Kabaklının yubileylərini qeyd etdik. Günay
Mehdizadənin kuratorluğu ilə Türkiyə və Azərbaycandan
bir çox rəssam və fotoqrafların “Rənglərin
qardaşlığı” adı altında sərgisini təşkil
etdik. Ən yaddaqalan hadisələrdən
biri də Bakıda ilk dəfə olaraq “Mehtər” qrupunun
çıxışı idi. Bu, tarixi bir
hadisə oldu. İçərişəhərdə
və Nizami küçəsində iki saata yaxın çox
böyük konsertlər verdilər. Sabir bağından
Nizami küçəsinədək içində
kitabçılardan lokumçulara, zərgərlikdən təsbehçilərə
qədər rəngarəng “İstanbul
çarşısı” adı ilə böyük bir Osmanlı-Türk
küçəsi düzəltdik. Həmçinin
Bakıda təşkil edilən fəaliyyətlərin bir hissəsini
Gürcüstanda da həyata keçiririk. Çünki oradakı səfirliyin mədəniyyət
müşavirliyi bizə bağlıdır. Bu il bizim tədbirlərimiz daha çox Azərbaycan
Cümhuriyyətinin 100 illiyi ilə bağlı oldu. Bunların çoxu hələ irəlidədir.
100 illiklə bağlı Azərbaycan Mədəniyyət
Nazirliyi və Türkiyənin Azərbaycanda fəaliyyət
göstərən şirkətləri ilə bərabər
çoxsaylı layihələr həyata keçiririk və
bu, davam edəcək.
- Qarşıda yeni layihələr də
nəzərdə tutursunuzmu?
- Həm
mədəniyyət, həm də turizm üçün
önəmli olan planlarımız var. Bakı-Tiflis-Qars dəmir
yolunu mədəni marşrut halına gətirmək istəyirik.
Yeni mədəni marşrut yaratmaq heç də pis
olmazdı. Niyə, məsələn, dünyada
çox məşhur olan Transsibir layihəsinin müasirini təşkil
etməyək. Bakıdan İstanbula 3-4 günlük –
içində konsert, sərgi, mətbəxi olan qatar səyahəti təşkil etmək. Bunu bir yolçuluq deyil, bir hotel
rahatlığında olan əyləncəli, mədəni
marşrut kimi təqdim etmək fikrindəyik. Bu, bölgə
üçün də yenilik ola bilər.
- Sonda
həm oxucularımıza, həm də Türk
dünyasına arzularınız...
- Böyük türk mədəniyyətini bir araya gətirmək bizim ən böyük arzumuzdur. Ortaq türk dəyərləri bütün türk xalqlarının milli dəyəridir və biz bu dəyəri bir ad altında təqdim etməyi bacarmalıyıq. Ortaq musiqi tariximizin, ortaq türk mədəniyyətimizin olması mütləqdir. Bunu etdiyimiz zaman dünya da bizi tanıyacaq. Mehriban xanım Əliyevanın fəaliyyətlərindən sonra muğam sənəti dünyada daha geniş tanındı. İyul ayında Azərbaycanda təşkil edilən İSME simpoziumu (Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı – red.) dünyada bu birlik və tanıtım üçün mühüm addım idi. Türk dünyası olaraq bütün sahələri əhatə edən mədəniyyət industriyamızı yaratmalıyıq. Bu gün də dünənki kimi Türk dünyasını birləşdirəcək Ağaoğlulara, Hüseynzadələrə böyük ehtiyac var. Amma bütün bunlar bugünün texnologiyaları və idrakıyla olmalıdır. Çünki Hz. Mövlanənin dediyi kimi, “dünənin sözü dünəndə qaldı, bu gün yeni şeylər demək lazımdır”... Tariximiz, dünənimiz bir ola bilər, amma bugünümüzü də birləşdirməsək, sabah ayrı düşə bilərik. Əgər məhəbbətimiz varsa, bunu bacaracağıq. Məncə, var... sizcə var, ya yox? Türk dünyası, qardaşlıq deyib düşünən hər kəs özünə bu barədə sual verməli və bu yolda çox çalışmalıdır. Türkiyə-Azərbaycan arasında olan hər şey Türkiyənin və Azərbaycanın üçüncü bir ölkə ilə münasibətlərindən çox daha yüksək səviyyədə olmalıdır. Bizim şüarımız bu olmazsa, itirərik.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 31
avqust.- S. 11.