On ilin
zəngin sənət
hesabatı
Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə -
dünya şöhrətli
bəstəkarımız” adlı
kitabın təqdimat mərasimi keçirildi. Noyabrın
30-da gerçəkləşən mərasimi mərkəzin direktoru Günel Rzayeva açaraq sənətşünaslıq doktoru,
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru,
Əməkdar incəsənət
xadimi Həcər Babayevanın müəllifi
olduğu kitab haqqında məlumat verdi.
Sonra müəllif
kitabın ərsəyə
gəlməsindən danışdı. Diqqətə çatdırdı ki, kitab Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadənin
yaradıcılığının
2007-2017-ci illərini əhatə
edir. Nəşrdə dünyanın məşhur
musiqi xadimlərinin bəstəkar haqqında fikirləri, onun iştirak etdiyi beynəlxalq konfranslar, müsabiqələr barədə
ətraflı məlumatlar
əksini tapıb.
Kitabda Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, akademik Teymur Kərimli, əməkdar incəsənət
xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva və başqalarının bəstəkarın
yaradıcılığından bəhs edən məqalələri toplanıb.
Qeyd olundu ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya
miqyasında tanınmış
simalarındandır. Onun əsərləri
xarici ölkələrin
konsert və teatr səhnələrində,
beynəlxalq festivallarda
tanınmış ifaçılar
tərəfindən səsləndirilir.
Bəstəkarın “İntizar”,
“Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”,
“Oazis”, “Dərviş”,
“Abşeron” kimi əsərləri müəllifinə
şöhrət qazandırıb.
Bəstəkar həmçinin ölkəmizdə
ənənəvi olaraq
keçirilən “Muğam
aləmi”, “İpək
yolu” beynəlxalq musiqi festivallarının bədii rəhbəridir.
Tədbirdə çıxış edən
Xalq yazıçısı
Anar nəşri yüksək qiymətləndirdi. Qeyd etdi
ki, Firəngiz Əlizadə iki dövrün – sovet və müstəqillik dövrünün bəstəkarıdır.
Onun yaradıcılığı hər
zaman ölkəmizin musiqi mədəniyyətinin
formalaşmasına, inkişafına
böyük təsir edib, bundan sonra
da təsir edəcək. O, simfonik
əsərlərində klassik
irsimizə, muğama müraciət edərək
öz daxili dünyasını və düşüncələrini musiqiyə
köçürür.
Əməkdar incəsənət xadimləri
Zemfira Səfərova,
kitabın redaktoru Cəmilə Həsənova
və başqaları
nəşrin əhəmiyyətindən
danışdılar, bəstəkarın
yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdülər. Çıxışlarda vurğulandı ki, vətəni tərənnüm
edən Firəngiz Əlizadə ümumbəşəri
mövzulara da müraciət edir. Əsərlərinin hər biri mədəniyyətlər arasında
körpü missiyası
daşıyır. Onun yaradıcılığı
və ictimai fəaliyyəti XXI əsr
Azərbaycan professional musiqisinin
dünyaya inteqrasiya etməsində mühüm
rol oynayır.
Sonda Firəngiz
Əlizadə çıxış
edərək tədbirin
təşkilatçılarına və kitabın ərsəyə gəlməsində
əməyi olan hər kəsə təşəkkür etdi.
Tədbir violin ifaçısı, beynəlxalq
müsabiqələr laureatı
Ceyla Seyidovanın ifasında bəstəkarın
“İmpuls” əsərinin
təqdimi ilə yekunlaşdı.
L.AZƏRİ
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.5.