Bakı Xoreoqrafiya Akademiyasında görkəmli sənətkarlar yad edilib

 

 

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində görkəmli aktyor, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya və xatirə tədbiri keçirilib.

Ölkə Prezidentinin sənətkarın 80 illiyi haqqında sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin Tədbirlər planına uyğun olaraq təşkil edilən tədbirdə xalq artistləri Rafiq Əzimov, Əbdül Mahmudov, Əməkdar artist Elxan Qasımov, digər qonaqlar, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak edib.

Elmi sessiya aktyorunYeddi oğul istərəm”, “Böyük dayaq”, “Alma almaya bənzər”, “Axırıncı aşırım”, “Dədə Qorqud” və digər filmlərindən kadrların nümayişi ilə başlayıb.

BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev tədbiri giriş sözü ilə açaraq Həsən Məmmədovun yaddaqalan obrazlar yaratmasının onun zəngin potensialından və peşəkarlığından qaynaqlandığını bildirib. Qeyd edib ki, görkəmli aktyor yaradıcılığı ilə sənətə yeni qədəm qoyan gənclər üçün də əsl məktəbə çevrilib.

Daha sonra aktyorun sənət dostları çıxış edərək Həsən Məmmədovun təkrar olunmaz ifa tərzindən, aktyor ustalığından danışaraq xatirələrini bölüşüblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova Həsən Məmmədovun yaradıcılığından bəhs edən məruzələrlə çıxış ediblər.

* * *

BXA-da təşkil edilən daha bir xatirə tədbiri Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilib.

Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev elmi-nəzəri konfransda çıxış edərək Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından söz açıb. Bildirib ki, görkəmli ədibin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik və Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə büruzə verir. Buna nümunə olaraq onunAyağa dur, Azərbaycan”, “Bu gecə yuxumda Arazı gördüm”, “Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar.

BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova çıxışında qeyd edib ki, şairin şeirlərində həyat eşqi, insani duyğular, folklor nümunələri dolğun əks olunub.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrlə çıxış ediblər.

Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında şairin “Vətən desinşeiri, İncəsənət fakültəsi tələbələrinin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və sözlərinə bəstələnmiş mahnılar səslənib.

Tədbir iştirakçıları Məmməd Arazın 85 illiyi münasibətilə BXA-nın Kitabxana-informasiya mərkəzinin təşkil etdiyi kitab sərgisi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.