Milli Qəhrəmanın anım gecəsi

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 29-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Koroğlu İsmayıl oğlu Rəhimovun anadan olmasının 65 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə qonaqları salamlayaraq diqqətə çatdırdı ki, nazirliyin sifarişi ilə Milli Qəhrəmanlar haqqında çəkilən sənədli filmlərdən biri Koroğlu Rəhimova həsr edilib. Rejissor Kəmalə Musazadənin çəkdiyi film bu xatirə axşamında nümayiş olunacaq.

Filmin rejissoru çıxış edərək bildirdi ki, “Salnamə” və “Yaddaş” studiyalarında Milli Qəhrəmanlara həsr edilən silsilə filmlər lentə alınır. Bu filmlər gənc nəslə vətənin igid övladlarının şərəfli həyat yolunu tanıdır, vətənpərvərliyi təbliğ edir. Koroğlu Rəhimov haqqında “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkilən “Vətənim mənim” sənədli filminin operatoru Rüfət Süleymanovdur. Rejissor Mədəniyyət Nazirliyinə Milli Qəhrəmanlar haqqında filmlərin təbliğinə görə təşəkkürünü bildirdi.

Qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının iştirak etdiyi gecədə Koroğlu Rəhimovla birgə Qarabağda vuruşmuş polis mayoru Aida Şirinova, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, yazıçı Oqtay Əliyev çıxış edərək xatirələrini bölüşdülər.

Vurğulandı ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq Milli Ordu sıralarına yazılıb, 1992-ci ildə N saylı bölüyə komandir təyin edilib. Buzluq, Çartaz, Erkəç kəndlərinin düşməndən azad edilməsi zamanı bu bölüyün adı dilləri gəzirdi. O, Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyulun 3-də Ağdərədə döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanına əsasən Koroğlu İsmayıl oğlu Rəhimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Çıxışlardan sonra “Vətənim mənim” sənədli filmi nümayiş olundu.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.