Böyümək istəməyən oğlan Kukla
teatrındadır
Ceyms Barrinin hələ ötən əsrin əvvəlində Avropada məşhurlaşdırdığı Piter Pen adlı qoçaq qəhrəmanın biz tərəflərə gəlişi nədənsə çox gecikib. Son mövsümlərdə Musiqili teatrın afişasında onun adını görsək də, nədənsə “Bremen musiqiçiləri və Pen” tamaşası o qədər də uğur qazanmadı: ya bremenli musiqiçilər Piter Peni kölgədə qoydular, ya da Piter Pen səhnəni onlarla paylaşmaq istəmədi. Odur ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Piter Penin peyda olduğunu bilincə, fürsəti qaçırmadıq...
Teatrda öyrəndik ki, hələlik səhnə məşqləri başlamayıb, heyət yuxarıdakı güzgülü zaldadır. Bəli, güzgülü zalda! Kukla tamaşasının əsas məşqi bu zalda keçir. Çünki kuklaçı-aktyor oynatdığı kuklanın hərəkətlərini güzgüdən görməlidir ki, onun salondan necə göründüyünə arxayın olsun. Axı, salondakılar səni yox, sənin əlindəkiləri görəcəklər, gərək əllərinin də dilinə qoşulub danışdığı nağıl inandırıcı, maraqlı olsun.
Qapını sakitcə açıb içəri keçirik. El dilindəki “söz vaxtına çəkər” ifadəsi necə də yerinə düşərmiş. Çünki biz Piterin Vendiyə həmişə uşaq olaraq qalacağı barədə sirrini açdığı səhnənin şahidi oluruq. Aktyor Elnur Abasquliyev həmkarı Elgün Həmidov ilə Piteri hərəkətə gətirir, onun əvəzinə danışır. Aktrisa Səriyyə Mansurova da balaca qardaşını Kapitan Qarmağın adamları oğurladığı üçün qüssəyə batmış Vendinin kədərini səsinə köçürüb Piterlə söhbət edir.
- Gəl, sənə bir sirr açım.
- Eşidirəm.
- Mən hər zaman uşaq olaraq qalacağam.
- Hiii…
- Mən heç zaman böyüməyəcəyəm!.. Uşaq olaraq
qalacağam!
- Bu ki çox kədərlidir?..
- Əksinə, bu, çox sevindirici haldır!.. Hər
zaman oynamaq, gülmək, sevinmək! Məgər,
bu, kədərlidir?
Bu yerdə tamaşanın quruluşçu rejissoru Anar Məmmədov aktyorların işinə düzəliş edir:
- Bax, Elnur, bu
yerdə Elgün sənə kömək edir, Piteri Səriyyənin
arxasından uçurub
sol tərəfə keçirsən,
Piter də başını əyib Vendinin üzünə baxır. Bu yeri
bir də təzədən keçək.
...Səhnə bir neçə dəfə təkrarlanır. Ta ki, kuklaların hərəkəti
tam cilalana, mizanlar dolğunlaşanadək. Çox keçmir
ki, Piterlə Vendinin söhbətinə
Din adlı pəri də qoşulur. Piterin köhnə dostu Din Vendiyə ürək-dirək
verir, Piterlə ona uçmaq öyrədirlər. Axı, Vendi
Darlinq böyük bacı kimi qardaşı üçün
narahatdır, onu xilas etməlidir. Amma Kapitan Qarmağın oğurlatdığı Conun
saxlanıldığı Yoxlandiya
ölkəsinə yalnız
uçaraq getmək olar. Vendi isə uça
bilmir. Həmişə
əhvalı xoş olan Piter bunun
da çarəsini tapır: Vendi ürəyində arzu tutmalıdır, üstünə
də pəri Dinin zərli
tozundan bir qədər götürüb
səpir və… Vendi uçmağa başlayır.
Vəssalam, bu qədər
sadə.
Xəyalları gerçək, ağlasığmaz
arzuları çin edən kuklalar aləmində hər şey sadədir. Bircə geniş
seyrçi kütləsinin
şahidi olmadığı
tamaşaya hazırlıq,
məşq proseslərindən
başqa.
Fasilədən istifadə edib quruluşçu rejissor Anar Məmmədovla söhbət edirik:
- Hamımız uşaq olanda böyüməyə
tələsirik. Ədəbi, nağıl qəhrəmanları
içində böyümək
istəməyən yeganə
uşaq Piter Pendir. Düşündüm ki, bizim teatrda belə bir qəhrəmana ehtiyac var. Biz bu tamaşa ilə öz tamaşaçılarımıza
ismarış yollayırıq
ki, böyüməyə
tələsməyin. Uşaq olmağın
həzzini yaşayın.
- Tamaşa barədə nə deyə bilərsiniz?
- Masaarxası məşqlərdə
də aktyorlarla müzakirəmizdə belə
qərara gəldik ki, bu tamaşada
Kapitan Qarmaqdan başqa pis, mənfi qəhrəman yoxdur, hətta onun dəstəsindəki quldurlar belə əsl quldur xarakterində deyillər, sadəcə, düşdükləri
vəziyyət onları
uşaq oğurlamağa
vadar edib. Tamaşada konfliktin alınması üçün onlar belə etməlidir. Yəni onların taleyi belə gətirib.
- Bəs bu tamaşanın
valideynlərə ismarışı
nədir?
- Piter Pen balaca Conu xilas edəndə
o, evə qayıtmaq istəmir. Ondan niyəsini soruşanda da cavab verir
ki, evdə mənə çox şeyi qadağan edirlər, kapitan isə istədiyim
qədər şokolad
yeməyə, onun tapançasından güllə
atmağa icazə verir, burda heç
kim mənə gonbul demir. Biz
də valideynlərə
demək istəyirik ki, övladlarınızı
çox sıxmayın,
imkan verin, öz uşaqlıqlarını
yaşasınlar. Fikir verirsinizsə,
bu gün uşaqlar bir-birilə evdə, həyətdə,
parkda, demək olar ki, oynamırlar,
dərs, idman məşğələsi, musiqi
dərsi, onlar da olmayanda telefon,
planşet uşaqların
uşaqlığını əlindən alır.
* * *
Düzdür, silah nəinki uşaqlar, heç böyüklər üçün
də arzulanan oyuncaq olmasa da, çox şokolad yemək də zərərli vərdiş olsa da, “Piter Pen” tamaşasının yaradıcı
heyəti bir məqamda haqlıdır: hər bir uşaq
öz uşaq həyatını doya-doya
yaşamalıdır.
Dekabrın sonunadək təhvil verilməsi nəzərdə
tutulan tamaşanın
quruluşçu rəssamı
Əfşan Əsədova,
tərcümə mətninin
və səhnə variantının müəllifi
isə quruluşçu
rejissor Anar Məmmədovdur. Tamaşada aktyorlar Elmira Hüseynova, Rəhilə İbadova, Səriyyə Mansurova, Elnur Abasquliyev, Cavid Telman, Elgün
Həmidov və başqaları məşğuldur.
Afişaları izləyin, böyümək
istəməyən oğlan
gələn aydan Kukla teatrında sizi gözləyəcək.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.7.