Minskdə “Mənim Azərbaycanım”
adlı sərgi açılıb
Ölkəmizin Belarusdakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş “Mənim Azərbaycanım” adlı sərgi təşkil edib. Belarus Milli İncəsənət Muzeyində təşkil olunan sərgidə Azərbaycanın milli geyimləri və musiqi alətləri, xalça nümunələri və milli mətbəximizə aid qablar nümayiş etdirilib.
Tədbirdə Minskdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Belarus rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərginin açılışında Belarus Milli İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov, bu ölkənin mədəniyyət nazirinin birinci müavini Natalya Korçevskaya, xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Belarus Rəssamlar İttifaqının sədri Rıqor Sitnitsa, Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets və azərbaycanlı rəssam Nailə Qəndilova çıxış ediblər.
Səfir Lətif Qəndilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Həmçinin diqqətə çatdırılıb ki, bu il Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin 25 illiyi qeyd olunur. Səfir siyasi-iqtisadi münasibətləri yüksək səviyyədə olan Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrin də genişləndirilməsinin vacibliyini vurğulayıb.
Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən çoxsaylı tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb, bu sərginin də xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyinə əminliyini bildirib.
Tədbirdə iki ölkə arasında münasibətlərin inkişafında göstərdikləri xidmətə görə “Belta” İnformasiya Agentliyinin rəhbəri İrina Akuloviçə və Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin rəisi İvan Polevoda diplomatik münasibətlərin 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və kitab təqdim edilib.
Sonra
iştirakçılar sərgi ilə tanış olublar. Simfonik kvartetin ifasında Azərbaycan bəstəkarlarının
əsərləri səsləndirilib.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.8.