Azərbaycan və Özbəkistanın sənətkarlıq
şəhərləri qardaşlaşıb
Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə vilayətinin Rişton şəhəri arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında müqavilə imzalanması ilə bağlı mərasim keçirilib.
Müqavilə ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə reallaşıb.
Səfir Hüseyn Quliyevin rəhbərliyi ilə Fərqanə vilayətinin Rişton şəhərinə gedən Azərbaycan nümayəndə heyətində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, AMM-in direktoru Samir Abbasov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və başqa şəxslər yer alıb.
Mərasimdə şəhər hakimi Sadıkcon Xaydarov qonaqları salamlayaraq bildirib ki, ölkənin şərqində, Böyük İpək Yolunun üzərində yerləşən Rişton Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir, qədim dövrlərdən Orta Asiyada keramika istehsal edən böyük mərkəz kimi tanınıb. Rişton ustalarının əsərləri Moskvadakı Şərq İncəsənəti Muzeyi, Sankt-Peterburq Etnoqrafiya Muzeyi, Dövlət Ermitajı, ABŞ, Böyük Britaniya və Yaponiyanın muzey kolleksiyalarını bəzəyir.
Səfir Hüseyn Quliyev bildirib ki, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi ilk dəfə reallaşır. Rövşən Ağayev diqqətə çatdırıb ki, İsmayıllı və Rişton arasında oxşar xüsusiyyətlər var. Hər iki rayon öz sənətkarlığı ilə dünyada tanınıb. İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan mis qabların və müxtəlif məhsulların istehsalı həyata keçirilir. 2015-ci ildə Lahıcın misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Qeyd olunub ki, Rişton şəhəri İsmayıllının “Qardaşlaşmış şəhərlər” müqaviləsi bağladığı sayca yeddinci şəhərdir.
Çıxışlardan sonra Sadıkcon Xaydarov və Rövşən Ağayev müqaviləni imzalayıblar.
Sənəd elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Nümayəndə heyəti şəhərdəki
keramika mərkəzində olub, sənətkarların əl işlərinə
baxıb.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.1;4.