Ceyhun Hacıbəylinin ailə üzvləri ölkəmizə gəlib

 

 

Qonaqlar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət ediblər

 

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi tanınmasında xidmətləri olan yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, Ceyhun Hacıbəylinin (1891-1962) Fransanın paytaxtı Parisdə yaşayan varisləri – oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli-Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəliblər.

Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində reallaşıb.

Səfər gedişində paytaxtımızın gəzməli-görməli yerlərinə baş çəkən qonaqlar dekabrın 5-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində oldular.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov mədəniyyət ocağı barədə qonaqlara məlumat verdi, onları eksponatlarla tanış etdi.

Benjamin Hacıbəyli bildirdi ki, 1993-cü ildən Azərbaycanla əlaqələri yaranıb. Axırıncı dəfə 2006-cı ildə Bakıda olublar. Bu səfərindən də məmnunluğunu dilə gətirən qonaq Üzeyir bəyin royalında ifa etdi. O, sonda muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, C.Hacıbəylinin gəlini Paskal Hacıbəyli-Buşe Sorbon Universitetinin məzunudur. Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

 

Savalan FƏRƏCO

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.4.