Moldovada Proza festivalı

 

 

 

Moldovanın paytaxtı Kişinyov şəhərində 29-30 noyabr tarixində I Beynəlxalq Proza festivalı keçirilib. Moldovanın Təhsil və Mədəniyyət Nazirliyi ilə Moldova  Yazıçılar İttifaqının təşkil etdiyi tədbirdə Azərbaycanı yazıçı Elçin Hüseynbəyli təmsil edib. Səfər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə gerçəkləşib.

Moldova, Rusiya, Azərbaycan, Ukrayna, Çexiya, Böyük Britaniya, Fransa yazarlarının qatıldığı tədbirin açılış mərasimi Kişinyov Bələdiyyə Kitabxanasında gerçəkləşib. Qələm adamları milli ədəbiyyatların  keçmişi, indisi və gələcək perspektivlərini müzakirə ediblər. “Kvadrat” jurnalının ilk sayı da festival iştirakçılarına təqdim olunub. Topluda Elçin Hüseynbəylinin “Qocanın axdığı gün” hekayəsi də yer alıb. Hekayəni Moldova yazıçısı və festivalın direktoru Nikolaye Spetaru tərcümə edib.

Tədbirin ikinci günü iştirakçıların bir qrupu Kişinyov Dövlət Universitetinin qonağı olub, şəhərin görməli yerlərinə baş çəkiblər. Elçin Hüseynbəyli Kişinyovun parklarının birində Azərbaycan şairi Nizami Gəncəvinin büstünü ziyarət edib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.