Kitabxanalar – ənənələr və innovasiyalar

 

 

Virtual məkanda fəaliyyəti genişləndirmək, sosial şəbəkələrdə gənclərlə sıx ünsiyyət kitabxanaların mühüm vəzifələrindən olmalıdır

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dekabrın 5-də “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransa ev sahibliyi etdi. Tədbir kitabxananın 90 illiyinə həsr olunmuşdu.

Konfransı giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdi ki, bu gün ölkəmizdə 90 illik tarixi olan az sayda kitabxana var. Onlardan biri kimi Gənclər kitabxanası mədəni-maarif sahəsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun milli vətənpərvərlik tərbiyəsi, yüksək təhsil tələbləri, dünyaya açılması, yeniliyə, yeni texnologiyalara yiyələnməsi, milli dəyərlərlə bəşəri dəyərləri uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin əsas ideoloji platformasını təşkil edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxananın əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edərək ölkə başçısının Respublika Gənclər Kitabxanası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 4 dekabr 2018-ci il tarixli sərəncamını oxudu.

Vaqif Əliyev qeyd etdi ki, 90 il qısa zaman deyilbu müddət ərzində bir kitabxana öz oxucu kontingentini qoruyub saxlaya, fondunu bir neçə nəslin mütaliə tələbatına uyğun komplektləşdirə bilibsə, demək, onun fəaliyyətini uğurlu hesab etmək olar. Gəncləri cəmiyyətin intellektual üzvü kimi yetişdirmək və onların mədəni inkişafını təmin etmək hər bir toplum üçün ən aktual məsələlər sırasındadır.

Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə dövlət qayğısından söz açdı. Bildirdi ki, Respublika Gənclər Kitabxanası gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların mütaliəyə marağının yüksəldilməsində və asudə vaxtlarının səmərəli təşkilində fəal iştirak edir. Müstəqillik illərində kitabxana-informasiya fəaliyyətində baş verən yeniliklər, yeni texnologiyaların tətbiqi bu kitabxananın da qarşısında yeni vəzifələr qoyub. Kitabxana gənclərlə işin yeni forma və metodlarının öyrənilməsi istiqamətində fəaliyyətini daha da yüksəltməlidir. Mədəniyyət ocağı müasir dövrdə baş verən qlobal proseslərdə öz yerini tapmalı, gənclərə müasir kitabxana-informasiya xidmətinin təşkili məqsədilə milli-mədəni və elmi irsin qorunması, mühafizəsi, xidmətə verilməsi sahəsində fəaliyyətini beynəlxalq təcrübə və müasir tələblərə cavab verə biləcək səviyyədə təşkil etməlidir. Virtual məkanda fəaliyyətini genişləndirmək, sosial şəbəkələrdə gənclərin daima yanında olmaq məqsədilə Gənclər kitabxanası müntəzəm olaraq yenilikləri öyrənməli, tətbiq etməli, treninq və təlimlər keçirməli, təcrübə mübadilələrinin nəticələrini təhlil etməli və yeni çağırışların önündə hazır olmalıdır.

Sonda Vaqif Əliyev kitabxana əməkdaşlarını bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

KonfransMüasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, “Müasir innovasiyalar və Azərbaycan kitabxanalarına tətbiqi problemi”, “Kitabxanaçılıq təhsili və müasir gənclik”, “Müasir informasiya resursları və Azərbaycan dilli kontent” və s. aktual mövzularda məruzələrin dinlənilməsi ilə davam etdi. Məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.3.