Sofiyada xeyriyyə bazarında milli mətbəx və məhsullarımız nümayiş olunub

 

 

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib.

Səfirlik Azərbaycanın Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və “AZNAR” şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini və ölkəmizin turizm potensialını nümayiş etdirib.

Ziyarətçilərə təqdim olunmuş plov, dolmalavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, digər təamlar böyük marağa səbəb olub. Bazarda, həmçinin Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və çeşidli konservlər ziyarətçilər tərəfindən həvəslə alınıb.

Azərbaycan stendində milli çay dəsgahı təşkil olunub, çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. Ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincanboşqablar, tikmə nümunələri, habelə UNESCO-nun siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycanlı uşaqların ifasında Azərbaycan və bolqar dillərində səslənən Rəşid Behbudovun “Bakı” mahnısı alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Radiosuna müsahibə verib. Diplomat Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini söyləyib, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə danışıb.

Qeyd edək ki, bu il 24-cü dəfə keçirilən xeyriyyə bazarında 60-dan artıq ölkə təmsil olunub.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.8.