Muzeydə musiqili görüş
Noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi “Detaşe” violinçilər ansamblının konserti oldu.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək “Detaşe” ansamblı haqqında qısa məlumat verdi. Bildirdi ki, ansamblın fərqli xüsusiyyətlərindən biri alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin dərin rəğbətini qazanıb.
A.Bayramova muzey adından “Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər” kitabını professor Zəhra Quliyevaya hədiyyə etdi. Sonra konsert proqramı təqdim olundu. Ansamblın ifasında İ.S.Baxın “Quno-Ave Mariya”, G.F.Hendelin “Passakaliya”, N.Rimski-Korsakovun ”Arı uçuşu”, T.Quliyevin “Sevgi valsı” və s. əsərlər səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.
S.FƏRƏCOV
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.5.