“Azərbaycan ədəbiyyatı tarixinin birinci cildi çapdan çıxıb

   

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasına başlanılıb. İnstitutdan bildirilib ki, artıq çoxcildliyin birinci cildi çapdan çıxıb.

Nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayanŞifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, aşıq yaradıcılığı elmi-nəzəri oçerklər əsasında oxuculara çatdırılır.

Professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran “Azərbaycan folkloru” oçerkindən başlayaraq, onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib. Kitabda mifologiya (Arif Acaloğlu), arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri (Bəhlul Abdulla), qədim türk eposu (Nizami Cəfərov, Kamil Vəliyev), oğuznamələr (Əfzələddin Əsgər), “Kitabi-Dədə Qorqud” (Tofiq Hacıyev), xalq gülüşü, qaravəllilər (Muxtar İmanov), dastanlar (Məmmədhüseyn Təhmasib, Məhərrəm Qasımlı), bayatılar, qam-şaman kompleksi, ozan-qopuz ənənəsi, aşıq sənəti, aşıq mühitləri (Məhərrəm Qasımlı), “Koroğlueposu (Nizami Cəfərov, Məmməd Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib Fərzəliyev, Muxtar İmanov), nağıllar, atalar sözü və məsəllər, tapmacalar (Oruc Əliyev), əfsanələr, rəvayətlər, aşıq rəvayətləri (Aynur Xəlilova), xalq dramları, uşaq folkloru (Ramazan Qafarlı), meydan tamaşaları (Azad Nəbiyev) ilə bağlı dəyərli araşdırmalar təqdim olunub. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub, folklorşünaslarımız haqqında yığcam məlumatlar verilib.

Hazırda oncildliyin “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü əhatə edən ikinci cildi çapa təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.7.