Tarın səsi və dolmanın dadı...

 

 

UNESCO siyahısındakı iki mədəni irs nümunəmiz Buenos-Ayresdə böyük maraq doğurub

 

Ölkəmizlə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dekabrın 5-də paytaxt Buenos-Ayresdə, Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin nəzdindəki Manuel Belqrano konsert salonunda rəsmi mərasim keçirilib.

Ölkəmizin Argentinadakı səfirliyindən bildiriblər ki, mərasimdə çıxış edən Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Zlauvinen diplomatik əlaqələrin 25 illiyi münasibətilə təbriklərini çatdırıb, iki dövlət arasında siyasi münasibətlərin və dialoqun inkişaf etdiyini deyib.

Azərbaycan ilə Argentina arasındakı mədəni əlaqələrdən danışan Q.Zlauvinen konsert proqramında səslənəcək tarın Azərbaycanın mədəni mənsubiyyətinin bir hissəsi, tədbirin sonunda təqdimatı keçiriləcək dolmanın isə Azərbaycan mətbəxinin məşhur təamı olduğunu bildirib.

Daha sonra çıxış edən səfir Rəşad Aslanov iki ölkə arasında diplomatik münasibətlər haqqında sənədin 1993-cü il noyabrın 8-də imzalandığını bildirib. Diplomat 2010-cu ildə Azərbaycanın Cənubi Amerika regionunda ilk səfirliyinin Argentinada təsis edilməsindən və 2013-cü ildə bu ölkənin Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından sonra nazirlərin, parlament nümayəndələrinin və adamlarının yüksək səviyyəli səfərlərinin həyata keçirildiyini və ikitərəfli razılaşmaların imzalandığını deyib.

R.Aslanov tədbir iştirakçılarını UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan tarında hər iki ölkənin musiqilərini dinləməyə, milli mətbəximizin nümunəsi olan dolmanın dadına baxmağa dəvət edib.

Argentinanın məşhur pianoçusu Roberto Siri və Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadənin birgə ifasında təqdim edilən musiqi nömrələri böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.8.